Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7441/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payın müəyyən edilməsi, əmlakın satılması və pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə edilmiş “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil razılığı olmadan özgəninkiləşdirildiyi üçün alğı-satqının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh oğu arasında 22 iyun 2012-ci ildə nikah qeydə alınmışdır. İddiaçının mediasiyaya müraciət edəndən on beş gün əvvələ kimi, cavabdehlə iddiaçı birgə təsərrüfat aparmaqla bir ünvanda yaşamışlar. Tərəflərin birgə nikahından 19 mart 2014-cü il təvəllüdlü X3 və 15 noyabr 2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə qətnaməsi ilə uşaqlar iddiaçının yanında saxlanılmışlar. Eyni zamanda iddiaçı ilə Cavabdeh nikah dövründə əldə etdikləri “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil alınmışdır. Tərəflərin məhkəmdə boşanma prosesi zamanı Cavabdeh “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobili öz yaxınlarının adına keçirmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə edilmiş “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil razılığı olmadan özgəninkiləşdirildiyi üçün avtomaşına dair alğı-satqının ləğv edilməsi, 1/2 hissəyə bölünməsi, hərraca çıxarılaraq satılması, satışından əldə edilmiş vəsaitin paylara münasib şəkildə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə edilmiş “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil razılığı olmadan özgəninkiləşdirildiyi üçün avtomaşına dair alğı-satqının etibarsız hesab edilməsi, avtomobil üzərində 1/2 hissədə payının müəyyən edilməsi, hərraca çıxarılaraq satılması, satışından əldə edilmiş vəsaitin paylara münasib şəkildə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, onun babasından Qaz 24 minik markalı **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobil qalmış, o, həmin avtomobili satıb “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 22 iyun 2012-ci il tarixdə nikah bağlanmış, tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2295/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması qət edilmişdir. İddiaçı “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edildiyini və onun razılığı olmadan satıldığını bildirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş cavabdan görünür ki, “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil 28 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdehin adına qeydiyyata alınmışdır. Həmin avtomobil 08 iyul 2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X1. 10 iyul 2024-cü il tarixli etibarnamə əsasında cavabdehə “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil nəqliyyat vasitəsindən istifadə etmək hüququ verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında nikah müqaviləsi bağlanmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və iddiaçı tərəfin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bu kateqoriya işlərdə 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad olunmalı və işin halları həmin qərarda təsbit edilmiş qaydalara uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Yuxarıda qeyd olunan qərara əsasən məhkəmə qeyd edir ki, tərəflərin izahatlarından və iş materiallarından görünür ki, tərəflər arasında 2012-ci ildə nikah bağlanmış, tərəflərin nikahına 2024-cü ildə xitam verilmişdir. “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları müddətdə - 2021-ci ildə alınaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh tərəf avtomobilin birgə vəsait hesabına əldə edilməməsinə dair izahat versə də bu halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə birgə nikah dövründə əmldə olunmuş əmlak prezumpsiyasına istinad edərək belə qənaətə gəlir ki, “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə əldə etdikləri mülkiyyətdir. Məhkəmə iddia tələbinin “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı izahat verən cavabdeh avtomobili satdığını, lakin etibarnamə əsasında avtomobili hələ də idarə etdiyini bildirmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, cavabdeh avtomobili formal olaraq X2. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının da avtomobilin satılması ilə bağlı məlumatı olmamış, buna dair hər hansı razılıq verməmişdir. Odur ki, müqavilə etibarsız hesab edilməli və yuxarıdakılar nəzərə alınmaqla tərəflərin hər birinin həmin əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Yuxarıda qeyd edilən Plenum qərarından görünür ki, ardıcıllığa uyğun olaraq ümumi birgə mülkiyyətdə olan əmlakla bağlı əvvəlcə tərəflərin payı müəyyən edilməli, paylara uyğun olaraq əmlak bölünməli, bu mümkün olmadıqda əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli idi. Odur ki, tərəflərin birgə nikahı dövründə əldə edilmiş “Chevrolet Cruze” markalı, **- TY-*** dövlət qeydiyat nişanlı avtomobil üzərində tərəflərin hər birinin 1/2 hissədə payı müəyyən edilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobilin alğı-satqısına dair Cavabdeh ilə X7 arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobilin alğı-satqısına dair Cavabdeh ilə X7 arasında bağlanmış müqavilə etibarsız hesab edilsin. “Chevrolet Cruze” markalı, **-TY-*** dövlət qeydiyat nişanlı avtomobil üzərində İddiaçı 1/2 (ikidə bir) hissədə, Cavabdeh 1/2 (ikidə bir) hissədə payı müəyyən edilsin. İddiaçı ödədiyi 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7441/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7441/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver