Məhkəmə qərarları › İş №2(011)-893/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-893/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-893/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 59.248,40 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı 23 aprel 2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2022-ci il üzrə gecikdirilmiş vaxt üçün 3.609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi: 3.669 manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Gündüz oğlundan 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,40 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2522/2019 saylı 21 fevral 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4780/2019 saylı 03 iyul 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)-1184/2018 saylı 06 noyabr 2018-ci il tarixli qətnaməsinin qanuni və əsaslı olması təsdiq olunmuşdur. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,40 manat (53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün 5% olmaqla illik 2.960,92 manat, 2 illik 5.921,84 manat zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat (ümumilikdə 6.451,84 manat) pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin 2(011)-634/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və bu günədək icra olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh 4.132,54 manat indeksasiya məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmiş və icraya yönəldilərək Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına qəbul edilmişdir. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh 2.349,10 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş və icra sənədi icraya yönəldilərək Xətai rayon İcra şöbəsinə veirlmişdir. Göründüyü kimi hazırkı vaxtadək 4 icra sənədi ilə bağlı ümumilikdə 72.181,88 manat vəsaitin 2022-ci il üçün Cavabdeh tərəfindən ödənilməsi gecikdirilməklə geri qaytarılmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, cavabdehin iddiaçıya 59.218 manat borcu vardır. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Qətnamə icra edilməsi üçün icraya yönəldilsə də hazırda icra edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, tərəflər arasında borc münasibətləri olmuş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən cavabdehin iddiaçıya 59.218 manat (59.248,40 manat rüsumla birlikdə) borcu vardır. İddiaçı cavabdeh borcunu vaxtında icra etmədiyinə görə ona dəymiş ziyanı sonuncudan tələb etmişdir. Bununla bağlı müvafiq məhkəmə qətnamələri də iş materiallarında mövcuddur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,40 manat (53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5 faiz olmaqla illik 2.960,92 manat, iki illik 5.921,84 manat maddi zərərin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı 23 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı xeyrinə indeksasiya məbləği olaraq 4.132,54 manatın, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-520/2022 saylı 26 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 2.304,10 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırkı tələblə iddiaçı bu günə qədər cavabdehin öhdəliyini icra etməməsi nəticəsində onun xeyrinə çıxmış qətnamələr üzrə bütün vəsaitləri toplayaraq onların vaxtında icra edilməməsinə görə məbləğin 5 faizi miqdarında vəsait tələb edir. Məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, MM-nin 445.7-ci maddəsinə əsasən faizdən faiz tutulması qadağandır. Odur ki, iddia tələbi əsas borcun, yəni 59.218 manatın vaxtında ödənilməməsinə görə 2022-ci il üçün 5 faiz tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. 59.218 manatın illik 5 faizi 2.960,90 manat təşkil edir. Odur ki, iddiaçının xeyrinə istinad olunan məbləğ tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 60 manat dövlət rüsumunun 49.20 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qalan 10.80 manatı İddiaçı özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218,40 manat (53.000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2022-ci il üzrə gecikdirilmiş vaxt üçün 5 faizi olmaqla 2.960,92 (iki min doqquz yüz altmış manat doxsan iki) manat məbləğində maddi ziyan İddiaçı ödənilsin. Ödənilmiş 60 manat dövlət rüsumunun 49.20 (qırx doqquz manat iyirmi qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilsin, qalan 10.80 (on manat səksən qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar