Məhkəmə qərarları › İş №2(011)-774/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-774/2022

04.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-774/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsrəfil oğluna qarşı “maddi zərərin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus olan 10 baş iri buynuzlu mal-qaranın özünü və ya onların dəyəri olan 18000 manatın, əldə çıxmış faydaya görə 10000 manatın və dövlət rüsumu üçün ödənilmiş olan 30 manat rüsumun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Ağgöl kəndində yaşayır, ailəsinə məxsus olan Ceyrançöl qış otlaq sahəsində mal-qaranı saxlamaq üçün yerləri olmuşdur, həyat yoldaşı ilə birlikdə qaynatası Məhəmməd vəfat etdikdən sonra beş il həmin mal-qara yatacağında, yəni çöl torpağında mal-qaralarına baxmışdır, sonradan həmin fermanı baldızı Cavabdeh1 həyat yoldaşı Cavabdeh2la birlikdə idarə etməyə başlamışdır, özlərinə məxsus olan mal-qaranı baldızının və onun həyat yoldaşı Cavabdeh2 saxta yalanlarına və dələduzluqlarına inanaraq onlara baxmaq üçün vermişlər, 17 malı 2016-cı ildə sayıb İslama vermişdir, bu zaman Rövşən orada olmamışdır, o, 2013-2014-dən Bakıda olmuşdur, baldızı və onun həyat yoldaşı onları aldadaraq həmin mallara baxacağına söz verərək, həmin mal qaranın onların olduqları fermada saxlamağını istəmişdir, bir sözlə etibardan sui-istifadə etmiş, onu aldatmışdırlar, həmin 17 baş iri buynuzlu heyvanları sonradan istəsə də, ona 7 baş heyvanı qaytarmaqlarına baxmayaraq, qalan 10 baş iri buynuzlu heyvanı (hər birinin çəkisi təxmini 200 kq olan) qaytarmaqdan imtina edir, hətta onu təhqir edərək nalayiq ifadələr işlədir. 2016-cı ildən olan təzminatı ödəməlidirlər, 10 baş malı 2016-cı ildə almışdır, atası fermer olduğuna görə uşaqlar balaca olanda 10 baş malı ona vermişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək və cavabdehlərin məhkəməyə təqdim etdiyi iddia tələbinə etiraza uyğun izahat verərək bildirdi ki, iddia ərizəsi tamamilə əsassızdır və həqiqətə uyğun deyildir, 15.12.2010-cu il tarixdə iddiaçı ilə rəsmi nikahda olan qardaşı otlaq sahəsi olmadığı üçün öz mal-qarasını ona məxsus Ceyrançöldə yerləşən otlaq sahəsinə gətirməyini xahiş etmişdir, yataq İslamın deyil, özünündür, qardaşına kömək məqsədilə onun xahişini qəbul etmişdir, iddiaçı ona mal verməmişdir, malı ona qardaşı vermişdir, həmin ilin mart ayını 27-si atası rəhmətə gemişdir, atası həmin evdə yaşamırdı, səbəbi isə gəlinlə olan münaqişəsi olmuşdur, daha sonra qardaşı 2016-cı il tarixdə heyvanatın bir hissəsini satmaq üçün gəlib aparmışdır, bir neçə gün sonra isə onunla əlaqə saxlayıb maşın göndərərək heyvanatın qalan hissəsini maşına yükləyərək satmağa aparmışlar, artıq 6 ildir ki, qardaşına məxsus olan heyvanat onun otlağından çıxarılmışdır, bunu qardaşı özü də məhkəmə iclasında təsdiq edəcəkdir, heyvanatı alan zaman və hal-hazırda da iddiaçı ilə birgə nikahda olmuşdur, qardaşı malları satmağını, pulunu iddiaçıya verməsini demişdir, buna görə də mallar satılıb və onun pulu- 4500 manat iddiaçıya verilib, özü 4 erkək dananın pulunu Sərxan adlı şəxsin yanında iddiaçıya vermişdir, 6-nı da qardaşı satıb onun da pulunu Elmiraya göndərib, ondan cəmi 7 mal qalmışdır, o malı da iddiaçının qızının toyu olanda toya pul lazım olduğu üçün 7 malı da iddiaçıya qaytarmışdır, hazırda onda heç bir mal yoxdur, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar tamamilə yalandan ibarət olub həqiqəti əks etdirmir, heyvanatın 2010-cu il tarixdə onun otlaq sahəsinə gətirilməsi hələ də həmin otlaq sahəsində olduğunu göstərmir və iddiaçının heyvanatı ondan tələb etməsi ilə bağlı iddiasının təmin edilməsinə əsas vermir, iddiaçı əgər onun 10 baş iri buynuzlu mal-qarasının onlar tərəfindən satılmasını iddia edirsə, onun iddiasını təsdiq edən hər hansı bir ödəniş qəbzi və digər sübutlarını məhkəməyə təqdim etməlidir. Sonda Cavabdeh1 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh İ.Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında 27.06.1986-cı il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, 2006-cı ildən Bakıda işləyir, iddiaçı anasıdır, anası Bakıya ayda ildə bir dəfə gəlir, 2016-cı ildə mal-qaranı anası ilə birlikdə aparıb İslama təhvil vermişdirlər, bu zaman Rövşənin, yəni atasının xəbəri olmamışdır, 2016-cı ildə o Bakıda olmuşdur, 2017-ci ildə malı istəmiş, 7 malı vermişdirlər, amma 10-u orada qalmışdır, babası 2010-cu ildə rəhmətə getmişdir. Məhkəmə iclasında 17.01.1961-ci il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı arvadı, cavabdeh Gülarə bacısı, İslam isə Gülarənin yoldaşıdır, 17 baş malı bacısının yanına aparmış, bu zaman bacısının yanında qalmış, malları saxlamışdır, həmin malların dördünü bacısına demiş, bacısı satıb, pulunu yoldaşı Elmiraya vermişdir, altısını da özü yoldaşına göndərib, yoldaşı Elmira satıb fermaya ətə verib, qalan 7 malı da özü götürmüşdür, özü öz malını saxlamışdır, 7-8 ildir ki, Bakıya gəlmişdir, yoldaşı, ailəsi bu zaman, oğlan əsgərlikdə qayıdandan bəri Bakıda olmuşlar, onunla Elmiranın malı eynidir. İş materiallarında olan İddiaçı ünvanlanmış 15.03.2017-ci il tarixli məktubdan görünür ki, 15.03.2017-ci il tarixdə Ağstafa RPŞ-nin Köçvəlli PB-sinə ünvanladığı baldızı Gülara Mustafayeva tərəfindən iribuynuzlu malları verməməsi məzmunlu ərizəsi Köçvəlli PB-də işə alınmışdır, müraciət məhkəmə səlahiyyətidə olduğuna görə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış 12.05.2018-ci il tarixli məktubdan görünür ki, 11.05.2018-ci il tarixdə Ağstafa RPŞ-nin Köçvəlli PB-sinə ünvanladığı 2 il bundan əvvəl baldızının əri Cavabdeh2 10 baş iri buynuzlu malı verməməsi məzmunlu ərizəsi Ağstafa RPŞ-nin Köçvəlli PB-də işə alınmışdır, müraciət məhkəmə səlahiyyətidə olduğuna görə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarında olan 07 may 2021-ci il tarixli Arayışda qeyd edilir ki, X2 27 mart 2010-cu ildə vəfat etmişdir, vəfat etdikdən sonra onun gəlini İddiaçı dediyinə görə 30 may 2010-cu ildə ona məxsus 17 baş iri buynuzlu mal qaranı yatağa aparmışdır, 5 il müddətində yoldaşı X1 ilə birlikdə mal-qaraya qulluq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon X5 Polis Bölməsi tərəfindən Məhkəməyə ünvanlanmış 20.02.2022-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı tərəfindən Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisinə ünvanlanmış Ərizədən görünür ki, İddiaçı bildirmişdir ki, təxminən iki il bundan qabaq baldızının əri Cavabdeh2 10 baş iri buynuzlu malqaranı verməmişdir, bununla bağlı ona kömək edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədədir, on yeddi baş iri buynuzlu mal-qara cavabdehlərə verilmişdir, həmin mal-qaradan yeddisi iddiaçıya geri qaytarılmışdır, bu barədə tərəflər arasında mübahisə yoxdur, mübahisə on baş mal-qaranın geri qaytarılmasına dairdir. Bununla belə, cavabdehlərin hər hansı əməli nəticəsində iddiaçıya maddi zərər vurulmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, şahid ifadələrinə münasibətdə hesab edir ki, bu sübutlar iddia tələbinin təmin olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, əvvəla, iddiaçının oğlu E.İbrahimovun ifadəsi, iş üzrə mübahisəsiz hal olan “on yeddi baş mal-qaranın verilməsi” ilə bağlı olmaqla, hazırki iddia tələbi üzrə mübahisəli əmlakların cavabdehlərdə olması barədə halları özündə ifadə etmir. İkincisi, məhkəmə iclasında ifadə verən, iddiaçının əri, Cavabdeh1 qardaşı Rövşən İbrahimov, iddiaçı ilə ümumi əmlakı olan on yeddi baş iri buynuzlu mal-qaranı bacısının yanına apardığını, onun yanında mallara baxdığını və hazırda mübahisə predmeti olan on iribuynuzlu mal-qaradan dördünü sataraq, əldə olunmuş pulu bacısı vasitəsi ilə arvadına, yəni iddiaçıya verdiyini, altısını isə satmaq üçün iddiaçıya göndərdiyini bildirmişdir ki, bu da həmin mübahisələndirilən malqaranın əmlak hüququ olan şəxsə verilməsini təsdiq etməkə həmin əmlaklara dair cavabdehlərin iddiaçıya qarşı hər hansı bir əmlak öhdəliyinin olmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir və ona görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı "cavabdehlərdən ona məxsus olan 10 baş iri buynuzlu mal-qaranın özünü və ya onların dəyəri olan 18000 manatın, əldə çıxmış faydaya görə 10000 manatın cavabdehlərdən alınaraq ona verilməsi" barədə idda tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçınln özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsrəfil oğluna qarşı "ona məxsus olan 10 baş iri buynuzlu mal-qaranın özünü və ya onların dəyəri olan 18000 manatın, əldə çıxmış faydaya görə 10000 manatın və dövlət rüsumu üçün ödənilmiş olan 30 manat rüsumun cavabdehlərdən alınaraq ona verilməsi" barədə idda tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar