Məhkəmə qərarları › İş №2(011)-7918/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7918/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7918/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli ACAM2-5577-926 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 1.926,76 manat əsas borc, 67,64 manat carı faiz borcu və 170,99 manat carı dəbbə borcu olmaqla, cəmi 2.165,39 manat məbləğində borcun və 42,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında ikinciyə illik 18%, faizlə 24 ay müddətinə 3.500 manat kredit verilməsini nəzərdə tutan 30 iyun 2022-ci il tarixli ACAM2-5577-926 saylı kredit müqaviləsi imzalanmış və kreditin aylıq 175 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan "kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə 'TBC Kredit BOKT” MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 30 iyun 2022-ci il tarixli ACAM2- 5577-926+ACAM2-5582 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 13 oktyabr 2023-cü il tarixinədək verilmiş krediti üzrə 1.926,76 manat əsas borc, 67,64 manat cari faiz borcu və 170,99 manat cari dəbbə borcu olmaqla, cəmi 2.165,39 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, ACAM2-5577-926 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “kredit verən” bu müqavilənin şərtlərinə uyğun olaraq “Borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 3.500 (üç min beş yüz) manat məbləğində 24 ay müddətinə kredit verir. Müqavilənin 1.2-cü bəndinə uyğun olaraq “Borcalan” kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirir. Müqavilənin 2.1-ci maddəsinə uyğun olaraq kreditin istifadəsinə görə “Borcalan” illik 18% ödəyir. Müqavilənin 2.3-cü maddəsinə uyğun olaraq kreditlər üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. Kredit üzrə əsas borc və faizlər annuitet ödənişlər düsturu əsasında hesablanır. Müqavilənin 2.4-cü maddəsinə uyğun olaraq “Borcalan”ın götürdüyü kredit məbləğinə görə faiktiki illik faiz dərəcəsi 19,02%-yə bərabərdir. "xxxx" MMC (“Kreditor”) ilə Cavabdeh2 (“Zamin”) və Cavabdeh1 (“Borclu”) arasında xx.xx.2022-ci il tarixli, ACAM2-5577-926+ACAM2-5582 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə uyğun olaraq zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası “Kreditor” ilə “Borclu” arasında yazılı formada bağlanmış və “Borclu”ya, annuitet qaydada illik 18% faiz hesablanmaqla 24 ay müddətinə 3.500 manat məbləğində kredit verilməsini nəzərdə tutan “xx.xx.2022” tarixdə bağlanmış ACAM2- 5577-926 saylı kredit müqaviləsidir. Zaminliklə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq ödənişlər tərəflərin qarşılıqlı razılığı ilə hər təqvim ayının birində həyata keçirilir və ödənişlərin məbləği verilmiş kreditin həmin ay üçün müəyyən edilmiş əsas məbləği və faizlərin cəmindən ibarət olur. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq “Zamin” və “Borclu” kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmasına görə, o cümlədən məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya siğorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan ödəniş qrafiki Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin qrafikinə əsasən xx.xx.2022-xx.xx.2024-cü il tarixlərində cəmi 4.196,17 manat ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ACAM2-5577-926 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022xx.xx.2023-cü il tarixlərində cəmi 2.294,50 manat ödəniş etmişdir, onun 1.926,76 manat əsas, 67,64 manat faiz, 170,99 manat dəbbə borcu vardır. İşin materiallarında olan TBC Kredit Bank Olmayan Kredit Təşkilatı» MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 göndərilmiş bildirişin surətindən görünür ki, borcun ödənilməsi barədə onlara xəbərdarlıq ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Paşa Bank” hesab üzrə çıxarşından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 3.500 manat kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, əsas borc və faizlərin ödənilməsi ilə bağlı iddia tələbləri təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi iş materialları ilə müəyyən olunduğundan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ACAM2-5577-926 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbləri də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cərimənin ödənilməsi ilə bağlı iddia tələblərini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə dəbbə borcunun 170,99 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış borcun qaytarılmasına görə zamin olduğundan, qeyd edilən əsas, faiz və cərimə məbləğlərinin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 42,40 (qırx iki manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ACAM2- 5577-926 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.926,76 (bir min doqquz yüz iyirmi altı manat yetmiş altı qəpik) manat əsas borc, 67,64 (altmış yeddi manat altmış dörd qəpik) manat faiz borcu, 100 (bir yüz) manat dəbbə borcu və 42,40 (qırx iki manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.094,40 (iki min doxsan dörd manat qırx qəpik) manat borc məbləği alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar