Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8036/2021 16.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh və Zamin iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və Zamin müştərək qaydada 993,87 ABŞ dolları əsas borc, 663,95 ABŞ dolları faiz borcu, 1177,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147,28 ABŞ dolları faiz borcu olmaqla cəmi 2982,55 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 18.02.2015-ci il tarixli, 90005172 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 12850 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Zamin arasında bağlanmış 18.02.2015-ci il tarixli, 90005172ZM saylı zaminlik müqaviləsinə əsasən öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18.02.2015-ci il tarixli, 90005172 saylı kredit müqaviləsi üzrə bağlanmış 24.04.2017-ci il tarixli, 2 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6290,31 USD təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 24.10.2018-ci il tarixədək uzadılmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış 24.04.2017-ci il tarixli, 2 nömrəli əlavə sazişlə zamin kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələrlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 10.09.2021-ci il tarixə kredit üzrə cəmi borcu 2982.55 ABŞ dolları təşkil edir. Bundan 993.87 ABŞ Dolları əsas, 663.95 ABŞ dolları faiz, 1177.45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147.28 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh və Zamin iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdilər Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.02.2015-ci il tarixli, 90005172 saylı kredit müqaviləsinnin surətindən görünür ki, bank tərəfindən borc alana 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 12850 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.04.2017-ci il tarixli, 2 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6290,31 USD təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 24.10.2018-ci il tarixədək uzadılmışdır. "xxxx" ASC ASC ilə Zamin arasında bağlanmış 18.02.2015-ci il tarixli, 90005172/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borc verən qarşısında borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə edilmiş dəyişikliklərlə əlaqədar "xxxx" ASC ASC ilə Zamin arasında 24.04.2017-ci il tarixli, 2 nömrəli əlavə saziş imzalanmışdır. 20.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.02.2015-ci il tarixli, 90005172 saylı kredit müqaviləsi üzrə banka borcu 993,87 ABŞ dolları əsas borc, 663,95 ABŞ dolları faiz borcu, 1177,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147,28 ABŞ dolları faiz borcu olmaqla cəmi 2982,55 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh 18.02.2015-ci il tarixli, 90005172 saylı kredit müqaviləsi üzrə banka 993,87 ABŞ dolları əsas borc, 663,95 ABŞ dolları faiz borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147,28 ABŞ dolları faiz borcunun qalması, Zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşıması və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsinə dair üzərinə məsuliyyət götürməsi müəyyən olunmuşdur. Ona görə də, həmin borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 1177,45 ABŞ dolları məbləğində cərimənin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə 1177,45 ABŞ dolları məbləğində cərimə tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan cərimə 77,45 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 63 faiz həcmində təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 18,90 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 993,87 ABŞ dolları əsas borc, 663,95 ABŞ dolları faiz borcu, 77,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 147,28 ABŞ dolları faiz borcu olmaqla cəmi 1882,55 (bir min səkkiz yüz səksən iki dollar 55 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 18,90 (on səkkiz manat 90 qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-8036/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8036/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver