Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8085/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflərin birgə nikahından üç övladları – xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. 17.07.2019-cu il tarixdə verilmiş icra vərəqəsindən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9205/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. İddiaçı Bakı Şəhəri Üzrə Təhsil İdarəsində uşaq bağçaları üzrə tərbiyəçi vəzifəsində işləyir.
4. Cavabdehin digər faktiki nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9205/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaqğa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan üç övladları anadan olmuşdur. Bakı şəhər Xətai Rayon məhkəməsinin 2019-cu il tarixli 2(103)-9205 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 160 manat olmaqla cəmi 480 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Hal-hazırda onlar ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırlar. Övladları da onunla birlikdə qalmaqla iddiaçının himayəsindədirlər.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmliyyat olunduğuna görə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, əvvəllər şirkətdə sürücü vəzifəsində işləyirdi, hal-hazırda sağlamlığında yaranmış problemlə əlaqədar olaraq işləyə bilmir. Həmçinin, ikinci dəfə faktiki nikaha daxil olmuş və həmin nikahdan da bir övladı doğulmuşdur. Uşaqların saxlanılması üçün hər ay alimenti ödəyir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
16. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, müəyyən edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
20. Məhkəmə iddiaçının göstərdiyi dəlillə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
21. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər. Eyni zamanda, uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olması da nəzərdə tutulmuşdur.
22. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqğın saxlanılması barədə məhkəmə qətnaməsi ilə aliment tutulduqdan sonra, yəni 2019-cu il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər bir neçə dəfə artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
23. Məhkəmə qeyd edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Həm də, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu da müəyyən edir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər.
24. Məhkəmə hesab edir ki, alimentin tutulması uşaqların mənafeyinə xidmət etməklə bərabər, eyni zamanda onların ümumilikdə fiziki, əqli, mənəvi, sosial baxımdan sağlam və normal şəraitdə yaşamaları məqsədilə təyin edilir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmnin qənaətinə görə, Ailə Məcəlləsinin 112.1-ci maddəsində “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra” müddəasının olması qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının sonradan dəyişdirilməsi barədə iddianın irəli sürülməsi və məhkəmə qərarı ilə müsbət həll edilməsini istisna etməməlidir.
25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. Lakin, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunur ki, cavabdeh yenidən faktiki nikaha daxil olmuş və onun faktiki nikahından da bir azyaşlı övladı var. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları əsasında müəyyən olunur ki, cavabdehin hal-hazırda rəsmi iş eyri yoxdur. Cavabdeh məhkəmə iclasında da bildirmişdir ki, səhhətində olan problemlərlə əlaqədar olaraq hal-hazırda hər hansı bir fiziki işdə işləyə bilmir.
27. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin maddi və ailə vəziyyəti mütləq nəzərə alınmalıdır. Yuxarıda da göstərildiyi kimi cavabehin rəsmi iş yeri yoxdur. Həmçinin, iddiaçı da, cavabdehin əlavə qazancının və gəlilrərinin olmasını iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin ailə vəziyyətinə gəldikdə isə, bildirmişdir ki, o, ikinci faktiki nikaha daxil olmuşdur. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan isə müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il təvəllüdlü Aişə adlı bir azyaşlı övladı vardır. Məhkəmə qeyd edir ki, uşaq hüquqları barədə qanunvericiliyə əsasən hər bir uşağın müəyyən edilmiş minumum yaşayış məbləğindən az olmayan həddə maddi təminat hüququnun olması eyni zamanda, aliment tutularkən uşaqların hər birinin bu hüquqularının bərabər təmin olunmasının da nəzərə alınmasını tələb edir. Əks halda bu uşaqların maddi təminat hüquqlarının qeyri-bərabər təmin olunması ilə nəticələnə ilər. Bu halda, iddiada göstərilən həcmdə cavabdehdən hər ay 470 manat məbləğində alimentin tutulması ilk növbədə onun digər nikahdan doğulmuş övladının hüquqlarını həddən artıq ağırlaşdıra bilər. Odur ki, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilərək cavabdehdən hər ay hər uşaq üçün 190 manat alimentin tutulması daha məqsədəuyğundur.
28. Alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
29. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 720 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9205/2019 saylı, xx.xx.2019-cu qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı