Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-83/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Cavabdeh1" X17 nümayəndəsi X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1”nə və qeyrilərinə qarşı “səhhətə vurulmuş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər “Cavabdeh1”nə və "xxxx" MMC-nə qarşı – cavabdehlər "xxxx" MMC-nin və “Cavabdeh1" X20 hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq iddiaçı X7 ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hamiləlik dönəmində cavabdeh klinika olan Vital Klinikada həkim Cavabdeh3 nəzarəti altında müalicə almışdır. Hamiləlik dövründə uşaqda və iddiaçıda heç bir problem olmamış, iddiaçının mütəmadi etdiyi müayinələr (iddia ərizəsinə əlavə olunur) nəticəsində sağlam hamiləlik keçirtmişdir. Səltənət xanım iddiaçının müalicə həkimi olmaqla yanaşı həm də doğuş həkimi olmalı, doğuşu o həyata keçirməli idi. xx.xx.2019-cu il tarixində gecə saatlarında iddiaçının erkən doğuş təhlükəsi yaranmış və iddiaçı dərhal həkimi Cavabdeh3 ilə telefonla əlaqə saxlamışdır. Səltənət xanım iddiaçıya bildirmişdir ki, onların klinikası erkən doğuşları həyata keçirmir və bununla bağlı Vital Klinikada iddiaçıya köməklik edə bilməzlər. Bu səbəblə təkidlə iddiaçıdan Perinatal Mərkəzə getməyini bildirmiş, iddiaçıdan isə doğuş həkimi məhz o olduğunu və doğuşun onun tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Lakin o iddiaçını çətin vəziyyətdə tək qoyaraq doğuşun həyata keçirilməsində həkim kimi iştirak etməkdən imtina etmişdir. Halbuki bütün müalicə dövründə cavabdeh klinika və xanım həkim erkən doğuş təhlükəsi yaranacağı halda tibbi xidmət göstərməyəcəklərinə dair iddiaçını məlumatlandırmamışlar, bu barədə iddiaçı xəbərdarlıq olunmamışdır. Əhalinin Sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Səltənət xanımın iddiaçıya tibbi xidmət göstərməli olması halında bundan imtina etdikdən sonra iddiaçıda çarəsiz qalaraq Perinatal Mərkəzə müraciət etməli olmuşdur. xx.xx.2019-cu il tarixində övladı X14 dünyaya gəlmişdir. Perinatal Mərkəzdə olduğu ilk gündən orda olan sanitar-epidemioloji vəziyyətin bərbadlığı, göstərilən tibbi xidmətlərin səviyyəsinin aşağı olması iddiaçını artıq narahat edirdi və iddiaçı özəl klinikaya köçürülmək üçün yenidən Səltənət xanımla əlaqə saxlamışdır. Səltənət xanım ikinci dəfə öz klinikalarında iddiaçıya xidmət göstərə bilməyəcəklərini və digər klinikalara getməyin də lüzumsuz olduğunu bildirirək iddiaçıdan Perinatal Mərkəzdə qalmağı təkidlə xahiş etmişdir. X21 erkən doğulsa da, erkən doğuş üçün sağlam vəziyyətdə və çəkisi normal olaraq doğulmuş, iki gün müddətində uşağın səhhətində hər hansı bir problem olmamışdır. Lakin doğuşdan iki gün sonra uşağın vəziyyəti pisləşmiş və uşaqda ağırlaşmalar müşahidə olunmuşdur. Perinatal Mərkəzin həkimləri (Dilarə xanım və digərləri) uşağın səhhətində nə baş verdiyini bilmədən, heç bir müayinə aparmadan uşağa ağır antibiotik müalicələri tətbiq etməyə başlamışlar. Müalicələri tətbiq etməyə başlayandan sonra uşaqla bağlı qanda bakteriyanın olub-olmamasının müəyyən edilməsi üçün uşağın qanına dair digər klinikalardan birində analiz verilməsi üçün göstəriş vermişlər. X1 nümunələr təqdim olunmuş və 1 həftədən sonra çıxan nəticələrdə uşağın bağırsağında bakteriya aşkarlanmışdır. Bu bir həftə müddətində həkimlər müayinənin nəticəsini gözləmədən uşağa ağır antibiotik müalicələri tətbiq edirdilər. İddiaçı bununla bağlı həkimlərə dəfələrlə xəbərdarlıq etmişdir ki, bu antibiotiklər çox ağırdır və uşağın digər orqanlarına, əsasən də eşitmə orqanlarına fəsadlar verə bilər. Lakin həkimlər iddiaçını arxayın etmişlər ki, həmin antibiotiklər yüngül xarakterlidir və uşağa hər hansı bir ziyanı yoxdur. İddiaçı uşağa çox ağır antibiotiklərin tətbiq edildiyini, sonradan, yəni xx.xx.2020-ci il tarixli epikrizi aldıqdan sonra bilmişdir. Həmin epikrizdən də müəyyən olunur ki, uşağın antibiotiklərə davamiyyətini müəyyən etmədən ona ağır antibiotik müalicələri ediblər. Uşaqda tapılan bağırsaq infeksiyası Perinatal Mərkəzdə həkimlərin sanitariya qaydalarına riayət etməməsi və həkim səhlənkarlığı nəticəsində meydana gəlmişdir. Bu hal X6 tərəfindən verilmiş qanın müayinəsinin nəticələrində də əks olunur, həmin arayışda qeyd olunur ki, kontaminasiya (xəstəxanadaxili infeksiya) ola bilər. Ana bətnində olarkən uşaqda həmin infeksiyanın olması qeyri-mümkündür, belə ki, hamiləlik vaxtı və doğuşdan sonra edilən müayinələrin nəticəsindən görünür ki, anada heç vaxt həmin infeksiya olmamışdır. Belə olan halda infeksiya məhz xəstəxanada salınmışdır. Bu hal həkimlərin uşağın səhhətinə vurduqları birinci zərərdir, ən dəhşətli və faciəvi zərərlər hələ qarşıda imiş. Perinatal Mərkəz tərəfindən verilmiş epikrizlə tanış olduqdan və uşağa vurulan antibiotikləri gördükdən sonra uşağın səhhətiylə bağlı daha da narahat olmağa başlamış və uşağın müayinələrini başqa klinikalarda aparmışdır. Mərkəzi klinikanın xx.xx.2020-ci il tarixli rentgen müayinə protokollarından və X15 Fakültəsi Araştırma və X12 Mərkəzinin xx.xx.2020-ci il tarixli epikrizindən müəyyən olunur ki, uşağın sol bud, sağ baldır və sol bazu sümüklərində ciddi deformasiyalar və iltihab aşkar olunmuş, uşağa multifokal xroniki osteomielit diaqnozu qoyulmuşdur. Uşaqda yaranan bu xəstəlik Perinatal Mərkəzin həkimlərinin uşağa tətbiq etdiyi səhv müalicə nəticəsində yaranmışdır. Uşaq daimi olaraq terapevtiv müalicələr alır, daim terapevtin nəzarəti altındadır. Bu müalicələr hələ ki müsbət nəticə vermir və irəli zamanlarda uşağın əməliyyat olunmağına zərurət yaranacaqdır. İddiaçının qızının səhhətinə dəymiş ziyanlar azmış kimi sonradan qızının hər iki qulağının eşitmədiyini öyrənmişdir. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2020-ci il tarixli test nəticələrindən müəyyən olunur ki, hər iki qulaqda 100 db nhl-də dalğa forması əldə edilməmişdir. 2 saylı X10 xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, xəstəyə bera testinin əsasında iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Uşaqda xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “Sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmışdır. Uşaqda eşitmə qüsuru məhz Perinatal Mərkəzin həkimlərinin tətbiq etdiyi ağır antibiotik müalicəsi nəticəsində yaranmışdır. Belə ki, tətbiq olunan antibiotiklərdən ampissillin, amikasin vankomisin, ciprofloxaein, antiftinqal, penloqlobulin eşitmə orqanlarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərən və sıradan çıxaran antibiotiklərdir. Hal-hazırda iddiaçının uşağı yerimə və eşitmə qüsurlu uşaqdır, daim həkimlərin nəzarəti altındadır və normal uşaq həyatı keçirə bilmir. Qulaq üçün nəzərdə tutulmuş aparat ancaq bir qulağa qoyulmuş və digər qulaq ümumiyyətlə öz funksiyalarını icra edə bilmir. Həmin aparat da uşaq çiməndə və ya yatanda çıxarılır, körpə 1 yaşlı uşaq tamamilə səssiz bir vəziyyətdə və rejimdə qalır, bu hal uşağın psixologiyası üçün ağır nəticələr törədir. İddiaçı cavabdehlərə qarşı tələblərini dəqiqləşdirərək bildirmək istəyir ki, Vital Klinikada müalicə olunduğu dövrdə iddiaçıya erkən doğuş olduğu halda tibbi xidmət göstərə bilməyəcəkləri barədə xəbərdarlıq etməmişlər, iddiaçının bu barədə tədbirlərini görməyə vaxtı olmamışdır. Məhz Klinikanın və həkimlərinin səhlənkarlığına görə iddiaçı məcbur qalaraq Perinatal Mərkəzə müraciət etmişdir. Uşağının bu vəziyyətdə olmasının məsuliyyəti həm də Vital Klinikanın üzərinə düşür. Perinatal Mərkəz isə sağlam uşaq doğulduğu halda həkim səhlənkarlığı və sanitarıya qaydalarına riayət olunmaması nəticəsində uşağa infeksiya salmışlar, həmin infeksiya isə düzgün müalicə olunmamış və tətbiq edilən ağır müalicələr nəticəsində uşaq hal-hazırda yerimə və eşitmə qüsurludur. Bütün bu faciəvi nəticələr cavabdehlərin səhlənkarlığı və həkim heyətinin yetəri qədər savadının olmaması nəticəsində meydana gəlmişdir. İddiaçı bu hallarla bağlı hüquq-mühafizə orqanlarına da şikayətlər etmişdir. İddiaçı düşünür ki, uşağı normal həyat yaşamaqdan məhrum edən günahkarlar qanunla müəyyən edilmiş qaydada cəzalarını çəkməlidirlər. Cavabdehlərin törətdiyi qanunsuz əməllər nəticəsində iddiaçıya ilk növbədə maddi ziyan dəymiş və bundan sonra uşağın xüsusi baxımı və müalicəsi üçün külli miqdarda pul vəsaitinin zəruri olacağı istisna edilmir. İddiaçı maddi ziyanla bağlı məhkəmə iclasında əsaslandırılmış arayış təqdim edəcək. Ona görə də vurulmuş maddi ziyan və bundan sonra zəruri olacaq xərclər üçün cavabdehlərdən 100000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin maddi ziyanla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, bir ildən çoxdur ki, iddiaçı uşağını bu vəziyyətdə görərək dərin mənəvi iztirab keçirir. Sağlam doğulmuş uşağın hal-hazırda eşitmə və yerimə qüsurlu olması bir ana kimi iddiaçıya dərin əzablar verir, iddiaçının övladı normal həyat yaşamaqdan məhrum edilib. Bir ildən çoxdur ki, iddiaçı və uşağı mütəmadi olaraq həkimlərə gedir, bu prosesdə olmaq, uşağın sağlamlığına cavabdelilər tərəfindən belə ciddi ziyanların dəyməsi maddi ziyanla yanaşı iddiaçıya mənəvi zərər də vurmuşdur. Övladının keçirdiyi və keçirəcəyi psixoloji travmalardan isə danışsa, bu iddia ərizəsinin sonu olmaz. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı iddiaçıya mənəvi zərəri də ödəməlidirlər. Cavabdehlər tərəfindən iddiaçıya və övladına vurulmuş mənəvi ziyanın dəyərini hesablamaq mümkün deyil, çünki iddiaçının bir ana kimi keçirdiyi mənəvi ağrıların, övladının isə bu yaşda aldığı və gələcəkdə də alacağı psixoloji travmaların əvəzi ola bilməz. Ona görə də iddiaçı cavabdehlərdən şərti olaraq 50000 manat tələb edir və hesab edir ki, 50000 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdehlər "xxxx" MMC-nin və “Cavabdeh1" X20 və Vital Klinikanın baş həkimi Cavabdeh3 Afaq qızının hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər "xxxx" MMC, “Cavabdeh1" X16 və Vital Klinikanın baş həkimi Cavabdeh3 Afaq qızından müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh1" X17 nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi məlum olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “X13” anası “İddiaçı”dır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi prof.Ə.F.Qarayev adına 2 saylı X10 xx.xx.2020-ci il tarixli 471 saylı arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X14 15 saylı Uşaq poliklinkasının xx.xx.2020-ci il tarixli çıxarışına əsasən xx.xx.2020-ci il tarixində müayinədən keçmiş, xəstəyə BERA testinin əsasında “İki tərəfli çox ağır (Vİ) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu qoyulmuşdur. Həmçinin bu xəstədə xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X5 məktubundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 hər iki qulağında çox ağır İV dərəcə ağıreşitmə qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1” X20 xx.xx.2020-ci il tarixli 2417 saylı epikrizindən görünür ki, uşaq xx.xx.2020-ci il tarixində kafi vəziyyətdə sahə həkiminin və cərrahın nəzarəti altında evə yazılmış, cərrahın, travmatoloq-ortopedin, nevropotoloq, kardioloq, otolarinqoloq və oftalmoloqun mütləq baxışının vacibliyi haqqında valideyn məlumatlandırılmışdır. İş materiallarında olan Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 rentgen müayinəsində sağ baldır sümüklərinin ön-arxa pryeksiyada çəkilmiş rentgenoqrammasında qamış sümüyün disal hissəsi deformasiyalıdır, bir qədər əyilmişdir, distal metadiafizdə sümük iliyi kanalında şəffav sahə qeyd olunur. İş materiallarında olan Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 çanaq rentgenoqrafiyasında hər iki tərəfdə bud çanaq oynaq yarığları normaldır, bud sümüklərinin başları qeyd olunmur, soldan Şelton xətti bir qədər qeyri-düzgündür, sol bud sümüyünün epimerafizar hissəndə laterallda kiçik şəffaf sahə qeyd olunur. İş materiallarında olan Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 rentgen müayinəsində sol bazu sümüyünün ön-arxa proyeksiyada çəkilmiş rentgenoqrammasında bazu sümüyünün proksmal hissəsi bir qədər əyridir, epimetafizar hissəsinin konturları nahamardır, kortikal qat qalınlaşmışdır, sklerozlaşmışdır, sümük iliyi kanalı daralmışdır. İş materiallarında olan Azərbyacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 740 saylı ekspert rəyindən görünür ki, “Cavabdeh1” X20də İddiaçı adına tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə saat 06:30-da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. “Respublika Diaqnostika Mərkəzi”ndə X8 adına tərtib edilmiş tibbi sənəddən görünür ki, o, xx.xx.2020-ci il tarixdə “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında diaqnoz öz təsirini tapmış və onun üzərində xx.xx.2020-ci il tarixdə “Koxlear implant” cərrahiyə əməliyyatı icra olunmuşdur. Bunun da yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir. Alsu Səfiyevanın mütəxəssis müayinəsi zamanı çəkilmiş çanaq və diz oynaqlarının rentgen müayinəsində onun dizçanaq və diz oynaqlarında hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı “Vital Klinika”da ultrasəs və laborator müayinələrdən keçmiş və müayinələr zamanı hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Aparılmış müayinələrin uşağın erkən doğumuna və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuş və yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb ola bilməsi istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarında olan Azərbyacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 961 saylı ekspert rəyindən görünür ki, “Cavabdeh1” X20də İddiaçı adına tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə saat 06:30-da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. Aparılmış müalicələrin uşağın erkən doğumuna və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı bətndaxili infeksiyalar hamiləlik dövründə yaranmışdır. Alsu Səfiyevada fiziki qüsurların müalicəsi və aradan qaldırılması barədə proqnozun əvvəlcədən verilməsi mümkün deyildir. Alsu Səfiyevada “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi”nin yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmum pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi cavabdehlər tərəfindən onda hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra yeni doğulmuş uşağında aparılmış müalicələrin və müayinlərin səhv olması səbəbindən uşağında bir sıra fiziki qüsurların yaranmasını göstərsə də, lakin həmin halların müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş ekspert rəylərində uşaqda yaranmış qüsurların hamiləlik və doğuşdan sonra aparılmış müalicələr nəticəsində yaranması müəyyən edilməmiş, aparılmış müalicələrin düzgün olması müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Alsu Səfiyeva adlı uşağında yaranmış fiziki qüsurların cavabdehlərin təqsiri ucbatından yaranması iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia maddi ziyanın vurulması hissəsində əsassızdır. Məhkəmə İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia tələbini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 50000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, “Cavabdeh1" X19 və Vital Klinikanın baş həkimi Cavabdeh3 Afaq qızına qarşı – cavabdehlər "xxxx" MMC-nin və “Cavabdeh1" X20 və Vital Klinikanın baş həkimi Cavabdeh3 Afaq qızının hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər "xxxx" MMC, “Cavabdeh1" X16 və Vital Klinikanın baş həkimi Cavabdeh3 Afaq qızından müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-83/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-83/2022
29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver