Məhkəmə qərarları › İş №2(011)-7776/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7776/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7776/2021 29.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 27 may 2014-cü il tarixli müqavilə üzrə banka 6.907,1 ABŞ dolları faiz, 2.460,88 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 07 yanvar 2017-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9.372,93 ABŞ dolları borcun tutulması; Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 15 oktyabr 2014-cü il tarixli müqavilə üzrə banka 1.620,52 ABŞ dolları faiz və 183.09 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 1.803,61 ABŞ dolları borcun tutulması; Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli müqavilə üzrə banka 3.708,4 ABŞ dolları faiz, 1044,48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 26 yanvar 2017-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4.756,03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 fevral 2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 60 ay müddətinə 60.000 manat məbləğində kredit limiti ayrılmışdır. 27 may 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 24 ay müddətinə 25.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit borcunun təminatı olaraq Cavabdeh2 ilə 07 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 15 oktyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 24 ay müddətinə 12.750 ABŞ dolları məbləğində kredit götürmüşdür. 26 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 24 ay müddətinə 12.750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 23 fevral 2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 60 ay müddətinə 60.000 manat məbləğində kredit limiti ayrılmışdır. 27 may 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 24 ay müddətinə 25.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit borcunun təminatı olaraq Cavabdeh2 ilə 07 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 15 oktyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 24 ay müddətinə 12.750 ABŞ dolları məbləğində kredit götürmüşdür. 26 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 24 ay müddətinə 12.750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Yaranmış borcla əlaqədar cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 27 may 2014-cü il tarixli müqavilə üzrə banka 6.907,1 ABŞ dolları faiz, 2.460,88 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 07 yanvar 2017-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 9.372,93 ABŞ dolları borcu vardır. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 15 oktyabr 2014-cü il tarixli müqavilə üzrə banka 1.620,52 ABŞ dolları faiz, 183.09 ABŞ dolları cərimə olmaqla, cəmi 1.803,61 ABŞ dolları borcu vardır. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 26 yanvar 2015-ci il tarixli müqavilə üzrə banka 3.708,4 ABŞ dolları faiz, 1044,48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 26 yanvar 2017-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4.756,03 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh2, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iş materiallarında olan 07 aprel 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən müqavilənin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli əlavə kredit müqaviləsində həmin müqavilə üzrə öhdəliyin icra müddəti 24 ay müəyyən edilmiş, öhdəliyin icra müddəti 26 yanvar 2017-ci il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 29 sentyabr 2021-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin- Cavabdeh2 tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə, 27 may 2014-cü il, 15 oktyabr 2014-cü il və 26 yanvar 2015-ci il tarixli əlavə kredit müqavilələri üzrə Cavabdeh1 tutulmalı olan faiz borclarının məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 27 may 2014-cü il tarixli müqavilə üzrə 6.907,1 ABŞ dolları faiz, 15 oktyabr 2014-cü il tarixli müqavilə üzrə 1.620,52 ABŞ dolları faiz və 26 yanvar 2015-ci il tarixli müqavilə üzrə isə 3.708,4 ABŞ dolları faiz borcu tutulmalıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış 2.460,88 ABŞ dolları dəbbə məbləği azaldılaraq 20 ABŞ dolları məbləğində, 15 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış 183.09 ABŞ dolları dəbbə məbləği azaldılaraq 2 ABŞ dolları məbləğində və 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 1.044,48 ABŞ dolları dəbbə məbləği azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizlə 27 may 2014-cü il tarixli müqavilə üzrə hesablanmış 4.95 ABŞ dolları məbləğində və 26 yanvar 2015-ci il tarixli müqavilə üzrə hesablanmış 3.15 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Məhkəmə qanunvericilik normasına əsaslanaraq belə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz borc borclu tərəfindən əsas borc məbləğinin ödənilməsi gecikdirildiyi halda tələb edilə bilər. Hazırkı iş üzrə borclu Cavabdeh1 tərəfindən hər iki müqavilə üzrə əsas borc məbləği ödənilmişdir. Odur ki, hazırkı iş üzrə borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz əldən çıxmış faydanın tələb edilməsi yolverilməzdir. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 27 may 2014-cü il tarixli müqavilə üzrə 6.907,10 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, 15 oktyabr 2014-cü il tarixli müqavilə üzrə 1.620,52 ABŞ dolları faiz borcu, 2 ABŞ dolları cərimə borcu, 26 yanvar 2015-ci il tarixli mqavilə üzrə 3.708,40 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 12.268,02 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 27 may 2014-cü il tarixli müqavilə üzrə 6.907,10 (altı min doqquz yüz yeddi dollar on sent) ABŞ dolları məbləğində faiz borcu, 20 (iyirmi) ABŞ dolları məbləğində cərimə borcu, 15 oktyabr 2014-cü il tarixli müqavilə üzrə 1.620,52 (min altı yüz iyirmi dollar əlli iki sent) ABŞ dolları faiz borcu, 2 (iki) ABŞ dolları cərimə borcu, 26 yanvar 2015-ci il tarixli müqavilə üzrə 3.708,40 (üç min yeddi yüz səkkiz dollar qırx sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 12.268,02 (on iki min iki yüz altmış səkkiz dollar iki sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolleiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar