Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7530/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 21.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşmasının və 02.04.2020-ci il tarixli 021R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 7000 manat əsas borc, 1841.13 manat faiz borcu və 2954 manat cərimə olmaqla, cəmi 11795,44 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22.08.2019-cu il tarixli 021L**********10 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.04.2020-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Nəticədə onun 021R********** saylı kredit razılaşması üzrə banka 7000 manat əsas borc, 1841.13 manat faiz borcu və 2954 manat cərimə olmaqla, cəmi 11795,44 manat borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı QSC-yə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 izahat verərərk göstərdilər ki, pandemiya nəticəsində iqtisadi vəziyyətləri ilə əlaqədar işləri zəif olmuş, borclarını vaxtında ödəyə bilməmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2019-cu il tarixli 021L**********10 saylı uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, borc alana 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşmasının surətindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 02.04.2020-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 22.08.2019-cu il tarixli və Cavabdeh5 arasında bağlanmış 21.02.2020-ci il tarixli zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materialarına əlavə edilmiş İddiaçı QSC-nin 15.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 21.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 19.08.2021-ci il tarixə 7000 manat əsas borc, 1841.13 manat faiz borcu və 2954 manat cərimə olmaqla, cəmi 11795,44 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 İddiaçı QSC ilə aralarında bağlanmış 21.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 7000 manat əsas borc və 1841.13 manat faiz borcunun qalması, digər cavabdehlərin zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşıması, kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsrinə dair məsuliyyət götürməsi təsdiq olunduğundan iddia tələbi müqavilənin ləğvi və həmin borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 2954 manat dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 2954 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 154 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun 22,80 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması və 02.04.2020-ci il tarixli 021R**********S saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 21.02.2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 7000 manat əsas borc, 1841,13 manat faiz borcu, 154 manat cərimə olmaqla, cəmi 8995,13 (səkkiz min doqquz yüz doxsan beş manat 13 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 22,80 (iyirmi iki manat 80 qəpik) manat hissəsi İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7530/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7530/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver