Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8922/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fəadil oğlundan iddiaçının xeyrinə 110.000 manat əsas borcun, 2.750 manat faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 402.25 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 may 2023-cü il tarixdə Cavabdeh ilə aralarında 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi notariat ofisinin Xüsusi Notariusu Ə.M.Əmirəliyevin təsdiq etdiyi kredit müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı cavabdehə 110.000 manat pul vəsaitini borc verməli, o isə həmin borcu 19 may 2025-ci il tarixə kimi qaytarmalı idi. Daha sonra 01 fevral 2024-cü il tarixdə tərəflər 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi notariat ofisində 19 may 2023cü il tarixli kredit müqaviləsinin borcun qaytarılmasının tarixi bəndinə dəyişiklik etmişlər və borcun 14 aprel 2024-cü il tarixə kimi qaytarılacağını razılaşdırmışlar. Dəfələrdə aralarında danışıqlar aparılmasına, dəfələrlə söz verməsinə baxmayaraq cavabdeh borcu hazırkı vaxta kimi qaytarmamış, müqavilə şərtlərini icra etməmişdir. 16 may 2024 tarixdə pretenziya qaydasında müraciət edib, tələb etmişdir ki, 10 gün müddətində borcu qaytarılsın, əks halda qanunvericikliklə müəyyən edilmiş hüquq müdafiə vasitələrindən istifadə etməklə borcun alınması üçün tədbirlər görəcək. Pretenziya eyni tarixdə cavabdeh tərəfindən ididaçıda qalan nüsxəsində imza edilməklə əlbəəl qəbul edildi, bundan sonra da cavabdeh söz verməkdə davam etdi, lakin borcu qaytarmadı. Eyni zamanda 17 oktyabr 2024 tarixli pretenziyanı cavabdehin həm faktiki, həm də qeydiyyat ünvanına göndərmişdir. Qeydiyyat ünvanına göndərilən poçt zərfi “bizə aid deyil" poçt qeydi ilə geri qaytarıldı, faktiki ünvanına göndərilən pretenziya isə AZİ067 saylı poçt şöbəsinin 21 oktyabr 2024 tarixli cavabına əsasən 21 oktyabr 2024 tarixdə ona çatdırılmışdır. Borcun yaranma tarixindən hal-hazıradək 6 aydan artıq müddət keçmişdir. Hesab edir ki, cavabdeh əsas borcla yanaşı Mülki Məcəllənin 445-ci maddəsi ilə müəyyən edilmiş faiz borcu da ödəməlidir. 6 aylıq faizlər 2.750 manat təşkil edir (110.000 manat x 12 ay / 2 x 5%). Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə xərci olaraq vəkilə ödədiyi 320 manat xidmət haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, tərəflər arasında 19 may 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 110.000 manat məbləğində pulu notariusun bankda olan depozit heabı vasitəsilə borc vermiş, borcalan krediti 19 may 2025-ci il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, kredit faizsiz verilmişdir. Daha sonra tərəflər 19 may 2023-cü il tarixli kredit müqaviləsinin 2-ci bəndinə düzəliş edilməsilə bağlı razılığa gələrək 01 fevral 2024-cü il tarixdə müqavilə bağlamışlar, həmin düzəliş müqaviləsinə əsasən tərəflər 19 may 2023-cü il tarixli kredit müqaviləsinin 2-ci bəndində qeyd edilən 19 may 2025-ci il tarixin 14 aprel 2024-cü il kimi oxunması barədə razılığa gəlmişlər. Təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün fərdi Vəkil 320 manat vəsait ödəmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, bununla da onun borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.3-cü maddəsinə görə Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə pul vəsaiti vermişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 14 aprel 2024-cü il tarixinədək müqavilə üzrə borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pulu almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pul məbləğini müqavilədə göstərilən tarixədək ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında pulu almasına dair hüququndan istifadə etmiş, lakin onun geri qaytarılmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə 2.750 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh 14 aprel 2024cü il tarixdə qaytarmalı olduğu halda, öhdəliyin icrasını iddianın verildiyi 04 noyabr 2024-cü il tarixədək 6 ay müddətinə icra etməmiş və pulu qaytarmamışdır. Odur ki, iddiaçı qanunvericiliyə əsasən illik 5% məbləği tələb etməkdə haqlıdır. Hesablama 14 aprel 2024cü il tarixdən iddianın verildiyi 04 noyabr 2024-cü il tarixədək aparılmış, həmin dövrü əhatə edən 6 ay üçün 2.750 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hazırkı mülki iş üzrə fərdi qaydada fəaliyyət göstərən vəkili ilə təmsil olunur və hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən vəkilin hesabına 320 manat pulun ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən, məhkəmə iddianı bu hissədə də əsaslı sayır. Beləliklə, yuxarıda istinad olunanlara əsaəsn, Cavabdeh 110.000 manat pul vəsaiti, əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 2.750 manat pul vəsaiti və hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 320 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 403.35 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 402.25 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 402.25 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməli, qalan 1.10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 110.000 (bir yüz on min) manat, əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 2.750 (iki min yeddi yüz əlli) manat pul vəsaiti, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 402.25 (dörd yüz iki manat iyirmi beş qəpik) manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1.10 (bir manat on qəpik) manatı İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8922/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8922/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver