Məhkəmə qərarları › İş №2(011)-8125/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8125/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8125/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi “maddi ziyanın ödənilməsi” məzmununda olsa da, iddia tələbi aydın deyildir, iddiaçının cavabdehə qarşı yönəlmiş konkret tələbi, iddianın qiyməti ərizədə göstərilməmiş, ümumi olaraq “evinə baxış keçirilməsi və ona vurulan maddi ziyanın təzminatla ödənilməsi” xahiş edilmişdir, həmçinin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, hazırki iddia ərizəsi üzrə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, habelə onun dövlət rüsumundan azad olmasını təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, iddia ərizəsinə cavabdehlərin sayına görə bütün yazılı sübutların və iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən bu qaydaya da riayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir.. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi zamanı dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, habelə iddia ərizəsi, qanunla müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə verildiyindən onun məhkəmə tərəfindən icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “evinə baxış keçirilməsi və ona vurulan maddi ziyanın təzminatla ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar