Məhkəmə qərarları › İş №2(011)-744/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-744/2021

02.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-744/2021 02.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, korpus 3, 107 saylı mənzildə (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M20, mənzil 1) təmir-tikinti işlərinin görülməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Nuriyev Vüqar Söhbəddin oğlu və Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında bağlanmış 3 tərəfli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, korpus 3, 107 saylı mənzil onun mülkiyyətinə keçmişdir. Lakin binanın tikilib təhvil verilməsindən xeyli müddət keçəməsinə baxmayaraq, mənzildə təmir işləri aparılmasına hələ də icazə verilmir. Mənzil mülkiyyətindədir və əlavə olaraq mənzilə texniki pasport da verilmişdir. Lakin cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə təmir işlərinin aparılmasına bilərəkdən maneələr yaradır. Əsəs səbəb kimi o göstərilir ki, guya mənzilin keçmiş sahibi Nuriyev Vüqarın kommunal xərclərə görə 1800 manat borcu vardır. Lakin, Vüqar cavabdehə heç bir borcunun olmadığını, borcunu tam ödədiyini bildirmişdir. Atası əlavə problemlərin yaranmaması üçün, həmin məbləği cavabdehə ödəməyə razılaşsa da, binanın komendantı 1800 manatdan əlavə ödənişlər etməsini bildirmişdir. Əlavə ödənişlərin haradan yarandığını və nəyə gör ödəyəcəkləri barədə suallarına isə heç bir cavab ala bilməmişlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mənzilin keçmiş mülkiyyətçisinin kommunal xərclərə görə 1800 manat borcu qalmışdır. Əlavə olara sayğacların quraşdırılması üçün də ödəniş edilməmişdir. Həqiqətən də, iddiaçının atası ilə 1800 manatı ödənilməsi barədə razılıq əldə edilmişdir, lakin komendantın guya həmin məbləğdən əlavə olaraq pul tələb etməsi həqiqətə uyğun deyil. Sonradan razılaşdırılmış 1800 manatı da, iddiaçı ödəməkdən imtina etmişdir Hesab edirəki, iddia əsassızdır. İddiaçı borcunu ödəməlidir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, korpus 3, 107 saylı mənzildə (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M20, mənzil 1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 226.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzəktamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, korpus 3, 107 saylı mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması, Cavabdeh MMC-nin heç bir qanuni əsas olmadan iddiaçı tərəfindən həmin mənzildə təmir-tikinti işləri baparmasına maneələr yaratması tam olaraq təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan əmlak üzərində pozulmuş hüququnun bərpa edilməsi üçün iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, korpus 3, 107 saylı mənzildə (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M20, mənzil 1) təmir-tikinti işlərinin görülməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar