Məhkəmə qərarları › İş №2(011)-827/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-827/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-827/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “X2” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASCnin xeyrinə 14744,14 manat əsas, 63,82 manat faiz, cəmi 14807,96 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 134,43 manat və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi İ.Q.Şahverdiyev iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 14780,97 manat məbləğində kredit verilmişdir, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 14744,14 manat əsas, 63,82 manat faiz cəmi 14807,96 manat borcu yaranmışdır, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə aralarında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır, hazırda iddia tələbini qəbul etmir, əsas, faiz və cərimə borcunun məbləği ilə razı deyildir, borc şişirdilmişdir, bu səbəbdən yenidən ekspertiza keçirilməsini istəyir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçının nümayəndəsi R.Əhmədov xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə elektron qaydada müraciət edərək, məhəmə iclasınının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasl barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 3513rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixli 5575nkYSM/14 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun 14780,97 manat qalıq məbləğinin ödənilməsi məqsədilə bank tərəfindən müştəriyə 12 ay güzəşt müddət olmaqla, 60 ay müddətinə, illik 1 faiz olmaqla 14780,97 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair” Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5575nkYSM/14 saylı kredit müqaviləsi üzrə hesablanmış 2102,04 USD faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. İş materiallarında olan 3513rstBANK/19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, borcalan Cavabdeh, məbləğ 14780,97 manat, illik faiz 1%, müddət 60 ay, güzəşt müddəti 12 ay, aylıq annuitet 315 manatdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3513rstBANK/19 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sazişdən görünür ki, tərəflər arasında sazişin imzalandığı tarixə müqavilə üzrə hesablanmış faiz məbləği müştəri tərəfindən ödənilməsi, müqavilənin müddəti, bitmə tarixi dəyişilməz olaraq qalmaqla, bu sazişin imzalandığı tarixə qalıq əsas borc məbləği üzrə güzəşt müddəti 2 saylı Əlavə ilə müəyyən edilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan 3513rstBANK/19 saylı kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, borcalan Cavabdeh, illik faiz 1%, müddət 60 ay, güzəşt müddəti 12 ay, aylıq annuitet 315 manatdır. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli Bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 3 iş günü ərzində borcunu ödəməklə kredit müqaviləsini ləğv etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BANK/PİKMD/998181 saylı maliyyə arayışından görünür ki, Cavabdeh əsas məbləği üzrə borcu 14744,14 manat, faiz üzrə borcu 63,82 manat, cərimə faizi 0 manat, cəmi 14807,96 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, “X2” ASC tərəfindən 134,43 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/1368 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2019-cu il tarixli 3513rstBANK/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 14744,95 manat, faiz borcu üzrə 63,03 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5615 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2019-cu il tarixli 3513rstBANK/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 14744,95 manat, faiz borcu üzrə 63,03 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “X2” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 3513rstBANK/19 saylı kredit müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli 5575nkYSM/14 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun 14780,97 manat qalıq məbləğinin ödənilməsi məqsədilə Cavabdeh bank tərəfindən 60 ay müddətinə illik 1% olmaqla 14780,97 manat məbləğində kredit verilmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş 14744,14 manat əsas və 63,82 manat faiz borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 14744,14 mant əsas, 63,82 manat faiz borcu, olmaqla, cəmi 14807,96 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 134,43 manat və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 150 (100+50) manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14744,14 manat əsas, 63,82 manat faiz borcu olmaqla, ümumilikdə 14807 (on dörd min səkkiz yüz yeddi) manat 96 (doxsan altı) qəpik, dövlət rüsumu və xidmət haqqı qismində ödənilmiş 134 (yüz otuz dörd) manat 83 (səksən üç) qəpik tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar