Məhkəmə qərarları › İş №2(011)-793/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-793/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-793/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC-si Cavabdeh barəsində borcun tutulması tələbi ilə bağlı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4927/2017 saylı, 17 aprel 2017-ci il tarixli məhkəmə əmri qəbul edilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4927/2017 saylı, 17 aprel 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4927/2017 saylı, 25 noyabr 2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4927/2017 saylı, 17 aprel 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC-si tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 may 2015-ci il tarixdə bağlanmış VİP 15447 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 1320 ABŞ dolları olan (ümumi məbləğ 1320 ABŞ dolları) “Aplle iphone 6 16 GB Gray” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 120 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 66 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə 05 may 2015-ci il tarixdə bağlanmış VİP 15447 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1134 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin hər gün üçün məcmu borcun 1%-i həcmində 170 ABŞ dolları cərimə borcunun, cəmi 1304 ABŞ dollarının və 20 manat dövlət rüsumunun "xxxx" MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə, müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, VİP 15447 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya satış qiyməti 1320 ABŞ dolları olan “Aplle iphone 6 16 GB Gray” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh 05 may 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1134 ABŞ dolları əsas, 170 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1304 ABŞ dolları borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdehə ünvanladığı pretenziyaya əsasən məlum olur ki, cavabdeh 3 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu mülki işdə olan sübutlarla təsdiq edildiyindən, cavabdehdən 1134 ABŞ dolları əsas borc və 170 ABŞ dolları cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nəzərə alaraq ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hazırki iddianın baxılması ilə bağlı dövlət rüsumu 30 manat təşkil edir və həmin məbləğdən iddiaçı tərəfindən 20 manat dövlət büdcəsinə ödənilmişdir, cavabdehdən 20 manat dövlət rüsumu iddiaçının xeyrinə, 10 manat dövlət rüsumu dövlət büdcəsinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1134 ABŞ dolları əsas borc, 170 ABŞ dolları cərimə borcu olmaqla, cəmi`1304 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar