Məhkəmə qərarları › İş №2(011)-8105/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8105/2025

11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8105/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Məhkəməsinin 2(015)-792/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün 246 manat olmaqla, ümumilikdə 492 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 12 yanvan 2013-cü il-tarixdə nikaha daxil olmuşdurlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Ağstafa rayon Məhkəməsinin qətnaməsi ilə nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, cavabdehin qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdehin qazancı kifayət qədər olmadığı üçün 2 uşağa görə hər ay 127 manat aliment alır. Hazırki vəziyyətdə qeyd olunan aliment məbləği uşaqların ehtiyaclarını ödəmək üçün yetərli deyil. Belə ki, cavabdeh övladların saxlanılmasında və digər ehtiyaclarının qarşılanmasında qətnamə ilə müəyyən edilmiş alimentdən savayı heç bir köməklik göstərmir. Bu səbəbdən də Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artıtılması hesab edirəm ki. məqsədə müvafiqdir. Həmçinin 2025-ci ildə ölkəmizdə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Odur ki, Ağstafa rayon Məhkəməsinin 2(015)-792/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin artırılaraq bir uşağa 246 (iki yüz qırx altı) manat olmaqla, iki uşaq üçün 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi zərurət təşkil edir. Yuxarıda qeyd edilən hallarla bağlı mübahisənin məhkəmədən kənar mediasiya yolu ilə həll edilməsinə nail olmağa çalışsam da bu mümkün olmamışdır. Belə ki, cavabdeh mediasiya prosesində iştirak etmiş və nəticədə mediasiya prosesinin keçirilməsi və mübahisənin həlli mümkün olmamışdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Ağstafa Rayon Məhkəməsinin 2(015)-792/2024 saylı 27 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 12 yanvar 2013-cü il tarixdə Ağstafa rayon Qeydiyyat şöbəsində 03 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 06 oktyabr 2012-ci il təvəllüdlü X3 və 02 aprel 2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması və Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq 06 oktyabr 2012-ci il təvəllüdlü X1 və 02 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay iddiaçının aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. 2 saylı “Bakı Asan Xidməti” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 765880 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 02 aprel 2016-cı il tarixində Ağstafa rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Ağstafa Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 978266 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 06 oktyabr 2012-ci il tarixində Ağstafa rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan iddia təmin edilməli Cavabdeh Ağstafa Rayon Məhkəməsinin 2(015)-792/2024 saylı 27 noyabr 2024cü il tarixli qətnaməsinə əsasən 06 oktyabr 2012-ci il təvəllüdlü X3 və 02 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: mediasiya təşkilatına ödənilmiş 60 manat; Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından mediasiya təşkilatına ödənilmiş 60 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Qət etdi: İddia təmin olunsun. Cavabdeh Ağstafa Rayon Məhkəməsinin 2(015)-792/2024 saylı 27 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən 06 oktyabr 2012-ci il təvəllüdlü X3 və 02 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 21 oktyabr 2025-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar