Məhkəmə qərarları › İş №2(011)-7531/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7531/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7531/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli 129424-1-17738/3 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 16.09.2021-ci il tarixə Banka borclu olduğu 1667,72 AZN əsas borc, 5,42 AZN faiz borcu olmaqla, ümumilikdə 1673,14 AZN pul məbləğinin və ödənilmiş 30,40 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 19.08.2019-cu il tarixli 129424-1- 17738/3 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2040,04 AZN məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 1667,72 AZN məbləğində əsas borc, 5,42 AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 1673,14 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdi, lakin hal-hazırda ödəmək imkanı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 129424-1- 17738/3 nömrəli “Nağd Pul Krediti Müqaviləsi” 19.08.2019-cu il tarixində imzalanmışdır. Həmin müqaviləyə əsasən 21.07.2015-ci il tarixli 129424-1-17738 saylı kreditin restrukturizasiyası üçün Cavabdeh bank tərəfindən 60 ay müddətinə illik 1 faiz tətbiq edilməklə 2040,04 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 16.09.2021-ci il tarixə 1667,72 manat əsas borc, 5,42 manat faiz borcu, ümumilikdə isə 1673,14 manat borcu vardır. Müqavilə üzrə öhdəliyini 19.05.2021-ci il tarixdən icra etmir. İş materiallarında olan bildirişin surətindən müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə lazımı qaydada icra etməyərək, ödəniş cədvəli ilə müəyyən edilən ödənişləri ardıcıl olaraq 2 (iki) dəfədən artıq pozmuşdur. Belə olan halda, bankın kredit müqaviləsi üzrə öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli 129424-1- 17738/3 nömrəli "Nağd pul krediti müqaviləsi" üzrə əsas borca görə 1667,72 (min altı yüz altmış yeddi manat, yetmiş iki qəpik) manat, faiz borcuna görə 5,42 (beş manat, qırx iki qəpik) manat olmaqla, cəmi 1673,14 (min altı yüz yetmiş üç manat on dörd qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar