Məhkəmə qərarları › İş №2(011)-8050/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8050/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8050/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4715 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 39.277.14 manat (otuz doqquz min iki yüz yetmiş yeddi manat on dörd qəpik) manat pulun və dövlət rüsumu qismində ödənilmiş 208 (iki yüz səkkiz) manat pulun, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddianın dəlilləri İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4715 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2015-ci il buraxılışlı, sedan tipli, KMHE341AGGA166422 şassi nömrəli, ağ rəngli, 77-AD- 855 dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 6700 (altı min yeddi yüz) manat, 36 ay müddətinə, hər ay üzrə 964 (doqquz yüz altmış dörd) manat ödəniş etməklə, 41395.78 (qırx bir üz yüz doğsan beş manat yetmiş səkkiz qəpik) manata satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh “Hyundai Sonata” minik markalı, 2015-ci il buraxılışlı, sedan tipli, KMHE341AGGA166422 şassi nömrəli, ağ rəngli, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin ödəniş 6700 (altı min yeddi yüz) manat, 1 ay 964 (doqquz yüz altmış dörd) manat ödəniş etmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Beləliklə xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 33.731.78 (otuz üç min yedd yüz otuz bir manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcu qalmışdır. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 124 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirildiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə (124x50=6200) haqqı hesablanmaqla 6200 (altı min iki yüz) manat məbləğində icarə haqqı yaranmışdır. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 124 gün istifadə edərək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 1195.36 (min yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində cərimə pulu hesablanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2024- cü il tarixində 350 (üç yüz əlli) manat, xx.xx.2024-cü il tarixində isə 1500 (min beş yüz) manat cərimə ödəmişdir. Göstərilən pul tələblərinin ümumi məbləği 39.277.14 manat (otuz doqquz min iki yüz yetmiş yeddi manat on dörd qəpik) təşkil edir. xx.xx.2024-cü il tarixli, 4715 saylı nisyə alqı-satqı Müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək, və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2024-cü il tarixli, 4715 saylı nisyə alqı-satqı Müqaviləsinin 7.2 bəndinə əsasən müqavilə üzrə Alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə Alıcı Satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytardmır. Eyni zamanda müqavilənin 8.1.2 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə Satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. Cavabdehin iddiaya dair münasibəti. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4715 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2015-ci il buraxılışlı, sedan tipli, KMHE341AGGA166422 şassi nömrəli, ağ rəngli, 77-AD- 855 dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 6700 (altı min yeddi yüz) manat, 36 ay müddətinə, hər ay üzrə 964 (doqquz yüz altmış dörd) manat ödəniş etməklə, 41395.78 (qırx bir üz yüz doğsan beş manat yetmiş səkkiz qəpik) manata satılmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə haqqı ödənilməlidir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 124 gün istifadə edərək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 1195.36 (min yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində cərimə pulu hesablanmışdır. Cavabdeh “Hyundai Sonata” minik markalı, 2015-ci il buraxılışlı, sedan tipli, KMHE34İAGGA 166422 şassi nömrəli, ağ rəngli, 77-AD- 855 dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin ödəniş 6700 (altı min yeddi yüz) manat, 1 ay 964 (doqquz yüz altmış dörd) manat ödəniş etmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Beləliklə,xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 33.731.78 (otuz üç min yedd yüz otuz bir manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat məbləğində cərimə ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 4715 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 77-AD- 855 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh kredit yolu ilə satılmış, avtomobilin dəyəri 41395.78 manat müəyyən edilmişdir. Cavabdeh avtomobil üçün 6700 manat ilkin ödəniş etmiş, 1 ay 964 manat ödəniş edərək, cəmi 7664 manat ödəniş etmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra heç bir ödəniş etməyərək 33731.78 manat məbləğində əsas borcu qalmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilə üzrə hər ay 964 manat ödəməli olduğu halda, müqavilə bağlandığı gündən cəmi 7664 manat məbləğində ödəniş edərək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, “Hyundai Sonata” minik markalı, 77-AD- 855 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya geri qaytarılmalı, avtomobil qaytarılmadığı halda alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 33731.78 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya qalan 5545.36 manat məbləğində icarə haqqının iddiaçıya qaytarılması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissə də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehin ödənişi gecikdirdiyinə görə avtomobilin təhvil verildiyi günə qədər ödənişin gecikdirildiyi hər gün üçün 50 manat icarə haqqının iddiaçıya ödənilməsinə dair öhdəliyi yaranmışdır. Göründüyü kimi, müqavilənin predmeti olan avtomobilin ödənişi xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 124 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirildiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə (124x50=6200) haqqı hesablanmaqla 6200 (altı min iki yüz) manat məbləğində icarə haqqı yaranmışdır. Lakin cavabdeh bu məbləğdən 654.64 manat iddiaçıya ödəmişdir. Odur ki, iddia bu hissədə də təmin edilərək 5545.36 (6200-654.64=5545.36) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 208 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, istinad edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4715 saylı nisyə alqısatqı müqaviləsi ləğv edilsin. “Hyundai Sonata” minik markalı, 77-AD- 855 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. “Hyundai Sonata” minik markalı, 77-AD- 855 dövlət qeydiyyat nişanlı avtomobil geri qaytarılmadığı halda İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4715 saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 33731.78 (otuz üç min yeddi yüz otuz bir manat, yetmiş səkkiz qəpik) manat, icarə haqqının əvəzi olaraq 5545.36 (beş min beş yüz qırx beş manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar