Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7847/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçının və üçüncü şəxs “X8” MMC-nin vəkili-nümayəndəsi Vəkil, üçüncü şəxs “X8” MMC-nin nümayəndəsi X3, üçüncü şəxs “X4” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X8” MMC cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 8İ-5246 reyest nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı notariusun icra qeydindən narazı qalmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2025-ci il tarixədək 118UB/2024 nömrəli sənəd üzrə tərəflərindən ümumilikdə, 69509,63 manat ödənilmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən icra qeydi üzrə tələblər mübahisəsiz olmalıdır. Lakin, borc məbləği ilə tərəflərindən ödənilən ödənişlərə əsasən mübahisəli hal mövcuddur və bu səbəblə də, icra qeydini qanunsuz və əsassız hesab edirlər. Həmçinin 76-cı maddənin tələbində qeyd olunmuş müddətlə nəzərdə tutulan icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş göndərilməmişdir. Daha sonra iddiaçı ərizə verərək “X8” MMC-nin əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, “X8” MMC əsl İddiaçı ilə əvəz edilmiş, “X8” MMC üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının və üçüncü şəxs “X8” MMC-nin vəkilinümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs “X8” MMC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsində qeyd edilənləri təsdiqləmişdir. Məhkəmə iclasında iştirak etmiş “X4” ASC-nin nümayəndəsi X2 iddiaya etiraz edərək kredit müqaviləsi üzrə borclu tərəfindən edilən bütün ödənişlərin borcdan müqaviləyə və qanunvericiliyin tələblərinə uyğun qaydada silindiyini, hesablanan borcun mübahisəsiz olduğunu, eləcə də, borclu və ipoteka qoyana lazımi qaydada bildiriş, o cümlədən elektron poçt vasitəsi ilə bildiriş göndərildiyini qeyd edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcverən “X4” ASC borcalan “X8” MMC-yə ******* manat məbləğində, illik maksimim 28 faiz, minimum 1 ay maksimum 60 ay müddətinə xx.xx.2024-cü il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan İddiaçı, borcverən “X4” ASC və borcalan “X8” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq ipoteka qoyan tam mülkiyyət hüququ üzrə özünə məxsus Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzili ipoteka qoymuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil İddiaçı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsinə sazişdən görünür ki, əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş müddət xx.xx.2034-cü il tarixinədək uzadılır və əsas kredit müqaviləsinin limiti ******* manat müəyyən edilir. xx.xx.2024-cü il tarixli xx.xx.2019-cu il tarixli əsas ipoteka müqaviləsinə sazişdən görünür ki, ipoteka müqaviləsinin 1.2-ci bəndi aşağıdakı yeni redaksiyada verilmişdir: “ipoteka saxlayanla borc alan arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli 38UM/19 saylı əsas kredit müqaviləsinə və bu müqaviləyə bağlanmış xx.xx.2024-cü il tarixli sazişə əsasən borcverən borcalana ******* manat məbləğində, illik maksimim 28 faiz, minimum 1 ay maksimum 120 ay müddətinə xx.xx.2034-cü il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir”. xx.xx.2024-cü il tarixli 118UB/2024 saylı əlavə kredit müqaviləsinə əsasən borcverən “X4” ASC borcalan “X8” MMC-yə 24 ay müddətinə xx.xx.2026-cı il tarixinədək illik 14 faizlə 300000 manat məbləğində kredit verir. Müqavilənin 1.5-ci maddəsinə əsasən kredit məbləği hissələrlə (tranşlarla) verilə bilər. Hər növbəti hissənin məbləği, müddəti, verilmə şərtləri borcverən tərəfindən müəyyən olunur. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əlavədən (ödəniş cədvəlindən) görünür ki, borcverən “X4” ASC tərəfindən borcalan “X8” MMC-yə aylıq 1,17 faizlə, 24 ay müddətinə 230000 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əlavədən (ödəniş cədvəlindən) görünür ki, borcverən “X4” ASC tərəfindən borcalan “X8” MMC-yə aylıq 1,17 faizlə, 20 ay müddətinə 255971 manat kredit verilmişdir. Hesabdan çıxarışdan və ərizə-tranşlardan görünür ki, xx.xx.2024-cü il tarixdə “X4” ASC tərəfindən “X8” MMC-nin hesabına 230000 manat, xx.xx.2025-ci il tarixdə isə 60000 manat pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 118UB/2024 saylı kredit müqaviləsi üzrə 229958,18 manat əsas, 7413,64 manat faiz, 1685,85 manat cərimə borcu olmaqla, cəmi 239057,67 manat borc mövcuddur. xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli bildirişlərdən və poçt qəbzlərindən görünür ki, “X4” ASC tərəfindən borcalan “X8” MMC-yə və ipotekaqoyan İddiaçı bildiriş göndərilərək, kredit müqaviləsinə əsasən 229958,18 manat əsas, 7413,64 manat faiz, 1685,85 manat cərimə borcu olmaqla, cəmi 239057,67 manat borcun olduğu, borcun 21 gün müddətində ödənilmədiyi halda notariusun icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru başlanılması barədə xəbərdarlıq edilmişdir. Elektron potç çıxarışlarından görünür ki, notariusun icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər ipoteka müqavilələrində qeyd edilmiş “mailto:globalricegroup@gmail.comElektron ünvan 1” və “mailto:zaur.xudayev@gmail.comElektron ünvan 2” elektron poçt ünvanlarına göndərilmişdir. xx.xx.2025-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə “X4” ASC tərəfindən ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmiş və bildiriş qeydə alınmışdır. Notariat icra qeydinin aparılması haqqında elektron ərizədən və Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, “X4” ASC tərəfindən icra qeydinin aparılması üçün elektron ərizə lazımi qaydada doldurulmuş və sənədlər ərizəyə əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, 18UB/24 saylı kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 229958,18 manat əsas, 7413,64 manat faiz, 1685,85 manat faiz borcu olmaqla, cəmi 239057,67 manat pulun ödənilməsi üçün ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə tutma yönəldilmişdir. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu:
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu: 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək. 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarı: 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. “Notariat haqqında” Qanunun 76-cı maddəsində ipoteka müqaviləsi əsasında tutmanın ipotekaya yönəldilməsi barədə icra qeydinin aparılması üçün başqa əsaslar üzrə yaranmış borcların tutulması qaydalarından fərqli qayda nəzərdə tutulmuşdur. Belə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları, “Notariat haqqında” Qanunun 76-cı maddəsindəki tənzimləmədən istisna təşkil edir. Bu qaydalar “İpoteka haqqında” Qanunun 36-cı maddəsində tənzimlənir. Həmin normaya görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Göründüyü kimi “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Təsadüfi deyildir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ-5246 reyestr nömrəli icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, həm tələbkar Bank, həm də Notariat Ofisi tərəfindən icra qeydinin aparılması ilə bağlı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilmişdir. Kredit müqaviləsi “X4” ASC ilə “X8” MMC arasında 24 ay müddətinə xx.xx.2026-cı il tarixinədək bağlanmış, yəni icra qeydinin verilməsi üçün müddət ötürülməmişdir. Digər tərəfdən, borcluya və ipoteka qoyana ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq bildirişi həm poçtla onların yaşadığı (qeydiyyat) ünvanı üzrə, həm də elektron qaydada müqavilələrin özündə qeyd edilmiş elektron poçt ünvanlarına göndərilmişdir. Borclu və ipoteka qoyanın yaşayış yeri (qeydiyyat ünvanları) üzrə bildirişin onlar tərəfindən deyil, başqa şəxs tərəfindən qəbul edilməsi barədə etirazı tələbkarın bildirişin göndərilməsi ilə bağlı qanunvericiliyin tələbinə riayət etmədiyini göstərmir və bu hal icra qeydinin ləğvinə əsas ola bilməz, üstəlik bildiriş elektron poçt vasitəsi ilə də göndərilmişdir. Həmçinin, notarius tərəfindən borcun mübahisəsizliyi notariusa təqdim edilmiş kredit müqavilələri və maliyyə arayışına əsasən yoxlanılmışdır. Məhkəmə iclasında iştirak etmiş borlcu “X8” MMC-nin nümayəndəsi X6 borcun olduğunu mübahisələndirməsə də, borc məbləğinin düzgün hesablanmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsinə əsasən icra qeydi aparılmış tələbi borclu məhkəmə qaydasında mübahisələndirə bilər. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, hazırki halda icra qeydinin ləğv edilməsi ilə bağlı əsaslar olmadığından iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli