Məhkəmə qərarları › İş №2(011)-7979/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7979/2025

17.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7979/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia ərizəsi səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsindən də göründüyü kimi, iddia ərizəsi X2 tərəfindən imzalanmış və iddia ərizəsinə İddiaçı tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli etibarnamənin surəti əlavə edilmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş etibarnamədə X1 iddiaçının adından iddia ərizələrinin imzalanması, iddiaçının adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlərin verilməsi qeyd edilməmişdir. Həmçinin, qanunvericiliyin tələbinə görə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçının mediasiya prosesində iştirakı tələb olunduğu halda, onun mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da iddiaçı, qanunvericiliyin tələbini pozmaqla məhkəməyə müraciət etmidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edilsə də, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar və ya sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, eləcə də, iddia ərizəsinin forma tələbi pozulduğundan iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar