Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8046/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 22 may 2014-cü il təvəllüdlü X1 və 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun yetkinlik yaşma çatana qədər saxlanması üçün tutulan alimentin miqadarı dəyişdirilərək, Cavabdehdan hər uşağa hər ay 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə bağlı 200 manatın iddiaçının xeyrinə tutulması və mediasiya üçün ödədiyi 50 manatın Cavabdehdan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə Cavabdehdan 22 may 2014-cü il təvəllüdlü X2 və 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlu yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat cəmi 386 manat olmaqla sabit pul məbəğində aliment tutulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra olunması üçün adiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Bundan əlavə olaraq uşağın əliliyi ilə bağlı pisixoloji xəstəliyindən əziyyət çəkir və bununla bağlı daima həkim nəzarətində olur. Hazırda da uşağın müalicəsi davam edir. Tərəflərin izahatları: Məhkəmə iclasına gəlməyən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(011)-3074/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlamış nikah pozulmuş, birgə münasibətlərdən olan 22 may 2014-cü il təvəllüdlü X4 və 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun anasının himayəsinə verilməsi və uşaqların saxlanması üçün Cavabdehdan hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manat alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda uşaqların saxlanılması üçün onun xeyrinə tutulan alimentin artırılmasını, həmçinin uşaqlardan birinin xəstə olması səbəbindən cavabdehdən əlavə olaraq hər ay 200 manat pulun tutulmasını tələb edir. Verilmiş sorğuya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun sağlamlıq imkanlarının məhdudluğu müddəti Tibbi-sosial ekspert komissiyası tərəfindən 14 yanvar 2019-cu il tarixdən 31 yanvar 2035-ci il tarixinədək müəyyən edilmiş, ona sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs) kimi sosial müavinət təyin edilmiş və ödəniş davam etdirilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın bu hissədə təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin artırılması hissəsinə münasibətdə qeyd edir ki, alimentin artırılması ilə bağlı qətnamələr qanuni qüvvəsini aldıqdan sonra icra edildiyindən, aliment yalnız həmin qətnamə öz qanuni qüvvəsini aldıqdan sonra artırılır. Odur ki, iddia bu hissədə əsassızdır. Məhkəmə iddia tələbinin uşağın xəstəliyi ilə bağlı 200 manatın iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, idida bu hissədə təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun sağlamlıq imkanlarının məhdudluğu müddəti Tibbi-sosial ekspert komissiyası tərəfindən 14 yanvar 2019-cu il tarixdən 31 yanvar 2035-ci il tarixinədək müəyyən edilmiş, ona sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs) kimi sosial müavinət təyin edilmiş və ödəniş davam etdirilir. Tərəflər arasında əlilliyi müəyyən edilmiş uşağın saxlanılmasında cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı hər hansı saziş bağlanmamış, uşağın xəstəliyi ilə əlaqədar ona dövlət tərəfindən müavinət ödənilməsi həyata keçirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, uşağın psixoloji xəstəlikdən də əziyyət çəkməsi iddiada qeyd edilsə də, buna dəlalət edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli qərarına əsasən Xidmətlər Zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısında psixoloq konsultasiyasının yetkinlik yaşına çatmayan uşaqlar üçün ödənişsiz həyata keçirildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(011)-3074/2022 saylı qətnaməsi əsasında 22 may 2014-cü il təvəllüdlü X4 və 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 may 2014-cü il təvəllüdlü X4 və 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 50 manat mediasiya xəri ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, qanunla iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 76.40 manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilməli, cavabdehdən 50 manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(011)- 3074/2022 saylı qətnaməsi əsasında 22 may 2014-cü il təvəllüdlü X4 və 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 may 2014-cü il təvəllüdlü X4 və 20 yanvar 2017-ci il təvəllüdlü Bağırov Cahid Ədalət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8046/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8046/2024
12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver