Məhkəmə qərarları › İş №2(011)-772/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-772/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-772/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı Ziyaddin oğlunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ziyaddin oğlunun cavabdehlər 6 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı «kredit müqavilələrinə xitam verilməsi və icra qeydlərinin ləğv edilməsi» tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Ziyaddin oğlu cavabdehlər 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı «kredit müqavilələrinə xitam verilməsi və icra qeydlərinin ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərin icra olunması ilə əlaqədar İddiaçı Ziyaddin oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinə xitam verilməsi və bu kredit müqavilələri əsasında 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 5 aprel 2023-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır və bu kredit müqaviləsinə görə onun tərəfindən iddiaçıya 10.000 (on min) manat məbləğində pul verilmişdir. Həmçinin aralarında 8 aprel 2023-cü il tarixində ikinci kredit müqaviləsi bağlanmışdır və bu müqaviləyə görə ona 20.000 (iyirmi min) manat məbləğində pul verilmişdir. Hər iki müqavilədə həmin borc pulun faizsiz verildiyi göstərilsə də, əslində Cavabdeh2 tərəfindən həmin pul ona yüksək faizlə verilmişdir. Cavabdehdən götürülmüş ümumilikdə 30.000 (otuz min) manat pulun əvəzinə iddiaçı tərəfindən ona 60.000 (altmış min) manat məbləğində pul ödənilmişdir. Həmin bu pulun qaytarılması həm onun tərəfindən şəxsən Cavabdeh2 özünə nağd şəkildə ödənilməklə, həm də bank köçürmələri vasitəsilə verilmişdir. Eyni zamanda Cavabdeh2 onun barəsində Bakı şəhəri, Nizami rayon polis idarəsinə şikayət ərizəsi verdiyi üçün polis idarəsinə aparılan araşdırma zamanı da iddiaçı tərəfindən cavabdehə 12.000 (on iki min) manat pul ödənilmişdir. Yəni, ümumilikdə 30.000 manat pul əvəzinə iddiaçı tərəfindən 60.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 artıq iddiaçının ona borcu olmadığını bildiyi halda həmin bu borc müqavilənin bağlandığı 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət edərək həmin pulların ondan tutulması barədə 11 oktyabr 2024-cü il tarixli icra qeydi əldə etmiş və bu icra qeydləri 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. Əgər öhdəlik tam şəkildə icra olunmuşdursa onda öhdəliyin icra olunması əsası ilə həmin öhdəliyə xitam verilməlidir. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən həmin bu borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə icra olunmuş və onun Cavabdeh2 qarşısında heç bir öhdəliyi qalmamışdır. Lakin o, haqq-ədaləti unudaraq və vicdanlıq prinsipinə əməl etməyərək notariat ofisinə iddiaçının ona olan borcun ödənilməsi ilə əlaqədar ərizə verməmiş və bu da əsassız olaraq digər cavabdeh tərəfindən iddiaçı barədə icra qeydinin verilməsinə səbəb olmuşdur. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı Ziyaddin oğlunun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, 5 aprel 2023-cü il tarixli və 8 aprel 2023-cü il tarixli kredit müqavilələri üzrə İddiaçı Ziyaddin oğlunun öhdəlikləri tam icra edilmişdir. Buna görə də müqavilələrə xitam verilməli, müvafiq icra qeydləri isə ləğv edilməlidir. Daha əvvəl məhkəmə iclasında izahat verərkən İddiaçı Ziyaddin oğlu bildirmişdir ki, Cavabdeh2 aldığı pulu artıqlaması ilə sonuncuya qaytarıb. Cavabdeh2 pula faiz hesabladığına görə ondan pul tələb edir. Belə ki, o Cavabdeh2 12.000 manat pulu polis orqanında aparılan araşdırma zamanı qaytarmışdır, 3.100 manatı “Kapital Bank” vasitəsilə köçürmə yolu ilə, 2.000 manatı “ABB” bankı vasitəsilə bank köçürməsi yolu ilə qaytarmışdır. Bundan əlavə də üzərində yazılar aydın görünməyən 1 ədəd pul qəbzi ilə “Kapital Bank” vasitəsilə, 1 ədəd pul qəbzi ilə “ABB” bankı vasitəsilə və bundan əlavə də 1 ədəd qəbz vasitəsilə Cavabdeh2 pullar ödəmişdir. Bundan əlavə əldən-ələ Cavabdeh2 30.000 manatadək nağd pulu hissə-hissə müxtəlif vaxtlarda qaytarmışdır. Cavabdehlər 6 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər (nümayəndələri) məhkəmədə iştiraklarını təmin etməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının qeyd etdiyi kimi həqiqətən də onunla iddiaçı arasında xx.xx.2023-cü il tarixlərində 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə bağladıqları kredit müqaviləsinin 2-ci bəndində qeyd edilir ki, “Borc alan” krediti 10.000 (on min) manat xx.xx.2023-cü il tarixədək “Borc verənə” notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. 08 aprel 2013-cü il tarixdə həmin notariat kontorunda 20.000 (iyirmi min) manat borcla əlaqədar olan kredit müqaviləsinin 2-ci bəndində isə yenə “borc alan”ın krediti xx.xx.2023-cü il tarixinədək “borc verənə” notariusun depozit hesabı ilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan və hazırki iddia tələbi üzrə iddiaçı olan İddiaçı Ziyəddin oğlu hər iki kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, aralarında bağlanan kredit müqaviləsində pulun faizsiz verilməsi qeyd olunsa da güya o pulu fazilə vermişdir. Bu uydurma yalandır və əgər aralarında olan müqavilədə faizin almadığı notarial qaydada təsdiq edilirsə, nə borclu ona faiz verərdi, nə dəborcverən ondan faiz tələb edə bilərdi. Bu addım onun iddiaçıya verdiyi pulu vermir, hansı faizdən söz gedə bilər. O, iddiaçıya borc pulu verdikdən bir müddət sonra bilmişdir ki, İddiaçı Ziyaddin oğlu ona qarşı etdiyi eyni məzmunlu əməllərə görə iki dəfə məhkum edilibdir. İddiaçı iddia tələbində qeyd edir ki, ona 60.000 (altmış min) manat məbləğində pul ödəyib. Dələduzluq cinayət əməllərində 2 dəfə həbs edilən bu şəxs cavabdehin ona borc verdiyi pulları notariat qaydasında verdiyini bildiyi halda heç bir vaxt ona qaytardığı pulu əl-bə-əl verə bilməzdi və verməyib də. İddiaçı ərizəsində qeyd edir ki, ona qaytardığı pulları bank köçürmələri vasitəsilə etmişdir. Notarial qaydada bağlanan “Borc müqaviləsi” əsasında İddiaçı ona borclu olduğu 30.000 (otuz min) manatdan əlavə o, özünün əlyazma qaydasında ona vermiş olduğu “müqavilə” əsasında ona 7.000 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Polisə müraciəti nəticəsində iddiaçı ona 7.000 ABŞ (yeddi min) dollarını Azərbaycan puluna keçirməklə 11.000 (on bir min) manat qaytarmışdır, yəni 1.000 (bir min) manat hələ əksik olaraq qaytarmışdır. Rəsmi qaydada verilən 10.000 (on min), 20.000 (iyirmi min) və 7.000 (yeddi min) ABŞ dollarından əlavə İddiaçı 75.000 (yetmiş beş min) manatdan artıq pul vermişdir və birlikdə alver etmişlər. Bu pulları ona borc verməyi barədə ondan heç bir sənəd almamışdır. Lakin zaman keçdikcə onun hərəkətlərindən, haqq-hesab zamanı dürüst olmamasından şübhələndiyi və bu cür halları ona sübut etdiyi üçün sonradan ona verdiyi pulları qanunla müəyyən olunmuş rəsmi qaydada, yəni ya qəbz almaqla, ya da notarial qaydada verməyə başlamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 8İ-40911 və 8İ-40910 reyestr saylı notariat işlərinin təsdiq olunmuş surətlərindən görünür ki, 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-40911 reyestr saylı icra qeydinə əsasən vaxtında ödənilməmiş 10.000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.025 manat pul məbləği İddiaçı Ziyaddin oğlundan Cavabdeh2 xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 manat borcun ödənilməsi ilə bağlı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” Cavabdeh2 tərəfindən İddiaçı Ziyaddin oğluna ünvanlanmışdır. Həmin materiallara əlavə edilmiş 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-40910 reyetr saylı icra qeydinə əsasən vaxtında ödənilməmiş 20.000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20.025 manat pul məbləği İddiaçı Ziyaddin oğlundan Cavabdeh2 xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 manat borcun ödənilməsi ilə bağlı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” Cavabdeh2 tərəfindən İddiaçı Ziyaddin oğluna ünvanlanmışdır. (SS875281933AZ kodlu poçt qəbzinin surəti əlavə olunur). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 20.000 manat borcun ödənilməsi ilə bağlı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” Cavabdeh2 tərəfindən İddiaçı Ziyaddin oğluna ünvanlanmışdır. (SS875281933AZ kodlu poçt qəbzinin surəti əlavə olunur). İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin çatdırılma vərəqəsindən görünür ki, SS875281933AZ kodlu poçt göndərişi İddiaçı Ziyaddin oğluna çatdırılmış və yoldaşı Gülbəniz Abdullayeva tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh2 (“Borc verən”) ilə İddiaçı Ziyaddin oğlu (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” tərəfindən “Borc alana” xx.xx.2023-cü il tarixinədək 10.000 (on min) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. İş materiallarında olan Cavabdeh2 (“Borc verən”) ilə İddiaçı Ziyaddin oğlu (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” tərəfindən “Borc alana” xx.xx.2023-cü il tarixinədək 20.000 (iyirmi min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami RPİ İŞ-nin müstəntiqi Cəmşid Sadıqovun icraatında olan material üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixli izahatında qeyd edilmişdir ki, sonuncu X1 ilə ortaq tanışların vasitəsilə tanış olmuşdur. O, həmin pulu ona dost kimi borc vermişdir. Həmin pulun üstündə Babək ona bir manat da olsun əlavə pul verməyib. 2023-cü ilin aprel ayının əvvəllərində Babək ilə Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığındakı çayxanada oturub çay içən zamanı o Babəkə oğlunun yaşı keçmədiyini, lakin hələ işə düzəldə bilmədiyini bildirdi. Babək ona heç bir problem olmadığını, onun Baş Dövlət Yol Polisi İdarəsindı işləyən qardaşının oğlunun həmin qurumda işə götürülməsinə kömək edə biləcəyini bildirdi. Qardaşı ilə danışdıqdan sonra hansı sənədlərin və nə qədər pulun lazım olduğunu ona deyəcəyini söylədi. O, Babəklə razılaşmamışdır. Təxminən 2 gün sonra Babəklə görüşən zaman o qardaşı ilə görüşüb danışdığını, Baş Dövlət Yol Polisi İdarəsində işə düzəlmək üçün övladı 26 aprel 1994-cü il təvəllüdlü X3 yol nəqliyyat ixtisası üzrə kolleci bitirdiyi barədə diplom alınması qarşılığında 10.000 manat pul lazım olduğunu dedi. O etiraz etməmişdir və 2023-cü ilin aprel ayının 5-də Babək ilə Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşüb 10.000 manat pulu ona vermək istəmişdir. Babək ürəyinin rahat olması üçün həmin pulu notarial qaydada verməyini təklif etmişdi. O, Babəklə razılaşdı. Həmin vaxt yanlarında olan Qəhrəman adlı ümumi tanışları aralarında olan söhbətlərin şahidi olmuşdur. Onlar birlikdə Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi adlanan ərazinin yaxınlığındakı 6 saylı “ASAN” xidmət mərkəzinə getmişdirlər. Orada onunla Babək arasında notarial qaydada 10.000 manat pulun onun tərəfindən Babəkə borc olaraq verilməsi barədə müqavilə bağlamışlar və o notariusda 10.000 manat pulu şəxsən Babəkə verib. Həmin zaman Qəhrəman da yanlarında olmuşdur. Bundan təxminən iki gün keçdikdən sonra Babək oğlunun işə qəbul olunması məqsədilə hansısa rəisə təcili 20.000 manat pul vermək lazım olduğunu bildirdi. O, etiraz etməyərək, 08 aprel 2023-cü il tarixdə yenə də Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Asan Xidmətdə Babəkə notarial qaydada aralarında bağlanmış borc müqaviləsi əsasında 20.000 manat pulu şəxsən Babəkə vermişdir. Həmin zaman yanlarında digər şəxs olmamışdır. Bir neçə gün keçmiş Babək oğlunun artıq 29 yaşı olduğundan tibbi komissiyada problemlər yarandığını, həmin problemi həll etmək üçün 12.000 manat pul lazım olduğunu bildirdi. O, etiraz etməyərək, Nizami rayonu, Qara Qarayev prospekti metronun “Neftçilər” stansiyasının çıxışında yerləşən “Unibank”ın yaxınlığındakı çayxanada Babəklə görüşdü. Həmin görüşdə Qərhrəman və Əli adlı ortaq tanışları da iştirak etmişdir. Söhbət zamanı o milli pulunun olmadığını bildirib Babəkə 7.000 ABŞ dolları pul verdi. Pul verilən zaman Qəhrəman və Əli adlı ortaq tanışları da yanlarında olmuşlar. Təxminən bir ay ərzində Babək müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirdi. O, işin alınmadığını görüb Babəkə verdiyi pulların geri qaytarmasını tələb etdi. Babək ona verilmiş pulları geri qaytarmaqdan yayındığından aralarında narazılıq yarandı. Dəfələrlə Babəkdən verdiyi pulları geri tələb etsə də o, ona heç bir məbləğdə pul qaytarmamışdır. Babəkə oğlunun işə düzəltməli olan qardaşı, Baş Dövlət Yol Polisi İdarəsində növbətçi işləyən, polis mayoru X2 ilə görüşdürməsini xahiş etmişdir. Babək bir müddət keçmiş qardaşından pulları geri aldığı və oğlunun işə qəbul olunması üçün ortaq tanışları, makler fəaliyyəti göstərən Aidə adlı qadına verdiyini söylədi. Babək pulları geri qaytarmaqdan yayındığı üçün məcbur olub hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə Nizami PRİ-nə ərizə ilə müraciət edilmişdir. Müraciətlə bağlı Nizami RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılarkən Babək ondan aldığı pullardan 10.000 manat geri qaytardı. Bundan başqa Babək verdilmiş pullarda heç bir məbləği geri qaytamamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf:q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il kredit müqavilələri üzrə borclu İddiaçı Ziyaddin oğluna “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”lər qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərildiyindən və qeyd olunan müqavilələrə əsasən borc məbləğlərinin tutulması (müvafiq olaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10.000 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20.000 manat) üçün icra qeydlərinin verilməsində qanunla müəyyən edilmiş ümumi qaydaların ziddinə yönəlmiş hallar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mübahisəli kredit müqavilələri üzrə “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”lərin İddiaçı göndərilməsi iş materiallarına əlavə edilmiş poçt qəbzləri ilə təsdiq olunur. Bundan savayı, məhkəmə iclasında izahatları alınarkən İddiaçı həmin bildirişlərin ona poçt vasitəsilə çatdırıldığını bildirmiş, daha sonra isə bu halı dəqiq xatırlamadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsas dəlilləri tərəflərin arasında bağlanılmış kredit müqavilələri üzrə qalıq borcların məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Borc müqavilələri üzrə icra qeydləri verildiyindən, borcun məhkəmə qaydasında mübahisələndirilməsi istisna olunur. İcra qeydləri üzrə pulun ödənilib-ödənilməməsi və ödənilmiş pulun həcmi müstəqil iddianın verilməsi yolu ilə iddia icraatı çərçivəsində deyil, icra qeydinə əsasən başlanılmış icra qeydi üzrə icra icraatı çərçivəsində müəyyənləşdirilir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il kredit müqavilələri üzrə İddiaçı tərəfindən borcun tam ödənilməsi, yəni öhdəliyin icrası ilə əlaqədar müqavilələrə məhkəmə qaydasında xitam verilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə yuxarıdakı mövqeyini rəhbər tutaraq qeyd edir ki, həmin müqavilələr üzrə borcun tutulmasına dair icra qeydləri verildiyindən, həmin müqavilələr üzrə borcların tutulması və ya buna dair öhdəliklərə xitam verilməsi məsələlərinə iddia icraatı qaydasında deyil, icra qeydləri üzrə icraat çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Ziyaddin oğlunun cavabdehlər 6 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı öhdəliklərin icra olunması ilə əlaqədar İddiaçı Ziyaddin oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli kredit müqavilələrinə xitam verilməsi və bu kredit müqavilələri əsasında 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsi barədə iddia tələbləri təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar