Məhkəmə qərarları › İş №2(011)-8242/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8242/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8242/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı X5 Cavabdeh qarşı xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(011)-5390/2024 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5390/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X5 arasında xx.xx.2019-cu il tarixdə 916 nömrəli aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X6 anası X2 himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. - 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda qeyd edilənlərə görə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, tərəflərin nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda cavabdehin işlədiyi və daha əvvəl təyin edilmiş aliment məbləği uşağın ehtiyaclarını təmin etmək üçün yetərli olmadığı nəzərə alınaraq, alimentin 235 manat sabit pul məbləğində saxlanılması uşağın mənafeyinə uyğun deyil. Odur ki, iddia təmin edilərək, 14xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa məhkəmə iddianın 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddia həmin hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5390/2024 saylı qətnaməsi ilə Cavabdeh X2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay üçün cavabdehin qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment Cavabdeh tutularaq X3 ödənilsin. Cavabdeh 60 (altmış manat) manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar