Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8582/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12900 AZN “Akay Avto” servisə sənəd əsasında ödənilən pul vəsaitini, 4500 manat əlavə çəkilən xərcləri, müqavilənin 6.6cı bəndində göstərilən 3500 manat müqabilində göstərdikləri cərimə məbləğini, məhkəməyə keçirilən 30 manat dövlət rüsumu ümumilikdə 20930 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-nin direktoru X1 tutularaq İddiaçı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır, iddia tələbinin məbləği 20.930 manatdır, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir, müqavilənin 9.1-9.2-ci bəndlərinə uyğun olaraq tərəflər, bu müqavilədən irəli gələn bütün mübahisəli məsələləri danışıq yolu ilə və öz aralarında pretenziya irəli sürməsi qaydası ilə həll etməyi öhdəsinə götürmüş, razılıq əldə edilmədikdə isə mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılması barədə razılığa gəlmişlər. Lakin iddia ərizəsinə, müqavilənin tərəflər arasında razılaşdırımış 9.1-9.2-ci bəndlərinin yerinə yetirilməsini təsdiq edən mötəbər sübutlar əlavə olunmamış, bu qaydaya əməl edilməsini (pretenziya məktubunun cavabdehə göndərilməsi, cavabdehə çatdırılması) təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən 152,79 manat məbləğində (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizəsi məhkəməyə verilərkən - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsini və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən tərəfindən iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi ” barədə iddia tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8582/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8582/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver