Məhkəmə qərarları › İş №2(011)-7721/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7721/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7721/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 808-Y-3-0-533-21 saylı Razılaşma (Nağd kredit verilməsinə dair) imzalanmış (Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlərə Əlavə №5), həmin Razılaşmaya görə iddiaçı cavabdehə illik faiz dərəcəsi 18% olmaqla, 36 ay müddətinə, hər ay 368,76 manat hissə-hissə qaytarmaq şərti ilə 10200 manat məbləğində kredit verilmişdir.

2. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlərə dair Razılaşma (Əlavə №1) imzalanmışdır. Bu Razılaşmanı tərəflər Nağd kredit verilməsinə dair Razılaşmanın tərkib hissəsi olmasını qəbul edir, eyni zamanda iddiaçı bu Razılaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtləri oxuduğunu bəyan etdiyini bildirir.

3. Cavabdeh müqavilə üzrə öhdəliyini qismən yerinə yetirmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 5497,30 manat məbləğində əsas, 273,54 manat faiz borcu, 47,48 manat cərimə borcu olmaqla, cəmi 5818,32 manat məbləğində borc və 78,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmasına barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18% olmaqla 10200 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə baxışı zamanı iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, bir dəfə 400 manat, bir dəfə isə 880 manat olmaqla, cəmi 1280 manat məbləğində ödəniş etmişdir. Bbankdan maraqlandıqda ona bildirdilər ki, etdiyi ödənişlərə görə silinmələr əsas borcdan aparılmışdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

12. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 18% olmaqla, 10200 manat məbləğində kredit verilmişdir.

21. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

22. İşin mübahisəsiz halıdır ki, Bank ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

23. Məhkəmə qeyd edir ki, Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

24. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi həcminə görə qismən əsaslıdır.

25. Belə ki, iş materiallarına əlavə edilmiş sonuncu xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 4217,30 manat təşkil edir.

26. Həmçinin, iş materiallarında olan hesabdan çıxarışda xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən 400 manat, xx.xx.2023-cü il tarixdə isə 880 manat ödəniş edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlərdən borc əsas borcdan silinmişdir.

27. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən 1280 manat ödəniş edildiyindən iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən, yəni 4217,30 manat əsas borcun tutulması hissəsində təmin edilməlidir.

28. Məhkəmənin qənaətinə görə, iddia tələbi 47,48 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

29. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 47,48 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 5 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

30. Məhkəmə hesab edir ki, 78,18 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 77%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 808-Y-3-0-533-21 saylı kredit müqaviləsi üzrə 4217,30 manat məbləğində əsas, 273,54 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 4495,84 manat pul, ödənilmiş 60,19 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 17,99 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar