Məhkəmə qərarları › İş №2(011)-7554/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7554/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7554/2021 03.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 14235,23 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 03.11.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı ASC iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh ilə bağlanmış 05.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 13879,23 manat məbləğində əsas borcun, 172,66 manat faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.A.Həsənova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir, cavabdeh müqavilənin müddəti ərzində öz öhdəliklərini pozaraq kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir, borcluya dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsinin şərtləri onun tərəfindən icra edilməmiş, bunun nəticəsində cavabdehin banka 13879,23 manat məbləğində əsas borcun, 172,66 manat faiz borcu yaranmışdır, kredit müqaviləsinə əsasən, kredit alan öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Sonda iddiaçının nümayəndəsi V.Həsənova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 02.11.2021-ci il tarixində Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmiş, borcunu etiraf etmiş, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək nəticə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.12.2019-CU il tarixli CC/71972/72/18 saylı kredit sazişindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 18 % olmaqla, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan məxaric orderindən görünür ki, Cavabdeh 05.12.2019-cu il tarixdə İddiaçı ASC Əhmədli filialından 20000 manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan Cavabdeh ünvanlanan 02.08.2021-ci il tarixli bildirişdən görünür ki, ondan 3 iş günü müddətində borcun ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla, 20000 manat məbləğində kredit verilməsini nəzərdə tutan kredit müqaviləsi bağlanmışdır, cavabdeh pulu iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda cavabdehin banka ödənilməmiş 13879,23 manat məbləğində əsas borcu, 172,66 manat faiz borcu yaranmışdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, Cavabdeh 13879,23 manat məbləğində əsas borc, 172,66 manat faiz borcu olmaqla, cəmi 14051,89 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05.12.2019-cu il tarixli müqavilə ləğv edilsin. Cavabdeh əsas borc kimi 13879,23 manat məbləğində əsas borc, 172,66 manat faiz borcu olmaqla, cəmi 14051 (on dörd min əlli bir) manat, 89 (səksən doqquz) qəpik və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar