Məhkəmə qərarları › İş №2(011)-8682/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8682/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8682/2021 16.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 22.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3368.96 manat əsas borcun, 219.06 manat faiz borcu və 24,26 manat cərimə borcu olmaqla, ümumilikdə 844,01 manat borcun və 55.88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 22.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 28 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Cavabdeh2 ilə bağlanmış 22.04.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Hənifəyeva X1 Səbinə Eldar qızının kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Nəticədə borclular müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır, 22.10.2021-ci il tarixinədək Cavabdeh1 banka 22.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3368.96 manat əsas borc, 219.06 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 3588.02 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 22.04.2019 -cu il tarixli 4-MZ-1-0-341-19 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana 36 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə istehlak məqsədilə 10000 manat kredit vermişdir. İş materiallarında olan 22.04.2019-cu il tarixli 4-MZ-1-0-341-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Bu müqaviləyə görə Bank borcalana 36 ay müddətinə, 0 ay güzəşt müddəti, aylıq annuitet 413.64 manat olmaqla, illik 28 faiz dərəcəsi ilə 10000 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 10000 (on min) manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 22.04.2019-cu il tarixli 4-MZ-1-0-341-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 22.04.2019-cu il tarixli 4-MZ-1-0-341-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi "xxxx" İKB ASC tərəfindən ayrılmış vəsaitdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 22.10.2021-ci il tarixə banka 3368.96 manat əsas borc, 219.06 manat faiz borcu olmaqla, cəmi 3588.02 manat borcu vardır, əsas borcdan ödənilən cəmi məbləğ 6631.04 manatdır. İş materiallarında olan 27.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq göndərilməklə onlardan kredit müqaviləsi üzrə borcunun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 27.10.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 55.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və cavabdehlər Cavabdeh1 arasında sonuncuya illik 28 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır, Cavabdeh1 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər cavabdeh R.Hüseynova arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmiş, onlar, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsə də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda banka olan ödənilməmiş borc məbləği 3368.96 manat əsas borc, 219.06 manat faiz borcu olmaqla, ümumilikdə 3588.02 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 3368.96 manat əsas borc, 219.06 manat faiz borcu olmaqla, ümumilikdə 3588.02 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 55.88 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3368.96 manat əsas borc, 219.06 manat faiz borcu olmaqla, ümumilikdə 3588 (üç min beş yüz səksən səkkiz) manat 02 (iki) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 55 (əlli beş) manat 88 (səksən səkkiz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar