Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7487/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və uşaqların doğulduğu gündən 3 il ərzində alimentin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş 26 noyabr 2019-cu il təvəllüdlü X3 və 28 mart 2021-ci il təvəllüdlü X1 hər birinə ayda 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin, habelə həmin uşaqların doğulduğu gündən 3 il ərzində hər ay hər birinə görə 150 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 2019-cu ilin fevral ayında nikah qeydiyyatından keçmədən evlənmişlər. Birgə münasibətdən 26 noyabr 2019cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. İddiaçı uşaqların saxlanması üçün alimentin alınması tələbi barədə Mediasiya Şurasına müraciət etmiş, X6 mediatorluğu ilə 15 dekabr 2021-ci ildə hər iki uşağa atalığın verilməsi və hər bir uşağa 175 manatdan olmaqla 350 manat məbləğində alimentin verilməsi barədə barışıq sazişi imzalanmışdır. Lakin keçən müddət ərzində cavabdeh barışıq sazişini atalığın verilməsi hissəsində könüllü icra etsə də, alimentin verilməsi hissəsində icra etmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(011)-3504/2022 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 15 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 26 noyabr 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X1 hər birinə ayda 175 manat olmaqla cəmi 350 manat alimentin ödənilməsi hissəsi təsdiq edilmiş və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Lakin qətnamə çıxarıldıqdan sonra da cavabdeh alimenti ödəməmişdir. Uşaqların bütün qayğısını iddiaçı çəkir. Onların maddi tələbatlarını ödəmək iddiaçıya çətindir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. O, iddia tələbini qismən qəbul etmiş, hər ay hər uşağa görə 200 manat aliment ödəməyə etiraz etmədiyini, lakin uşaqların doğulduğu gündən 3 yaşına çatanadək tələb olunan alimenti ödəməyə razı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin ailə münasibətlərindən 26 noyabr 2019-cu il təvəllüdlü X11 və 28 mart 2021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(011)- 3504/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və mediator X12 tərəfindən təsdiq edilmiş 15 dekabr 2021-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: Cavabdeh birgə övladları olan 26 noyabr 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ərizəçi İddiaçı saziş imzalandıqdan sonra hər ayın sonu hər uşağa 175 manat+175 manat=350 manat məbləğində vəsait ödəyəcəkdir. Cavabdeh birgə övladları olan 26 noyabr 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X4 atalıq verilməsinə razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, cavabdehin hər uşağa 200 manat məbləğində aliment ödəməyə razı olmasını və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin uşaqların doğulduğu gündən 3 il ərzində hər ay hər birinə görə 150 manat alimentin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3.-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Yuxarıda istinad edilən normanın məzmunundan görünür ki, iddiaçı o halda bu tələbi irəli sürə bilər ki, o, daha öncədən cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb etmiş olsun və cavabdeh də bu köməyin göstərilməsindən imtina etmiş olsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh aralarında mediasiya orqanında barışıq sazişi bağlanan tarixə qədər birlikdə yaşamışlar, birgə təsərrüfat idarə etmişlər və cavabdeh həmin dövrdə öz uşaqlarına baxmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda da bu halı təsdiq etmişdir. Daha sonra tərəflərin arasında mediasiyada barışıq sazışı imzalanmış, alimentin ödənilməsi məsələsi ilə bağlı tərəflər razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə cavabdeh əməl etmədiyi üçün iddiaçı məhkəmə qaydasında barışıq sazişini təsdiq etdirmiş və alimentin tutulması məhkəmə qətnaməsi ilə tənzimlənmişdir. Odur ki, sadalananlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(011)-3504/2022 saylı qətnaməsi əsasında 26 noyabr 2019-cu il təvəllüdlü X5 və 28 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 noyabr 2019-cu il təvəllüdlü X5 və 28 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(011)-3504/2022 saylı qətnaməsi əsasında 26 noyabr 2019-cu il təvəllüdlü X5 və 28 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 noyabr 2019-cu il təvəllüdlü X5 və 28 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7487/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7487/2022
26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver