Məhkəmə qərarları › İş №2(011)-7766/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7766/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7766/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri: İddiaçı nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə notarius tərəfindən icra qeydi verilmiş, Xətai rayon İcra Şöbəsinin icra məmuru dəfələrlə borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq etsə də, cavabdeh bəhanələrlə borcu ödəməkdən yayınır. Cavabdeh izahat verərək, bildirmişdir ki, o, borcu ödəməkdən yayınmır, hər ay ödənişləri edir. Sübutların tədqiqi: İş materialarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 4000 (dörd min) manat məbləğində borc verməyi, Cavabdeh isə xx.xx.2020-ci il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 15 saylı notarius tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-8766 nömrəli icra qeydindən görünür ki, İddiaçı xeyrinə vaxtında ödənilməmiş 4000 manat pul və 20 manat məbləğinfə dövlət rüsumunun borcludan tutulmasına dair icra qeydi verilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı şəhəri 15 saylı notariusun xx.xx.2021-ci il tarixli 8İ-8766 nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmış, tələbin könülü icrası barədə bildiriş cavabdehə göndərilmişdir. İşin müəyyən edilən halları: Tərəflər arasında bağlanmış yazılı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixində 4000 manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən cavabdeh iddiaçıya olan borcu xx.xx.2020-ci il tarixədək faizsiz şəkildə geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən ödənilməli olan pul vəsaitini vaxtında ödəmədiyindən, Bakı şəhəri 15 saylı notariusu tərəfindən 4000 manat məbləğində borcun cavabdehdən tutulması barədə xx.xx.2021-ci il tarixli 8İ-8766 nömrəli icra qeydinə verilmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. “Notariat” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası və xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra – məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarından görünür ki, tərəflər, yəni İddiaçı və Cavabdeh xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərtilə 4000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmişlər. Razılaşdırılmış müddət ərzində borc ödənilmədiyindən tələbkar tərəfindən borcun ödənilməsi barədə borcluya bildiriş göndərilmiş həmin bildirişdən sonra notarius tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə uyğun olaraq Cavabdeh 4000 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə xx.xx.2021-ci il tarixli icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, borc münasibətlərin irəli gələn iddia tələblərinin verilməsinin mahiyyəti mübahisə olunan borc məbləğinin məhkəmə aktı ilə müəyyən edilməsi və icra edilmədiyi halda həmin məhkəmə aktı əsasında icra sənədi verilməklə onun icraya yönəldilməsindən ibarətdir. Hazırkı halda, mübahisəsiz olan kredit müqaviləsi üzrə borc məbləğinin icra qaydasında tutulması üçün icra sənədi sayılan icra qeydi verilmişdir. Həmin icra sənədi əsasında aidiyyəti icra qurumu tərəfindən müvafiq icra hərəkətləri aparılır. Ona görə də, icra sənədi verilmiş borc məbləğinin yenidən məhkəmə qaydasında tutulmasının tələb olunması yolverilməzdir. Belə ki, cavabdehdən iddiaçının xeyrinə 4000 manat məbləğində borcun tutulması barədə icra qeydi olduğu və həmin icra qeydi üzrə verilmiş icra sənədi Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icraatında olduğu halda, təkrarən məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə 4000 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsi tərəflər arasında yaranmış eyni borc münasibətləri və eyni borc məbləği üzrə iki icra sənədinin olması ilə nəticələnəcəkdir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə icra qeydi verildiyinə və bu icra sənədi hesab olunduğuna görə tərəflər arasındakı borc məsələsi prosessual olaraq həll olunmuşdur. Mülki prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, borcun tutulması ilə bağlı icra sənədi mövcud olduğundan iddiaçı tərəfindən irəli sürülmüş tələbə hazırkı əsaslarla məhkəmə qaydasında yenidən baxıla bilməz və mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edilən zaman ödənilmiş 60 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********) dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 260.0.1, 263 və 264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar