Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8099/2021 27.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 2600 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə yaxın tanışı Ə.Xanbabayev vasitəsilə tanış olmuşdur, bu tanışlıqdan sonra aralarında yaxın münasibət yaranmış, bir-birinin evinə qonaq gəlib getmişlər, əvvəllər özü neft daşlarında işləmişdir, işlədiyi dövrdə ev növbəsinə durmuşdur, lakin işdən çıxdıqdan sonra onu ev növbəsindən çıxarmışlar, 2019-cu ildə söhbət zamanı bu barədə cavabdehə danışmışdır, cavabdeh bildirmişdir ki, onun ev növbəsini bərpa etdirə bilər, bunun üçün 3000 manata yaxın xərci çıxacaqdır, yaxın tanışı olduğu üçün ona inanmış, ilk olaraq cavabdehə 2000 manat pul vermişdir, daha sonra cavabdeh ona zəng edərək əlavə pul lazım olduğunu bildirmiş, poçt vasitəsilə cavabdehə 600 manat əlavə pul göndərmişdir, bir müddət sonra cavabdehlə işlə bağlı maraqlandıqda, o, işin tezliklə həll olunacağını bildirmişdir, lakin vaxt ötdükcə cavabdehin onu aldatdığını hiss etmişdir, bu səbəbdən pulunu qaytarmasını istəmişdir, lakin cavabdeh bundan boyun qaçırmış, pulu qaytarmamışdır, bu səbəbdən Polis Şöbəsinə şikayət etmişdir, uzun araşdırmalar sonra 28 fevral 2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir, həmçinin cavabdeh polis şöbəsində izahat verərkən ondan 2600 manat pulu borc aldığını etiraf etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 27.12.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nizami RPİ 24 saylı PŞ-in 28 fevral 2020-ci il tarixli cinayət işinin başlannmasının rədd edilməsi haqqında Qərarla müəyyən edilmiş hallardan görünür ki, təhqiqat araşdırması zamanı Cavabdeh etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə İddiaçı 2600 manat pulu əvəzsiz və qanunsuz olaraq mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə etməsinə yönəldiyi üçün onun əməlinin Cinayət Məcəlləsinin 178ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki Cavabdeh biznes fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə İddiaçı 2600 manat borc almış və vədinə əməl etməyib, borcunu qaytarmamışdır, bununla tərəflər arasında mülki münasibətlər pozulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı xidmətlər göstərilməsi adı ilə 2600 manat pul almışdır, Nizami RPİ 24 saylı PŞ-in 28 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar ilə mübahisədə cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1092.1.2-ci maddəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi kimi 2600 manat məbləğində pul İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2600 (iki min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8099/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-8099/2021
27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver