Məhkəmə qərarları › İş №2(011)-7898/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7898/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7898/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kreditorun xeyrinə 11.04.2014-cü il tarixli 22-M-1- 0-534-14 saylı kredit müqaviləsi üzrə 11307 ABŞ dolları əsas borc, 3200 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14507 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ilə Cavabdeh1 arasında bağlanan 11.04.2014-cü il tarixli 22-M-1-0-534-14 №-li kredit müqaviləsinə əsasən borc alana 19000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 11.04.2014-cü il tarixli 22-M-1-0-534-14 saylı zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin təmamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 2(011)-7985/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, göstərmişdir ki, cavabdehlərdən Bankın xeyrinə kredit borcunun tutulması ilə bağlı ərizə ilə 13.06.2016-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, iş üzrə məhkəmə əmri qəbul edilmiş, lakin uzun müddət keçdikdən sonra Cavabdeh2 ərizəsinə əsasən məhkəmə əmri ləğv edilmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən ödənişlər olunmuş, əlavə faiz və cərimələr hesablanmışdır və bu səbəbdən borc məbləğinin dəqiqləşdirilməsi zəruridir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 11.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10647,9 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna 8464,39 ABŞ dolları faiz, 1849,79 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi tarixdən 21.10.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1571,9 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 22533,98 ABŞ dolları tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, qeyd olunan kredit müqaviləsinə zamin durmuşdur. Hər ay əmək haqqının yarısı borca tutulur. Cəmi 400 manat əmək haqqı alır. Ailəsini saxlaya bilmir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" İKB ilə Cavabdeh1 arasında bağlanan 11.04.2014-cü il tarixli 22-M-1-0-534-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən tərəfindən borc alana 19000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 11.04.2014-cü il tarixli 22-M-1-0-534-14 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. 21.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 10647,9 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna 8464,39 ABŞ dolları faiz, 1849,79 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi tarixdən 21.10.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1571,9 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 22533,98 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" İKB ASC-nin adı "xxxx" ASC adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Məhkəmə hesab edir ki, Cavabdeh1 11.04.2014-cü il tarixli 22-M-1-0-534-14 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 10647,9 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna 8464,39 ABŞ dolları faiz və müqavilə müddətinin bitdiyi tarixdən 21.10.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1571,9 ABŞ dolları əldən çıxmış fayda borcunun qalması, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərlərinə götürməsi təsdiq olunduğundan və cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğundan həmin borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 1849,79 ABŞ dolları məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 1849,79 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 149,79 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 92 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 20 manat dövlət rüsumunun 18,40 manat hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11.04.2014-cü il tarixli 22-M-1-0-534-14 saylı kredit müqaviləsi üzrə 10647,90 ABŞ dolları əsas, müqavilə müddətinin sonuna 8464,39 ABŞ dolları faiz, 149,79 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi tarixdən 21.10.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 1571,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 20.833,98 (iyirmi min səkkiz yüz otuz üç dollar, 98 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 18,40 (on səkkiz manat 40 qəpik) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar