Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7551/2023 05.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Prosessual normadan müəyyən olunur ki, iddiaçının subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququ vardır. Hazırkı iddia tələbləri “Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)- 248/2010 №li və xx.xx.2020-ci il tarixli 2(011)-6346/2020 №li qətnamələrinə əsasən Cavabdeh tutulan alimentin məbləğinin artırılması, xx.xx.2008-ci ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən andan aylıq 220 manatla hesablanmasına və şəxsən İddiaçı üçün 246 manat alimentin tutulmasına və xx.xx.2009-cu ildən xx.xx.2023-cü ilədək İddiaçı ödənilməli indeksasiya tətbiq edilməklə aliment borcu 34728,82 manat, həmin borca hesablanmış 50% cərimə-17364,41 manat, cəmi 52093,23 manat alimentin birdəfəlik tutulmasına dair qətnamə qəbul edilməsi,borcun ödənilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1-ci maddəsində qeyd edilən müvəqqəti təminat tədbirlərini görmək məsələsinə baxasınız”dan ibarətdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı bir-biri ilə bağlılığı olmayan müstəqil iddia tələblərini bir iddia ərizəsində birləşdirmişdir. Göründüyü kimi iddiaçı Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-248/2010 və 2(011)-6346/2020 saylı qətnamələri ilə tutulan alimentin məbləğinin artırılması, iddiaçının özünün saxlanması üçün alimentin tutulması və aliment borcunun indeksasiyası və aliment borcuna hesablanan cərimənin cavabdehdən tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçıya qanunvericilikdə alimentin məbləğinin artırılması barədə iddia ərizəsi, müvəqqəti təminat tədbirinin görülməsi barədə və icra icraatı qaydasında indeksasiya ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ verilmişdir. Lakin iddiaçı ayrı-ayrı iddia ərizələri ilə məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, bütün tələblərini bir iddia ərizəsində birləşdirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd olunur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Göründüyü kimi, qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulan pul məbləğinin indeksasiyası məhz qətnamənin icra edilməsi məsələsində icra icraatı qaydasında baxılan məsələdir, müstəqil olaraq iddia tələbi deyildir. Buna görə də iddiaçıya indeksasiya ilə bağlı icra icraatı çərçivəsində ərizə müraciət etməsi izah edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Yuxarıda göstərilən qanunvericilik aktı normasından da görünür ki, müvəqqəti təminat tədbiri iddia ərizəsi ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilməsi və həmin ərizələrə ayrıca icraatda baxılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə müvəqqəti təminat tədbiri müstəqil olaraq iddia tələbi olmadığından onun iddia icraatı da mümkün deyildir. Buna görə də iddiaçıya ayrıca icraatda müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi izah edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-7551/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2023-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 16:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 16:45-də qurtardı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7551/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7551/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver