Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8295/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.307,78 manat əsas borcun, 10.452 manat məbləğində cərimə pulunun, 13.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 262,53 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 17 mart 2011-ci il tarixli, ********** saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alğı-satqısı ilə məşğul olmaqdır. X2 mülkiyyətində olan “Kia Rio” minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli, ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19 dekabr 2020-ci il tarixli, 3068 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödənişsiz 36 ay müddətinə hər ay üzrə 752 manat ödəniş etməklə, 23.307,78 manata satılmışdır. Lakin Cavabdeh “Kia Rio” minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli, ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili 19 dekabr 2020-ci il tarixdə təhviltəslim aktı ilə təhvil aldıqdan sonra heç bir ödəniş etməmişdir. Cavabdeh 19 dekabr 2020ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 23.307,78 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. 19 dekabr 2020-ci il tarixli, 3068 saylı müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdeh dəfələrlə şifahi xəbərdar edilsə də, o, kredit borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İstinad edilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Baxılan mülki iş üzrə tərəflər arasında bağlanmış əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Beləliklə yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, qanunvericiliyin bununla əlaqədar tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2020-ci il tarixli 3068 saylı alğı-satqı müqaviləsi etibarsız əqddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 262.53 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 262.53 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı - 23.307,78 manat əsas borcun, 10.452 manat məbləğində cərimə pulunun, 13.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 262,53 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 262.53 (iki yüz altmış iki manat əlli üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8295/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8295/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver