Məhkəmə qərarları › İş №2(011)-7744/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7744/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7744/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2933 manat əsas, 327,28 manat faiz, cəmi 3260,28 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi İ.D.Şahverdiyev iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış, 26.02.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 2933 manat məbləğində kredit verilmişdir, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb, eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb, lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər, nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 22.09.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 2933 manat əsas, 327,28 manat faiz, cəmi 3260,28 manat borcu yaranmışdır, yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda İ.D.Şahverdiyev iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 13.10.2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, 2933 manat əsas, 327,28 manat faiz borcu olmaqla, cəmi 3260,28 manat məbləğində borcunun olduğunu etiraf edir, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli, 123micADJ/21 saylı əlavə kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə bank borcalana 36 ay müddətinə, illik 23% olmaq şərtilə 2933 manat məbləğində kredit vermişdir. İş materiallarında 26.02.2021-ci il tarixli, 123micADJ/21 saylı kredit müqaviləsinə 1 Saylı Əlavədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında illik 23 faiz dərəcəsi ilə, 36 ay müddətinə, aylıq annuitet 130 manat olmaqla, 2933 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan 26.02.2021-ci il tarixli, 123micADJ/21 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zaminliklə təmin edilən öhdəlik 26.02.2021-ci il tarixli, 123micADJ/21 saylı kredit müqaviləsindən irəli gələn pul tələbidir və zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.09.2021 il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 123micADJ/21 saylı kredit müqaviləsi üzrə əsas borcu 2933 manat əsas, 327,28 manat faiz borcu olmaqla, cəmi 3260,28 manat məbləğ təşkil edir. İş materiallarında olan 22.09.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 ünvanlanan 02.08.2021-ci il tarixli bildirişdən görünür ki, ondan 3 iş günü müddətində borcun ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında 26.02.2021-ci il tarixli, 123micADJ/21 saylı əlavə kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, Cavabdeh1 bank tərəfindən illik 23 faiz dərəcəsi ilə, 36 ay müddətinə 2933 manat məbləğində kredit vəsaiti ayrılmış, cavabdeh F.Ağayeva müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişlər, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsələr də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir, hazırda banka olan ödənilməmiş əsas borc məbləği 2933 manat, faiz borcu 327,28 olmaqla, ümumilikdə 3260,28 manat təşkil edir, Cavabdeh1 iddia tələbini qəbul edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2933 manat əsas, 327,28 manat faiz, cəmi 3260,28 manat borc məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada idiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2933 manat əsas, 327,28 manat faiz, cəmi 3260 (üç min iki yüz altmış) manat, 28 (iyirmi səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar