Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7933/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından bir övladları – xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3353/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və 50 manat məbləğində əlavə xərcin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
3. Cavabdeh fərdi sahibkarlıqla məşğul olan vergi ödəyicisi kimi ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin istiqaməti “istilik sistemlərinin pərakəndə satışı”dır, VÖEN statusu aktivdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı xx.xx.2016-ci il təvəllüdlü X1 üçün hər ay onun xeyrinə 235 manat sabit pul məbləği və uşağın xəstəliyi ilə bağlı hər ay 50 manat məbləğində əlavə xərcin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, cavabdehlə rəsmi nikaha girib ailə qurmuş, birgə nigahdan olan övladları onun himayəsində saxlanmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3353/2020 saylı qətnaməyə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağın xəstəliyi ilə bağlı hər ay 50 manat məbləğində əlavə xərcin tutularaq iddiaçıya ödənilməsi təyin edilmişdir. Həmin vaxtdan cavabdeh uşağın saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan indiki dövrə qədər bir dəfə də olsa ödəməmişdir. Cavabdeh xarici ölkədə yaşadığı üçün əmək haqqı qeyrimüəyyəndir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2020-ci ildə məhkəmə qətnaməsi qəbul edilən zaman onun rəsmi iş yeri var idi. Lakin, qətnamə qəbul edildikdən sonra cavabdeh işdən çıxmış və ölkə ərazisini tərk etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi qəbul edildikdən sonra əlavə xərcə görə 50 manat məbləğində pul vəsaitini də ödəməmişdir. Buna görə də, yenə 50 manat məbləğində əlavə xərcin tutulmasını istəyir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
16. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq onun sabit pul məbləğində tutulmasını tələb edir.
20. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment o halda tutula bilər ki, bu barədə tələb olsun, habelə aliment tutulmalı olan valideynin (yaxud digər tərəfin) qazancı qeyri-stabil və dəyişkən olsun, qazancının bir hissəsini natura və ya xarici valyuta ilə alsın, yaxud onun qazancı və ya sair gəliri olmasın.
21. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
22. Məhkəmə sabit pul məbləğində alimentin cavabdehdən tutulması qənaətinə gələrkən onu da qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi əsasında cavabdehin qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulan zaman cavabdeh "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləmiş və onun əmək haqqı 890 manat təşkil edirdi. Lakin, hal-hazırda “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş cavabdehin gəlir məlumatları əsasında müəyyən olunur ki, cavabdehin rəsmi iş yeri yoxdur.
23. Məhkəmə şərh edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat məbləğində tutulmalıdır.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
25. Alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
26. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 2670 manatdır (222,50 manat x 12 ay = 2670 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinə uyğun olaraq 46,70 manat təşkil edir.
27. Məhkəmə iddia tələbinin 50 manat məbləğində əlavə xərcin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə tələb edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın xəstəliyinə görə 150 manat məbləğində əlavə xərcin cavabdehdən tutulmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3353/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın xəstəliyi ilə əlaqədar olaraq 50 manat məbləğində əlavə xərcin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı hal-hazırda əvvəlki məhkəmə qətnaməsi ilə tutulmuş eyni miqdarda əlavə xərcin tutulmasını tələb etsə də, bunun üçün yeni əsasların yaranması ilə bağlı dəlillərini və sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər bir tərəfdən, AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3353/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 46,70 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı