Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması, vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin üzərinə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 598 saylı mənzildə su və kanalizasiya boru-xətlərinin daim saz vəziyyətdə saxlanması öhdəliyinin qoyulması, cavabdehdən iddiaçının xeyrinə mənzilinə dəymiş 23.750 manat zərərin tutulması, cavabdehdən iddiaçının xeyrinə vəkil xərci ilə bağlı 300 manatın tutulması, cavabdehdən iddiaçının xeyrinə qiymətləndirmə şirkətinə xərc ilə bağlı 300 manatın tutulması, cavabdehdən iddiaçının xeyrinə ödədiyi dövlət rüsumu ilə bağlı 164 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 594 saylı iddiaçının mülkiyyətində olan mənzilə üst qonşusu olan ünvan 1 ünvanında yerləşən 598 saylı mənzildən su axıdılması nəticəsində əmlakına ciddi məbləğdə maddi zərər dəymişdir. İndiyə kimi su axıtma məsələsi müəyyən fasilələrlə illər öncə başlanmış və 5 dəfə bu hal təkrarlanmışdır. 2021-ci ilin əvvəllərində 3-cü dəfə evini su basmış və həmin zaman mentalitetə və qonşuluq anlayışına hörmət etdiyi üçün evini özü təmir etdirmiş, qonşuya sadəcə şifahi olaraq xəbərdarlıqla kifayətlənmişdir. Belə ki, xahiş etmişdir ki, su borularının sazlığını təmin etsinlər ki, bu hal təkrarlanmasın. Ən son 2021-ci il noyabr ayında Cavabdeh mülkiyyətində olan mənzildən, yəni həmin üst qonşudan 4 və 5-ci dəfə, bir ay ərzində evinə 2 dəfə su axıdılmışdır. Bu dəfəki subasma nəticəsində iddiaçının evini tamamilə su basmışdır. Su axıdılması nəticəsində evinin tavan şpaklyovka tavanına, şpaklyovka divarlara, alçıpana, qapı çərçivəsinə, asma tavana, oboya (“Zambaiti paraiti”), elektrik sisteminə, 1 dəst mətbəx mebelinə, aspiratora, qaz plitəsinə, audio sisteminə zərər dəymiş və demək olar ki, yararsız hala gəlmişlər. Söküntü və daşınma, həmçinin elektrik xərclərini və gözə görünməyən xərcləri də hesablasaq dəymiş zərərin məbləği 23.750 manatdır. Dəfələrlə üst qonşusu olan mənzilin mülkiyyətçisi Cavabdeh nümayəndəsi (deyəsən, yaxın qohumu və ya işçisidir) Hikmət ilə telefonla danışıqlarda, hətta dəfələrlə özü və ustasını göndərib mənzilinə baxış keçirsə də, çoxsaylı üzrxahlıq etsə də, “bugün ya sabah bütün məsrəfləri qarşılayacağıq” desə də, hər dəfə sözünü tutmamış, sonradan isə ümumiyyətlə telefonları götürməməyə başlamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquq elmində neqator iddia mülkiyyət hüquqi vasitələrdəndir və neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür, neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Hesab edir ki, indiyə kimi evinin 5 dəfə subasmasını və cavabdehin məsuliyyətsizliyini nəzərə alıb cavabdehin üzərinə öz mənzilində su ilə bağlı təchizatın sazlaşdırılması öhdəliyi də qoyulmalıdır. Belə ki, bu öhdəliyin qoyulması ilə gələcəkdə yeni su axıdılması hallarının və onun məntiqi davamı olaraq iddiaçının yenidən təzminatla bağlı məhkəmədə iddia qaldırmaq riskinin qarşısı alınacaq. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, ünvan 1, mənzil 598 iddiaçının, onun üst mərtəbəsində yerləşən ünvan 1, mənzil 594 cavabdehin mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfindən onun mənzilinə suyun axıdılmasını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən suyun axıdılıbaxıdılmadığını, ziyan vurulmuşsa, ziyanın həcminin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 29 sentyabr 2022-ci il tarixli 10/4185 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında, ünvan 3 ünvanında yerləşən 594 və 598 saylı mənzillərin yerləşdiyi binanın su kanalizasiya boru xətlərinin çəkilməsinə dair layihə sənədləri olmadığından sözügedən mənzillərin yerləşdiyi binada su kanalizasiya xətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun çəkilib-çəkilmədiyini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlər cümlədən tədqiq olunan 594 saylı mənzilin dəhliz, yaşayış otağı və mətbəx tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 594 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 598 saylı mənzildən su axıdıldığı və nəticədə 594 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 598 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su kanalizasiya xəttləri təmir olunduğundan, üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 594 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 594 saylı mənzilə su sızması 598 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 598 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. ünvan 3 ünvanında yerləşən 594 saylı mənzilinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3.785 manat məbləğində müəyyən olunmuşdur. Smetaya əsasən: tavan və divara vurulmuş şpatlyovka, boya qatı və divar kağızının qaşınması – 330 manat, tavan və divarlara şpaklyovka və boya qatının vurulması – 495 manat, şpaklyovka – 154 manat, boya – 60 manat, asma tavanın quraşdırılması (material ilə birlikdə) – 900 manat, divarlara divar kağızının vurulması – 375 manat, divar kağızı – 1.200 manat, yapışqan – 21 manat, elektrik xətlərinin bərpası – razılaşma qiyməti, nəqliyyat və əlavə xərclər – 250 manat. Məhkəmə tərəfindən kompleks məhkəmə ekspertizası təyin edilmiş və iş materialları yenidən ekspertizaya göndərilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22 yanvar 2024-cü il tarixli 9/6291 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus 598 saylı mənzilə baxış zamanı mənzilin sanitar qovşağının su və kanalizasiya boru xəttlərində, sanitar qovşaq avadanlıqlarında, həmçinin, su xəttinin sanitar qovşaq avadanlıqlarına birləşən hissələrindən hər hansı bir qüsur (su sızıntısı, boru birləşmələrindən boşluqlar və ya çatlar və s.) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda ünvan 4 ünvanında yerləşən 594 saylı mənzilə su sızması həmin ünvanda yerləşən 598 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Rəyin tədqiqat hissədində qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət şəbəkələrində, internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, mətbəx mebelinə və aspiratora dəymiş ziyanın ümumi dəyəri təxminən 750 manat müəyyən edilir (Mətbəx mebeli 6,86 (3,78+3,08) p/m ölçülü rütubət çəkməsi nəticəsində birləşmələr və sair şişmişdir. təmir bərpasına çəkiləcək xərc – 500 manat, Aspirator işlək deyil. istifadədə olmuş, normal vəziyyətdə olan aspirator – 250 manat, Qaz plitəsində korroziya izləri mövcuddur. Nəzərə çarpacaq zədə aşkar edilmədi. Audio sistem və domofona dəymiş ziyanın müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekpsertizasının predmetinə aid deyil. Qeyd edilən mallara dəymiş ziyanın müəyyən edilməsi həmin sahə üzrə ixtisaslaşdırılmış mütəxəssis tərəfindən müəyyən edilə bilər). Məhkəmə tərəfindən qoyulmuş sualların yenidən cavablandırılması üçün təkrar kompleks məhkəmə ekspertizası təyin edilmiş, iş materialları ekspertizanın aparılmasından imtina edilərək rəy verilmədən məhkəməyə qaytarılmışdır. İtaldizayn Group tərəfindən iddiaçıya ünvanlanmış 07 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2013-cü il tarixində iddiaçının aldığı mətbəx qarnitura dəymiş ziyan, şirkət - İtaldizayn QSC (VÖEN: **********) tərəfindən attestasiya olunmuşdur. Aparılmış ekspertiza nəticəsində və İtaliyada yerləşən malın istehsalçısı ilə əlaqə saxlanıldıqdan sonra müəyyən edilmişdir ki, dəymiş ziyanın aradan qaldırılması qeyrimümkündür. Mətbəx qarnituruna dəymiş ziyanın təmiri mümkünsüzdür və mətbəx yenilənməlidir. İddiaçı tərəfindən 10 dekabr 2021-ci il tarixdə müstəqil qiymətləndirmə aparılmış, Vecon Consulting qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, ünvan 4 ünvanında yerləşən 594 mənzilə su sızması nəticəsində dəymiş zərər 23.750 manat məbləğində müəyyən edilmişdir. Görüləcək işlərin qiyməti belədir: söküntü və daşınma xərcləri – 443 manat, şpaklyovka tavan – 398.70 manat, şpaklyovka divarlar – 960 manat, alçıpan – 354.40 manat, qapı çərçivəsi – 120 manat, asma tavan – 900 manat, oboy (Zmbaiti Parati) – 1.200 manat, divarların oboy ilə üzlənməsi – 376.20 manat, elektrik işləri – 400 manat, mətbəx mebeli 1 dəst – 15.828,40 manat, aspirator – 120 manat, qaz plitəsi – 650 manat, audio sistem – 850 manat. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün BHM və Partnyorları Vəkil bürosunun hesabına 300 manat vəsait ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin yaşadığı 598 saylı mənzildən həmin mənzildən aşağı mərtəbədə yerləşən iddiaçının yaşadığı 594-cü mənzilə su axıdılmış və bununla da iddiaçının mənzilinə ziyan dəymişdir. Məhkəmə iddia tələbinin cavabdehin üzərinə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 598 saylı mənzildə su və kanalizasiya boru-xətlərinin daim saz vəziyyətdə saxlanması öhdəliyinin qoyulması hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, ekspert rəyi ilə cavabdehə məxsus mənzildən iddiaçının mülkiyyətində olan mənzilə suyun axıdılması öz təsdiqini tapmışdır, bu səbəbdən iddia həmin hissədə təmin edilməli və cavabdehin üzərinə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 598 saylı mənzildə su və kanalizasiya boru-xətlərinin daim saz vəziyyətdə saxlanması öhdəliyi qoyulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə mənzilinə dəymiş 23.750 manat zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, araşdırılmış iş materialları ilə müəyyən olunur ki, su sızma nəticəsində iddiaçının evinin əsasən mətbəx hissəsinə ziyan dəymişdir. Araşdırma nəticəsində ziyanın mətbəxin tavanına, divarlarına, qapı çərçivəsinə, elektrik sisteminə, mətbəx mebeli və aspiratoruna, audio sisteminə dəydiyi müəyyən edilir. Məhkəmə iclaslarında iştirak edən iddiaçını vəkili bildirmişdir ki, mətbəx mebelinin hansısa hissəsinə deyil, bütövlükdə mebelə ziyan dəymiş və dəymiş ziyanın aradan qaldırılması mümkün olmadığından mebel yenisi ilə əvəz edilməlidir. Vəkil istinad etdiyi halları təsdiq etmək üçün mətbəx mebelinin alındığı mebel mağazasının (İtal Dizayn) verdiyi arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, verilmiş arayışdan mətbəx mebelinin 2013-cü ildə alınması müəyyən edilir. Mənzilə dair su sızma isə 2021-ci ilə təsadüf edir. İstinad olunan müddət ərzində (2013-2021) mebelin əvvəlki vəziyyətdə saz qalması istisna edilir və iddiaçının dediyi kimi mebelin sıradan çıxmasının məhz su sızma nəticəsində olması ağlabatan olmamaqla yanaşı, buna dəlalət edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Həmçinin, sözügedən mətbəx mebelinin iddiaçının qeyd etdiyi 15.000 manata əldə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, mebelin 15.000 manata qiymətləndirilməsini yalnız iddiaçı tərəfindən təqdim edilmiş hesabatdan müşahidə etmək olur. Bunun əksi olaraq, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyindən də görünür ki, mətbəx mebelinin rütubət çəkməsi nəticəsində birləşmələri və sair şişmişdir, təmir bərpasına çəkiləcək xərc 500 manatdır. Belə olan halda məhkəmə cavabdehdən iddia tələbində göstərilən 15.000 manatın tutulmasını ağlabatan hesab etməyərək ekspert rəyi üzrə dəymiş ziyanın həcmini ağlabatan hesab edərək mebelə dəymiş ziyan olaraq 500 manat vəsaitin cavabdehdən tutulması qənaətinə gəlir. Məhkəmə qaz plitəsinə dəyən ziyanın əvəzinin tutulmasına münasibətdə qeyd edir ki, ekspert rəyində korroziya izlərinin olması, lakin plitəyə ziyanın dəymədiyi qeyd edildiyindən, məhkəmə iddia tələbini bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə mətbəxin təmirinə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyində qeyd edilən qiymətləndirməni ağlabatan hesab edərək tavan və divara vurulmuş şpaklyovka, boya qatı və divar kağızının qaşınmasına görə 330 manat, tavan və divarlara şpaklyovka və boya qatının vurulmasına görə 495 manat, şpaklyovkaya görə 154 manat, boyaya görə 60 manat, asma tavanın quraşdırılmasına (material ilə birlikdə) görə 900 manat, divarlara divar kağızının vurulmasına görə 375 manat, divar kağızına görə 1.200 manat, nəqliyyat və əlavə xərclərə görə 250 manat, yapışqana görə 21 manat, ümumilikdə 3.785 manat pulun cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, araşdırma nəticəsində (iş materiallarına əlavə edilmiş foto və videogörüntü ilə müəyyən edilir) əlavə olaraq alçipan, qapı çərçivəsi, audio sistemə və elektrik xətlərinə ziyan dəyməsi aşkar edilsə də, dəymiş ziyanın məbləği ekspert rəyləri ilə müəyyən edilmədiyindən məhkəmə həmin avadanlıqlara münasibətdə ziyanın məbləğinin müəyyən edilməsində iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatını əsas götürməyi ağlabatan hesab edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müstəqil qiymətləndirmə hesabatından görünür ki, alçipan – 354.40 manat, qapı çərçivəsi – 120 manat, audio sistem – 850 manat, elektrik xətlərinin bərpası – 400 manat məbləğində müəyyən edilmişdir. Odur ki, qeyd edilən avadanlıqlara dəyən ziyanın əvəzi olaraq cavabdehdən 1.724,40 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə vəkil xərci ilə bağlı 300 manatın tutulması hissəsinə münasibətdə bildirir ki, iddiaçı BHM və Partnyorları Vəkil bürosunun vəkili Vəkil2 tərəfindən hüquqlarının müdafiə edilməsi üçün büronun hesabına 300 manat vəkil xərci ödəmişdir. Bu səbəbdən iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə qiymətləndirmə şirkətinə xərc ilə bağlı 300 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı qiymətləndirmə hesabatını məhkəməyə təqdim etsə də, qiymətləndirmə üçün 300 manat xərc çəkməsinə dair dəlili məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia həmin hissədə əsassız olmaqla təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 6.009,40 manat, hüquqi yardımın əvəzi olaraq vəkilə ödənilən 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 164 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat və 50 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş 164 manat dövlət rüsumunun 41 manatı Cavabdeh tutulub İddiaçı ödənilməli, qalan 123 manatı iddiaçının özünə aid edilməli, eyni zamanda ekspert tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 6.009,40 (altı min doqquz manat qırx qəpik) manat, vəkil xərcinə görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manatı tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun 123 (bir yüz iyirmi üç) manatı İddiaçı özünə aid edilsin. Keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver