Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-782/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeyri-rəsmi nikahdan anadan olmuş övladı 23 mart 2017-ci il təvəllüdlü X2 18 yaşına çatanadək hər ay onun xeyrinə tibb xərclərinə görə 100 manat, saxlanması üçün 193 manat, cəmi 293 manat məbləğində aliment kəsilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiyada ödənilmiş 50 manatın cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 mart 2020-cı il tarixli 2(011)-669/2020 saylı Qətnaməsi ilə cavabdehin X1 atası olması müəyyən edilmiş və 23 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək öz xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir, cavabdehin başqa yerdən gəlir və qazancı vardır, onun övladının saxlanması üçün ödəniş etmək imkanı var, hazırda uşağın sağlamlığında problemlər var, onun müayinə və müalicəyə ehtiyacı var, imkanı olmadığı üçün uşaq məktəbə getmir, yaşıdlarından geri qalır, cavabdehdən sadəcə uşağı ilə bağlı tələbi vardır, 170 manat alimentlə uşağın xərclərini ödəyə bilmir, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir, hazırda özü işləmir, uşağı xəstə deyil, ancaq onun allergiyası vardır, uşaq poliklinikasına uşağın xəstəliyi barədə qeydiyyatın aparılması üçün müraciət etməmişdir, ona görə də bu barədə arayış almaq istəmir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir, cavabdeh Sədərək ticarət mərkəzində satıcı işləyir, 300 manat maaş alır, cavabdeh rəsmi nikahdadır, ailəsi var, həmin rəsmi nikahdan da onun ayrı iki uşağı var, Şahbazova Zəhra cavabdehin nikahdan kənar övladıdır, həmin uşaqdan cavabdehin məlumatı olmamış, daha sonra məhkəmə qətnaməsi ilə onun uşağın atası olması müəyyən edilmiş, aliment tutulmuşdur, iddiaçıya 193 manat aliment ödənilməsinə razıdır, lakin daha çox məbləğdə aliment ödənilməsinə etiraz edir, aliment müəyyən edilərkən digər uşaqların da mənafeyi nəzərə alınmalıdır, uşağı layiqli həyatla təmin etmək təkcə atanın yox, hər iki valideynin borcudur. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin vəkilin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 007928 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 23 mart 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 mart 2020-cı il tarixli 2(011)-669/2020 saylı Qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı doğulmuş 23 mart 2017-ci il təvəllüdlü X1 atası olması müəyyən edilməsi, 23 mart 2017-ci il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsində düzəliş edilərək uşağın soyadı qrafasında “Kərimova”, ata qrafasında “Cavabdeh”, ana qrafasında isə “İddiaçı” qeyd edilməsi, doğum haqqında şəhadətnamədə düzəliş edilməsi Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, 23 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan 5 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/5-03640 saylı Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Cavabdeh satıcı vəzifəsi üzrə aylıq əmək haqqı 300 manatdır. İş materiallarında olan AZE seriyalı 18126384 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimova Neda xx.xx.2020-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası Kərimova Aynəmdir. İş materiallarında olan AA0857426 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışardan görünür ki, Cavabdeh adına iki daşınmaz, bir daşınar əmlak (nəqliyyat vasitəsi) qeydə alınmışdır, aylıq əmək haqqı 345 manatdır, qaçqınlıq statusu yoxdur, uşaqları xx.xx.2010cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X5, həyat yoldaşı X6r. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışardan görünür ki, İddiaçı cari əmək müqaviləsi məlumatları yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 23 mart 2017-ci il təvəllüdlü X1 anası, cavabdeh isə atasıdır, uşaq ananın himayəsindədir, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 mart 2020-cı il tarixli 2(011)- 669/2020 saylı Qətnaməsi əsasında cavabdeh tərəfindən ödənilən hər ay 170 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, iddiaçı işləmir, cavabdehin rəsmi nikahdan iki uşağı vardır, aylıq əmək haqqı 345 manatdır, iddia tələbini qismən qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən, həmçinin əlavə xərclərə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi cavabdehin də vəzifəsidir və uşağın valideynlərdən birinin - ananın himayəsində olması uşağa qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas ola bilər. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 mart 2020-cı il tarixli 2(011)- 669/2020 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, 2022-ci il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi, ailə və əmlak vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, cavabdehin bu barədə razılığını, habelə iddia tələbinin həcmini nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddia tələbinin “uşağın tibb xərclərinə görə cavabdehdən hər ay 100 manat tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi bu hissədə sübutetmə yükü ilə bağlıdır və İddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına əlavə xərclərə (uşağın sağlamlığında problemlər olması, onun müayinə və müalicəyə ehtiyacı olması və s.) dair sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir və buna görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir...Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 mart 2020-cı il tarixli 2(011)-669/2020 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 23 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh uşağa görə hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış aliment məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az (23x12=276 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin hazırki iddia tələbi üzrə ilkin mediasiya sessiyasında üzrlü səbəbdən iştirak etməməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 mart 2020-cı il tarixli 2(011)-669/2020 saylı Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 23 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh uşağa görə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-782/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-782/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver