Məhkəmə qərarları › İş №2(011)-8532/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8532/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8532/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh1 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1209,88 manat əsas borc, 2,91 manat faiz borc, 2,55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1215,34 manat və 32,15 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "Yelo Bank” ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3189,06 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il oktyabrın 27-dək Cavabdeh1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1209,88 manat əsas borc, 2,91 manat faiz borc, 5,09 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1217,88 manat borcu vardır. Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 5,09 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 2,55 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlər lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etmələri təklif edilmişdir. Lakin cavabdehlər heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmiş və ya təqdim etməmişdirlər. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, 19-M-1-0-1442-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 3189,06 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, zaminlik müqaviləsindən görünür ki, 19-M-1-0-1442-14 saylı kredit müqaviləsi üzrə kredit götürmüş , Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 1209,88 manat əsas borc, 2,91 manat faiz borc, 2,55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1217,88 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 32,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdirlər. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 1209,88 manat əsas borc, 2,91 manat faiz borc, 2,55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1215,34 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1209,88 manat əsas borc, 2,91 manat faiz borc, 2,55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1215,34 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,15 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1209,88 (min iki yüz doqquz manat səksən səkkiz qəpik) manat əsas borc, 2,91 (iki manat doxsan bir qəpik) manat faiz borc, 2,55 (iki manat əlli beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1215,34 (min iki yüz on beş manat otuz dörd qəpik) manat manat borc tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 32,15 (otuz iki manat on beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar