Məhkəmə qərarları › İş №2(011)-889/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-889/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-889/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən onu aldatma və sui-istifadə etməklə ona vurduğu 188300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 320110 manat məbləğində) pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 103380 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh özünü “X2“ MMC-nin direktorunun Təchizat və Logistika üzrə menecer müavini vəzifəsində işləməsini ona bildirərək “X2" MMC-nin Azərbaycan Respublikasının ərazisində işlər gördüyünü və xidmətlər göstərdiyini bildirmişdir, həmin şirkətin dövriyyə vəsaitlərini artırılması adı ilə işlərə yatırılmış vəsaitdən gəlir verəcəyini ona yalandan vəd edərək onun xeyli məbləğdə pulunu mənimsəmişdir, cavabdeh özünün yuxarıda qeyd eldiyi vəzifədə işləməyini yalandan uyduraraq etibarından sui-istifadə etmişdir, Cavabdeh “X2” MMC-nin direktorunun 01.08.2018-ci il tarixli P1R/A/01 saylı əmri ilə Təchizat və Logistika üzrə menecer müavini vəzifəsinə təyin edilsə də, 09.04.2019-cu il tarixli EİR/T/01 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir, lakin cavabdeh bütün bunları ondan gizlədərək özünü guya həmin vəzifədə işləyir kimi qələmə vermişdir, bu şəxs özündə ona qarşı tam inam yaratdıqdan sonra 2019-cu ilin aprel ayında 9300 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 15810 manat pul vəsaitini mənimsəmişdir, sonra isə onda özünə qarşı daha etibarlı inam yaratmaq məqsədilə bir neçə gün sonra ona qazanc adı ilə 1120 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1904 manat pul qaytarmışdır, etibarından suiistifadə etmək yolu ilə öz mülkiyyətinə keçirmək məqsədilə 2019-cu ilin may ayı ərzində 9400 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 15980 manat, 14200 ABŞ dolları, həmin dövrün məzənəsi ilə 24140 manat, 25000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 42500 manat, 18800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 31960 manat, 5000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8500 manat, ümumilikdə 72400 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 123080 manat pulu Bakı şəhəri Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq hər dələ pulu verdikdən sonra arasında təxminən bir həftə fasilə ilə qazanc adı ilə 1500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2250 manat, 2300 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3910 manat, 4000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 6800 manat, 2200 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3740 manat, 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1700 manat, ümumilikdə 11000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 18700 manat pulu ona geri qaytarmışdır, 05.06.2019-cu il tarixdə eyni niyyətlə və cinayətkar əməlinin davamı olaraq 18000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 30600 manat pulu ondan alaraq 21.06.2019-cu il tarixdə qazanc adı ilə 3000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 5100 manat pulu verməklə, 07.06.2019-cu il tarixdə eyni niyyətlə 15000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 22500 manat pulu ondan alaraq 17.06.2019-cıı il tarixdə qazanc adı ilə 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3400 manat pulu verməklə, 14.06.2019-cu il tarixdə eyni niyyətlə 4800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8160 manat pulu ondan alaraq, 24.06.2019-cu il tarixdə qazanc adı ilə 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1700 manat pulu verməklə, 15.06.2019-cu il tarixdə eyni niyyətlə 21000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 35700 manat pulu ondan alaraq, 24.06.2019-cu il tarixdə qazanc adı ilə 4500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 7650 manat pulu verməklə, 18.06.2019-cu il tarixdə eyni niyyətlə 18000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 30600 manat pulu ondan alaraq, 27.06.2019-cu il tarixdə qazanc adı ilə 4800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8160 manat pulu verməklə, 19.06.2019-cu il tarixdə eyni niyyətlə 5800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 9860 manat pulu ondan alaraq, 27.06.2019-ci il tarixdə qazanc adı ilə 1200 ABŞ dolları, (həmin dövrün məzənnəsi ilə 2040 manat pulu verməklə, 21.06.2019-cu il tarixdə eyni niyyətlə 14000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 23800 manat pulu ondan alaraq, 28.06.2019-cu il tarixdə qazanc adı ilə 2800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4760 manat pulu verməklə, sonuncu dəfə 25.06.2019-cu il tarixdə eyni niyyətlə 10000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17000 manat pulu ondan alaraq, 28.06.2019-cu il tarixdə qazanc adı ilə 1800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3060 manat pulu verərək ümumilikdə 2019-cu ilin aprel ayının isitntaqla 2019-cu ilin may ayının 25-i də daxil olmaqla həmin müddət ərzində 188300 ABŞ dolları, həmin dövrün məzənəsi ilə 320110 manat məbləğində ona məxsus pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sui-istifadə etməklə etibardan sui-istifadə etmə və aldatnma yolu ilə ona külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə onun əmlak hüquqlarının və“X2” MMC-nin qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən saxta rəsmi sənəd istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır, mövcud işlə əlaqədar törətdiyi əmələ görə cavabdehə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, məhkəmənin çıxardığı hökmdən razı olmadığı üçün apellyasiya şikayəti vermiş, məhkəmənin hökmündə onun mülki iddia qaldırmaq hüququnun olması saxlanılmışdır, bu müddət ərzində 188300 ABŞ dolları pulu cavabdehin aldığını və həmin puldan gəlir adlı ilə qeyd edilən müddət ərzində 33220 ABŞ dolları məbləğində pul ona qaytarmışdır, beləlikə cavabdeh ona 188300 ABŞ dolları həcmində maddi ziyan vurmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.09.2020-ci il tarixli, 1(101)-570/2020 saylı hökmündən görünür ki, həmin cinayət işi üzrə məhkəmə iclasında İddiaçı olduğu mülki iş üzrə verdiyi ifadəyə uyğun izahat verərək, Cavabdeh İddiaçı 188300 ABŞ dollar pul aldığını, 84920 ABŞ dolları pulu ona qaytardığını, hazırda İddiaçı 103380 ABŞ dolları borcu qaldığını bildirmişdir. Həmçinin həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinib 8 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh məhkəmə hökmü ilə cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, bunun nəticəsində isə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir, həmin maddi ziyan 103380 ABŞ dolları məbləğindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hüquqazidd əməlləri nəticəsində ona dəymiş maddi ziyanı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçıya vurduğu maddi ziyana görə 103380 ABŞ dolları İddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq 30 manat Cavabdeh İddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 103380 (yüz üç min üç yüz səksən) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü Azərbaycan məzənnəsi ilə hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar