Məhkəmə qərarları › İş №2(011)-79/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-79/2022

18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-79/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş zərərin əvəzi olaraq 4081,67 manat, mülkiyyətində olan “Renault Magane” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vəsaitəsindən iki ay ərzində istifadə etməməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq isə 3000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə isə 7111,67 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olan “X6 Pradi Mi” minik markalı, 10-Xu-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 23.12.2020-ci il tarixində saat 17:00-da Nobel prospektində hərəkət edərkən iddiaçıya məxsus “Renault Megane” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq avtomobilin arxa tərəfindən vurmuş və zərbə nəticəsində iddiaçıya məxsus avtomobil maddi ziyana məruz qalmışdır. Hadisə ilə əlaqədar olaraq Cavabdeh barəsində TP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Belə ki, tərəfindən iddia ərizəsinə əlavə edilmiş “NAL AUTO” şirkətinin “Renault” markalı avtomobil serviz mərkəzi tərəfindən qiymətləndirmə aktının surətindən də göründüyü kimi Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində iddiaçıya məxsus “Renault Megane” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, ehtiyat hissələrinin ümumi qiyməti 5195 manat, görüləcək işlərin toplam qiyməti isə 2520 manat təşkil etməklə, ümumilikdə 7715 manat məbləğində maddi ziyan dəymişdir. Lakin bu maddi ziyanın qarşılığında iddiaçı "xxxx" ASC tərəfindən iddiaçıya yalnız 3633,33 manat məbləğində sığorta ödənişi ayrılmışdır. İddiaçı cavabdehə müraciət edərək ondan dəymiş ziyana görə qalan 4081,67 manat məbləğində pulun ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Hal-hazırda iddiaçıya məxsus avtomobil yararsız vəziyyətdədir. İddiaçıya dəymiş maddi və mənəvi ziyandan əlavə həm də mülkiyyətçi kimi avtomobili ilə bağlı hüquqlarını da həyata keçirə bilmir. Bununla yanaşı, dəymiş ziyan nəticəsində avtomobili hələ də yararsız vəziyyətdə olması nəticəsində iddiaçı artıq iki aydır ki, avtomobilindən istifadə edə bilmir. Hələ bundan sonra nə qədər müddətə avtomobilsiz qalacağı da bilinmir. Yaranmış vəziyyətdə əlaqədar olaraq iddiaçı böyük məbləğdə maddi ziyanla yanaşı, həm də mənəvi iztirablara məruz qalmışdır. İki ay müddətində keçirtdiyi stress, əsəb və psixoloji sarsıntı nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında bildirmişdir ki, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş ziyanın aradan qaldırıması məqsədi ilə ona 3500 manat məbləğində pul ödənilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində o, inzibati xəta törətmiş və iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Lakin, iddiaçıya yol hərəkəti qaydalarının pozulması nəticəsində "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyan 3815 manat məbləğində müəyyən edilmiş və 2500 manat məbləğində zərər ödənilmişdir. Hazırda iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında göstərilən dəymiş zərərin məbləği şişirdirilmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə əldə edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Nal Auto” şirkətinin “Renault” avtomobil serviz mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına görə “Renault Megane” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza zaman dəyən ziyan ilkin olaraq 7715,0 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 06.01.2021-ci il tarixli 111572 nömrəli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatın surətindən görünür ki, “Renault Megane” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3815 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan 24.12.2020-ci il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol və 24.12.2020-ci il tarixli ******* nömrəli X5 haqqında Qərarın surətindən görünür ki, Cavabdeh 23.12.2020-ci il tarixində Nobel prospekti ərazisində “X6 Prado Mi” markalı 10XU008 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2021-ci il tarixli 9/6411 nömrəli Rəyindən görünür ki, “Renault” Serviz Mərkəzinin 15.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Renault Megane” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6124,0 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17.02.2021-ci il tarixli 9/9266 nömrəli Rəyindən görünür ki, "xxxx" ASC-nin 06.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Renault Megane” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3815,0 manat müəyyən edilir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23.12.2020-ci il tarixində ”X6 Prado Mİ” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Nobel prospekti üzrə hərəkət edərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, nəticədə İddiaçı məxsus “Renault Megane” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3815,0 manat məbləğində ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq iddiaçı X2 3500 manat məbləğində pul ödənilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 4081,67 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil cavabdeh tərəfindən idarə edildiyindən və mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən İddiaçı ona dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyini sübut qismində qiymətləndirərək hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər 3815 manat məbləğində müəyyən edildiyi və iddiaçı X2 avtomobilə dəymiş ziyanın əvəzi olaraq 3500 manat məbləğində pulun ödənildiynə görə, cavabdeh X1 zədələnmiş avtomobilin mülkiyyətçisi X2 dəymiş maddi ziyana görə 315 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Məhkəmə iddianın 3000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol qəzasına görə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 315 (üç yüz on beş) manat, mənəvi zərərə görə 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar