Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7938/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanan 29 dekabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələblərinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfə müraciət etməsi ilə bağlı sənədləri iddia ərizəsinə əlavə etmədiyindən qanunvericiliyin tələblərini pozmaqla məhkəməyə müraciət etmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh qismində göstərilmiş Cavabdeh ASC-nin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 85, 192/193-dür. Göründüyü kimi, Cavabdeh ASC Bakı şəhəri, Xətai rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7938/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7938/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver