Məhkəmə qərarları › İş №2(011)-8510/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8510/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8510/2023 19.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən Cavabdeh tanıyır, onunla birlikdə Türkiyə Respublikasında təhsil almışdır. Bakıya gələndən sonra isə cavabdehlə dostluq münasibətləri olmuşdur. 2023-cü ilin iyul ayının 11-də Nadir iddiaçıya zəng edib təcili pul lazım olduğunu deyərək 900 manata Qəbələ rayonunda “iPhone” markalı mobil telefon olduğunu və həmin telefonu almaq istədiyini bildirmişdir. İddiaçı həmin gün Nadirlə görüşmüş, sonuncu iddiaçıya bildirmişdir ki, pulu səhərisi gün qaytaracaqdır. İddiaçı da Nadirə inanaraq üzərində olan 500 ABŞ dolları pulu Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən "xxxx" ASC-də xırdalayıb üzərinə 50 manat qoyaraq 900 manat pulu Nadirə vermişdir. Lakin Nadir iddiaçının pulunu səhərisi gün iddiaçıya qaytarmamışdır, iddiaçı dəfələrlə onun mobil telefonuna zəng edib pulu istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Sonuncu dəfə Nadirlə danışarkən iddiaçıya “hara şikayət edirsən et, mən heç kimdən qorxmuram” ifadəsini işlətmişdir. Bundan sonra iddiaı Nadirin atası Əzizə zəng vurub oğluna verdiyi pulu istədikdə, atası da iddiaçı ilə kobud şəkildə danışaraq oğlunun etdiyi hərəkətə haqq qazandırmışdır. Belə olan halda iddiaçı məcbur olub Sabunçu RPİ-nin 13-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında polis şöbəsində araşdırma aparılmış və təhqiqatçı F.Hüseynovun qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Qərarda iddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinın Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 27-ci bəndinə əsasən bu iş mülki xarakterli olduğundan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iddiaçı Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət etmiş, müraciət əsasında araşdırılma aparılmış və tərəflərin izahatları alınmışdır. Cavabdeh araşdırma zamanı verdiyi izahatda İddiaçı 2014-cü ildən tanıdığını, Raufla birlikdə Türkiyədə təhsil aldığını, 2023-cü ilin iyun ayında təcili olaraq 900 manat pul lazım olduğu üçün Raufa müraciət etdiyini və tezliklə pulu qaytaracağını bildirmişdir. Raufun da buna etiraz etmədiyini, onların Bakıxanov qəsəbəsində görüşdüklərini, Raufun 900 manat pulu verdiyini, özünün pulu aldıqdan və işini gördükdən sonra borc aldığı pulu qaytara bilmədiyini, Raufun da ona zəng edərək pulu istəyəndə tezliklə iş tapıb işləyəcəyini və pulu qaytaracağını bildirmiş, Raufa 900 manat borcu olduğunu qeyd etmiş və pulu tezliklə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 900 manat pulun borc verilməsi ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı həmin məbləği cavabdehə vermiş, cavabdeh isə pulu almışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 900 manat borcu geri qaytarmamışdır. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla öz təsdiqini tapır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi həmin təmin edilməli, Cavabdeh borc aldığı 900 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar