Məhkəmə qərarları › İş №2(011)-787/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-787/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-787/2021 24.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan əsas borc məbləği üzrə 36000 manat, dəymiş zərərə görə 2000 manat, cəmi 38000 manat məbləğində hesablanaraq müəyyən edilməsi və cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Sürəyya adlı rəfiqəsinin vasitəsi ilə tanış olduğu Cavabdeh notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən 21.01.2019-cu il tarixdə 13000 manat məbləğində borc pul vermişdir, kredit müqaviləsinin şərtlərinə görə borcalan 21.04.2019-cu il tarixədək kredit müqaviləsi üzrə əldə etdiyi məbləği borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh tərəfindən alınmış borc məbləği bu günədək qaytarılmadığı üçün kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcun notarius qeydi əsasında mübahisəsiz qaydada alınması barədə bildiriş verilmişdir, qeyd edilən kredit müqaviləsinin bağlanmasından qısa müddət sonra cavabdeh özünü kommersiya fəaliyyəti ilə məşğul olan biznes sahibi kimi təqdim edərək biznesini genişləndirmək, əldə olunacaq mənfəətdən qoyacağı pul müqabilində onun da müəyyən qədər gəlir əldə edəcəyini vəd edərək, ondan əlavə 8 min manat da pul almış, ona olan etibarından sui-istifadə edərək oğlu Rövşən Əzimovu "xxxx" neft şirkətinə işə düzəldəcəyinə söz vermişdir, o da cavabdehin dediklərinə inanmışdır, kreditə pul götürdüyü 69000 manat məbləğdən bu məqsədlə yenidən cavabdehə 15000 manat pul vermişdir, pul verilən yerə, X4 gətirmişdir, həm 2019-cu ilin mart ayında cavabdehin ondan biznes məqsədi ilə aldığı 8000 manatı, həm də üzərindən 6-7 gün keçmiş oğlunu işə düzəldəcəyi adı ilə ondan aldığı 15000 manatı oğlu Rövşənin, həyat yoldaşı Xoşgünün və rəfiqəsi Sürəyyanın yanında cavabdehə vermişdir, cavabdeh işə düzəltmə təklifini Sürəyyaya da etmişdir, yəni Sürəyyanın qızını müəyyən miqdar pul qarşılığında işə düzəldə biləcəyini təklif etmişdir, lakin Sürəyya qəbul etməmişdir, beləliklə cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdehdən xəbər çıxmamış, nə onun oğlunu işə düzəltmiş, nə də ondan aldığı 15000 manat pulu dəfələrlə istəməklərinə baxmayaraq qaytarmamışdır, cavabdeh biznes məqsədli 8000 manat pulu alanda da qısa müddət ərzində bu puldan böyük gəlir əldə edəcəklərini ona vəd etmişdir, cavabdehdən pulu tələb etmək üçün onun yanına bir neçə dəfə Sürəyya ilə birlikdə getmişdir, daha sonrasında cavabdeh ümumilikdə onlarla əlaqəni kəsmişdir və cavabdehi tapa bilməmişlər, bununla bağlı iş üzrə cavabdeh barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş, müraciətlə bağlı araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir, araşdırma zamanı cavabdeh izahat verərək kredit müqaviləsinə əsasən aldığı 13000 manat borca görə hər ay faiz ödədiyini, sonradan maddi vəziyyəti ağır olduğundan pulu qaytara bilmədiyini göstərmiş, kommersiya fəaliyyəti üçün ondan 8000 manat və oğlunu işə düzəltmək üçün isə 15000 manat pul alınmasını inkar etmişdir, araşdırma materiallarına əlavə edilmiş qəbzdən də görünən Cavabdeh tərəfindən ödənilmiş 350 manat pul vəsaiti cavabdehin ondan aldığı 8000 manat pulun kommersiya fəaliyyətinə yönəldilməsindən əldə olunan gəlir kimi ona verilmişdir, cavabdehin iş qurmaq adı lə ondan aldığı 8000 manat, oğlunu işə düzəltmək adı ilə aldığı 15000 manatın alınmasına dair hər hansı yazılı sübut olmasa da, kommersiya fəaliyyətindən əldə edilmiş gəlirin onda düşən hissəsi kimi ödənilmiş 350 manat barədə verdiyi yazılı qəbz cavabdehin həqiqətən də qeyd edilən məbləğləri almasını təsdiq edir, cavabdeh aldığı bütün məbləğləri 2019-cu ilin aprelində qaytarmalı idi, ondan aldığı borc məbləğlərini razılaşma şərtlərinə uyğun olaraq vaxtında qaytarmamaqla cavabdeh 21.01.2019-cu il tarixli kredit müqaviləsində göstərilmiş 13000 manat pulunu və əlavə olaraq 23000 manat pulunu mənimsəmiş, həmçinin onun hüququ vardır ki, cavabdeh həmin məbləğdə pulunu özündə əsassız saxlamaqla gecikdirilmiş vaxt üçün illik beş faiz təşkil edən məbləği də ondan tələb etsin və hesab edir ki, bu məbləğ 2000 manat həddindədir ki, bu da cavabdehdən alınaraq ona ödənilməlidir. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19.03.2021-ci il tarixli məhkəmə iclasında X5 şahid qismində ifadə verərək izahatında bildirdi ki, iddiaçı onun anasıdır, pul verilən yerə Rafaeli o gətirmişdir, cavabdeh təxminən 2019-cu ilin mart ayında anasından biznes məqsədli 8000 manat, üzərindən 6-7 gün keçmiş isə onu işə düzəldəcəyi adı ilə 15000 manat pulu onun yanında almışdır, onun "xxxx"-a işə düzəldilməsi məqsədi ilə 15000 manat pulu cavabdehə Əcəmidə vermişlər, işdən xəbər çıxmayınca işə düzəldilməsini tələb etsə də, cavabdehdən xəbər çıxmamış, cavabdeh onu nə işə düzəltmiş, nə də anasından aldığı 15000 manat pulu dəfələrlə istəməklərinə baxmayaraq qaytarmamışdır, cavabdeh biznes məqsədli 8000 manat pulu alanda da qısa müddət ərzində bu puldan böyük gəlir əldə edəcəklərini onun anasına vəd etmişdir, daha sonrasında ümumilikdə onlarla əlaqəni kəsmiş, cavabdehi tapa bilməmişlər. 19.03.2021-ci il tarixli məhkəmə iclasında X1 şahid qismində ifadə verərək izahatında bildirdi ki, Rafael bazarda balıq satır, cavabdehi də elə oradan tanıyır, iddiaçı və cavabdeh onun sayəsində tanış olmuşlar, cavabdeh həmçinin həm ona, həm də cavabdehə uşaqları işə düzəldə biləcəyini demişdir, bu məqsədlə iddiaçı cavabdehə 15000 manat vermişdir, ona isə qızını müəyyən miqdar pul qarşılığında işə düzəltməyi təklif etsə də, qəbul etməmişdir, iddiaçı isə 15000 manat pulu oğlunun işə düzəldilməsi üçün cavabdehə onun yanında vermişdir, bundan əlavə olaraq iddiaçı onun yanında Rafaelin biznesə yatırım məqsədli təklifini qəbul etmiş, iddiaçı tərəfindən hər ay gəlir əldə etməyi müqabilində onun yanında cavabdehə 8000 manat pul verilmişdir, bir neçə dəfə idiaçı ilə birlikdə cavabdehdən pulu tələb etmək üçün onun yanına getmişlər, iddiaçı ona cavabdehin hələ də pulu qaytarmadığını bildirmişdir. 19.03.2021-ci il tarixli məhkəmə iclasında X7 şahid qismində ifadə verərək izahatında bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır, cavabdehi 2019-cu il martda görmüşdür, həmin il yanvar ayında 13000 manat pulu həyat yoldaşı notariusda müqavilə bağlamaqla borc kimi cavabdehə vermişdir, mart ayında Memar Əcəmi tərəfdə hamısı birlikdə olmuşlar, əvvəla 8000 manat biznesə görə həyat yoldaşı cavabdehə 8000 manat borc kimi vermiş, bundan 3-4 gün sonra isə həyat yoldaşı 15000 manat pulu oğullarını işə düzəltmək adı ilə cavabdehə onların yanında vermişdir, dəfələrlə pulu tələb etsələr də cavabdeh pulu qaytarmamış, bir müddət sonra isə ümumiyyətlə yoxa çıxmışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 21.01.2019-cu il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 13000 manat borc almış, həmin borc məbləğini 21.04.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilədən görünür ki, tərəflər kreditin faizsiz verilməsini şətləşdirmişlər, ödəniş müddətinin keçirilməsi haqqında notarius vaxitəsi ilə kreditrun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi vasitəsi ilə mübahisəsiz qaydada alınır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə pul məbləğinin 15 gün müddətində ödəməsinə dair xəbərdarlıq (pretenziya) məktubu göndərmişdir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 22.08.2019-cu il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı 12.08.2019-cu il tarixdə ərizə ilə Nəsimi PRİ-nə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, E.Ovciyev küçəsi, ev 6-da yaşayan tanışı Cavabdeh iş qurmaq adı ilə ondan 8000 manat, həmçinin oğlu X2 "xxxx" Neft Şirkətinə işə düzəldəcəyi adı ilə 15000 manat pul almasını, lakin verdiyi vədə əməl etməyərək ümumilikdə 23000 manat pulunu ələ keçirtdiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahatında tanışı Sürəyyanın onu faizə pul götürməsi üçün İddiaçı ilə tanış etdiyini, Elmirədən 13000 manat faizə borc pul götürdyünü, mütəmadi olaraq hər ay faiz pulu ödədiyini, sonradan maddi vəziyyəti pisləşdiyinə görə pulu qaytara bilmədiyini, oğlu Rövşəni işə düzəltmək adı ilə ondan pul almadığını, ondan yalnız faizə pul aldığını bildirmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış 05.03.2018-ci il tarixli 275 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 69000 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 336 ay müddətinə ipoteka krediti vermişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 21.01.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 13000 manat borc almış və onu 21.04.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür, cavabdeh daha sonra həmin ilin mart ayı ərzində 8000 manat və 15000 manat pul məbləğini də iddiaçıdan götürmüşdür, İddiaçı tərəfindən pul məbləğinin qaytarılması barədə xəbərdarlıq (pretenziya) məktubu ilə Cavabdeh müraciət olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən, həmçinin Cavabdeh tərəfindən iddiaçıdan 26000 manat məbləğdə pulun alınmasına haqq qazandıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “cavabdehdən 13000 manat pul məbləğinin qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan kredit müqaviləsi əsasında 13000 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş 3 ay müddətinə 21.04.2019-cu il tarixinə kimi borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürməsi, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya 13000 manat məbləğində borcun qalması iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Məhkəmə, iddia tələbinin “cavabdehdən 23000 manat pul məbləğinin qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh etibardan sui-istifadə edərək hüquqi əsas olmadan iddiaçıdan 23000 manat pul alması onun əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhrum olunduğunu cavabdehdən geri tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin “dəymiş zərərə görə 2000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, geçikdirilmiş vaxt, tərəflər arasında notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi üzrə öhdəliyin icrasının son günü hesab edilən 21.04.2019-cu il tarixdən yekun məhkəmə aktı qəbul edilən 24.05.2021-ci il dövrünu təşkil edir ki, bu da 2 il 1 ay, həmin vaxt dövrünə olan geçikdirilmiş məbləğ isə, ödənilməmiş saxlanılmış 13000 manat məbləğin illik 5 faiz dərəcəsinə müvafiq olaraq hesablanmaqla müəyyən olunmalıdır ki, (13000 manat məbləğin geçikdirilmiş 2 il 1 ay üzrə vaxt üzrə illk 5 % məbləğ) bu da 1365 manat təşkil edir. Cavabdeh iddiaçıdan aldığı digər 23000 manat məbləği də heç bir əsas olmadan özündə 2 il 1 ay müddət ərzində saxlamışdır ki, bunun da illik 5 faiz təşkil edən məbləği 2415 manatdır. Göründüyü kimi cavabdehin iddiaçının heç bir əsas olmadan özündə saxladığı 36000 manat məbləğdə pul vəsaitinə görə illik 5 faiz məbləğin miqdarı ümumilikdə 3780 manat təşkil edir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə 2000 manat həddində olduğundan, məhkəmə iddia tələbindən kənara çıxmayaraq tutulmanı həmin həddə müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1092.1.2-ci maddəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 36000 manat əsas borc, pulun əsassız saxlanmasına görə illik 5 faiz təşkil edən məbləğ kimi 2000 manat, cəmi 38000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin mülki iş üzrə tərəflər arasında bölüşdürülməsinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi isə təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ümumilikdə 38000 (otuz səkkiz min) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar