Məhkəmə qərarları › İş №2(011)-868/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-868/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-868/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki,xx.xx.2021-ci il tarixində 18 saylı notariat ofisində Cavabdeh ilə 48960 manat məbləğində pulun xx.xx.2021-ci il tarixinədək qaytarılması şərtilə aralarında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilmiş 48960 manat məbləğində (müqavilə bağlanıldığı günün məzənnəsinə uyğun olaraq 28800 ABŞ dolları) borc pul verilmişdir. Müqavilənin 2-ci bəndində isə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixinədək 48960 manat məbləğində pul vəsaitini qaytarmasını öz öhdəsinə götürməsi qeydi öz əksini tapmışdır. Belə ki, cavabdeh aylıq 5440 manat məbləğində pul vəsaitini (günün məzənnəsinə uyğun olaraq 3200 ABŞ dolları) hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin sözügedən kredit müqaviləsi üzrə cavabdeh 2021-ci il mart və aprel aylarında 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olmaqla ümumilikdə 13800 manat məbləği hissə-hissə ödəsə də, ümumi məbləğin xx.xx.2021-ci il tarixinədək ödəmək öhdəliyini cavabdeh kobud surətdə pozaraq, borcunu tam ödəməmişdir. Cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı sözügedən kredit müqaviləsi üzrə hal-hazırda mövcud olan 35080 manat məbləğində borcun qaytarılmasını tələb edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2021-ci il tarixində 18 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə 35080 manat məbləğində pul vəsaitinin, ödəniləcək borcun gecikdirilməsinə görə illik 5% məbləğində əldən çıxmış faydanın 4 ayı müddətinə hesablanmaqla, ödənilməsi, eləcə də 210 manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 40 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 fevral 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Borc verən Borc alana 48960 manat məbləğində pulu borc vermişdir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən “Borc alan” krediti 13 noyabr 2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli icra qeydinə əsasən, vaxtında ödənilməmiş 38080 manat pul vəsaiti və 20 manat dövlət rüsumu olmaqla, Cavabdeh ümumilikdə 38100 manat pul tutulmalıdır. İş materiallarında olan Cavabdeh 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsində verdiyi izahatdan görünür ki, 18 saylı notariat kontorunun 8i-10240 saylı, xx.xx.2021-ci il tarixli notariat icra qeydinə əsasən Cavabdeh cəmi 38100 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh Həmin məbləğdən 3000 manat ödəniş etmişdir. Ölkədə olan karantin şəraitinə görə işlər dayandığından pulu ödəməyə çətinlik çəkir. Halhazırda işləmir. Bu yaxınlarda torpaq sahəsini satıb borcu ödəməyi öhdəsinə götürmüşdür. Borcu ödəməkdən imtina etmir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru tərəfindən 30 noyabr 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, icra qeydinin icrası ilə əlaqədar ünvan 1 ünvana getmişdir. Mənzilin giriş qapısını borclunun atası Ələddin Hüseynov açmışdır. Ona icra sənədinin tələbi və gəlişin məqsədi oxunub elan edilmişdir. Ələddin Hüseynov bildirmişdir ki, oğlu bu ünvanda qeydiyyatdadır və hazırda evdə yoxdur, çox vaxt burada qalmır. Bundan sonra borclunun mənzildə əmlak vəziyyətinə baxış keçirilmiş, heç bir qiymətli əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun 02 dekabr 2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərara əsasən icra sənədi Bakı şəhəri 18 saylı Notariat Kontoruna qaytarılmışdır. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli, BPMASAN**********32 nömrəli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin yazılmasına görə Bakı şəhəri 34 saylı Vəkil bürosuna 40 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Beləliklə, mülki işin materialları, tərəflərin izahatları və kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh 13 fevral 2021-ci il tarixdə iddiaçıdan 48960 manat məbləğində borc pul alaraq, 13 noyabr 2021-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, 2021-ci il mart və aprel aylarında 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olmaqla, ümumilikdə 13800 manat ödəniş etmiş, geri qalan 35080 manatı isə hazırki günədək tam şəkildə geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi sübut edildiyi üçün Cavabdeh 35080 manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi “borcun gecikdirilməsinə görə illik 5%-i məbləğində əldən çıxmış faydanın 4 ayı müddətində hesablanmaqla ödənilməsi hissəsində əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 35080 (otuz beş min səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün hüquqi yardım üçün vəkilə ödənilmiş 40 (qırx) manat və 210 (iki yüz on) manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%-i Cavabdeh İddiaçı Əli oğlunun xeyrinə tutulsun, qalan 50%-i, yəni 105 (bir yüz beş) manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar