Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8364/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü təvəllüdlü X8 doğulmuşdur.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahının pozulmuş, cavabdehin ilkin iddiası qismən təmin edilərək İnci Hüseynlinin cavabdehin yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutulması, iddiaçının qarşılıqlı iddiası qismən təmin edilərək Uğur Hüseynlinin iddiaçının yanında saxlanılması qət edilmişdir.
3. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiası təmin edilərək, Uğur Hüseynlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin tutulması qət edilmişdir.
4. xx.xx.2022-ci il tarixdə isə tərəflər arasında mediasiyada barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən cavabdeh iddiaçı ilə birgə nikahdan doğulmuş övladı Uğur Hüseynlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya hər ay 193 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı ikinci dəfə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və onun bu nikahından xx.xx.2022-ci il tarixdə Bahar adlı bir övladı doğulmuşdur.
6. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlildir (diaqnoz: xroniki mieloid leykemiya (CML), BCR/ABL-müsbət, başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqalliya. Yeni törəmələr zamanı müşahidə oluan anemiya (C00-D48), Anemiya), onun aylıq pensiyası 1395,82 manat təşkil edir. Eyni zamanda, cavabdeh Abşeron İHBnin Hökməli qəsəbə İƏD üzrə Nmüyaəndəliyində tərbiyəçi (köməkçi işçilər) vəzifəsində işləyir və onun aylıq əmək haqqı 540 manatdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
7. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları doğulmuşdur. Cavabdehlə ailə həyatı qurduqları ilk dövrlərdə münasibətləri normal olub, lakin sonralar tez-tez aralarında narazılıqlar olmuşdur. Son dövrlər münasibətləri lap kəskinləşmişdir. Bunun nəticəsində cavabdehlə aralarında olan rəsmi nikah Sabunçu Rayon Məhəkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-384/2021 saylı qətnaməsi ilə pozulmuş, tərəflərdən birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X8 cavabdehin yanında, xx.xx.2010-cu il təvəllüdlü X7 onun yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən başlayaraq Hüseynli İncinin yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay əmək haqqının dörddə bir hissəsi məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin hakimi olmuş Adilə Paşayeva tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli, 2(008)- 2904/2021 saylı qətnaməsinə əsasən azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində cavabdehə alimentin artırılması ilə bağlı mediasiya sessiyası barədə bildiriş göndərilmiş lakin cavabdeh xx.xx.2023-cü il tarixdə mediasiyada iştirak etməkdən imtina etmiş və bunun nəticəsində Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə (MŞB/02187) mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ona təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli, 2(008)-2904/2021 saylı qətnamə ilə müəyyən edilən 175 manat aliment miqdarı indiki dövrdə övladının saxlanılması üçün çox az bir miqdardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bir nəfər uşağın saxlanılması üçün hər ay ən azı 220 manat pul lazım olduğu bir dövrdə o, məktəbli olan uşağının saxlanılması, onun məktəb ləvizamatlarının alınması və digər təminatlarının ödənilməsi üçün cəmi 175 manat pul ile heçnə edə bilmir. Uşağı böyüdükcə onun tələbatları artır və tutulan aliment uşağın tələbatını ödəmir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, o, işləmir və bir qızı ilə birlikdə Ağdaş şəhərində yaşayır. Sabunçu Rayon Məhkəməsinin hakimi olmuş Adilə Paşayeva tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli 2(008)-2904/2021 saylı qətnaməsinə əsasən az yaşlı uşağın 13 mart 2010-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay 175 manat sabit pul məbləğinin ondan alınaraq iddiaçıya ödənilməsi qeyd edilmişdir. O da o gündən hər ay 175 manat pulu Kapital Bank vasitəsilə (**********125441) hesabına ödəyirdi. Daha sonra isə Bakı Şəhəri Mediasiya Xidməti tərəfindən ona məktub gəlmişdir. Məktubda da onun mediasiya xidmətinə dəvət olunduğu qeyd edilmişdir. X1 bildirdi ki, qarşı tərəf alimentin artırılaraq 193 manat olmasını tələb edir və o da 26.02 2022-ci il tarixində sazişə imza ataraq o gündən bəri yuxarıda qeyd etdiyi hesab nömrəsinə 193 manat ödəyir. Aliment qalxan zaman o məbləği ödəməyə imkanı çatmayacaq.
Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müracət edərək məhkəmə iclasında iştirak edı bilməyəcəyini qeyd etmiş və iddia ərizəsinə münasibətini bildirmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
12. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
19. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
23. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
24. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir.
25. İş materialları əsasında iddiaçının həm maddi, həm ailə vəziyyətində dəyişiklik olması müəyyən edilir. İstər iddiaçının xeyrinə cavabdehdən aliment məhkəmə qətnaməsi (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi) ilə tutulduqdan sonra, istərsə də tərəflər arasında alimentin artırılması barədə mediasiyada barışıq sazişi bağlandıqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik edilmiş, belə ki, o, əvvəllər AR Dövlət Təhlükəsizlik Xidmətində istəsə də, sonradan – xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlil olmuşdur. Eyni zamanda, iddiaçının səhhəti də sonradan pozulmuş, ona xroniki mieloid leykemiya (CML), BCR/ABL-müsbət, başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqalliya. Yeni törəmələr zamanı müşahidə olunan anemiya (C00-D48), Anemiya diaqnozu təyn edilmiş, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışına əsasən xəstəlik davam edir.
26. Bundan başqa, işdən görünür ki, iddiaçının ailə vəziyyətində də dəyişiklik olmuş, o, xx.xx.2021-ci il tarixdə yeni nikaha daxil olub və bu nikahından da xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir övladı var.
27. Şərh edilənlərdən əlavə nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin artırılması barədə tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra, yəni 2022-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki razılaşma ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.
28. Odur ki, məhkəmə barışıq sazişi ilə hər ay 193 manat sabit pul məbləğində aliment tutulduqdan sonra iddiaçının maddi və ailə həyatında dəyişiklik olmasını, bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
30. Alimentin tutulma müddətinə gəldikdə isə, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
31. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 324 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cəlilova (Hüseynova) Zərifə Rafiq qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/2-00349 saylı barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment X2 tutularaq İddiaçı ödənilsin. X2 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı