Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8010/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.000 manat əsas borc məbləğinin və 1.200 manat faiz borcunun, 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci ilin sonlarında iddiaçıdan 24.000 manat borc pul almışdır. İddiaçı Bakı şəhəri 1 saylı klinik xəstəxanasında tibb bacısı, cavabdeh isə həmin xəstəxanada xadimə işləyir. Cavabdeh 2020-ci ilin sonlarında Türkiyədən paltar gətirib satmaqla məşğul olduğunu və bunun üçün ona əlavə pul lazım olduğunu bildirərək iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 24.000 manat pul almışdır. Cavabdeh qısa müddət ərzində pulu qaytaracağını söz versə də, vədinə əməl etməyərək pulu qaytarmamışdır. İddiaçı cavabdeh barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi 13 fevral 2021-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 24.000 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 13 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nəsimi RPİ tərəfindən Cavabdeh izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, o, İddiaçı 24.000 manat məbləğində pul almışdır. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Məhkəmə cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, nə qədər ki, cavabdeh cinayət işinin istintaqı və məhkəmə araşdırması zamanı verdiyi ifadələrində iddiaçıdan 24.000 manat pul vəsaitini aldığını etiraf etmişdir, bu hal iş üzrə mübahisəsiz haldır. Eyni zamanda, cavabdeh məhkəmə araşdırması zamanı öz ifadəsində iddiaçıya 20.000 manat pulu geri qaytardığını bildirmiş və borcu qaytarması ilə bağlı əlyazmanı sübut qismində məhkəməyə təqdim etmişdir. Lakin həmin əlyazmanın cavabdehin özü tərəfindən icra edilmiş qeyd olması və həmin əlyazmanın cavabdehin iddiaçıya olan borcuna münasibətdə tərtib edilməsi məhkəmə iclasında aşkarlanmadığından məhkəmə həmin əlyazmanı mötəbər sübut qismində qəbul etmir. Beləliklə məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 24.000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 1.200 manat faiz borcunun alınıb iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf faiz borcunu hansı hesablama qaydaları ilə apardığını, qeyd olunan məbləğin hansı tarixdən və hansı müddətə hesablanmasını göstərməmiş, o cümlədən tələb olunan faiz borcunun mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.000 (iyirmi dörd min) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8010/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8010/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver