Məhkəmə qərarları › İş №2(011)-895/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-895/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-895/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 11.11.2018-ci il tarixli müqaviləyə əsasən Alyans-Paris 2 qapılı vitrin, masa, kamod, Venetsiya mebel əşyası, Doshek Uretan, yataq dəsti üçün 1022 (bir min iyirmi iki) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat cərimə, 01.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94418 olan Nokia 2720 Flip markalı telefon üçün 213.4 (iki yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 21.6 (iyirmi bir manat altmış qəpik) manat cərimə, 12.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********66682 və **********69300 olan 2 ədəd X3 8 markalı telefon üçün 1064.2 (bir min altmış dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 106.8 (bir yüz altı manat səkkiz qəpik) manat cərimə, ümumilikdə 2530 (iki min beş yüz otuz) manat borc və 45.3 (qırx beş manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 11.11.2018-ci il, 01.03.2020-ci il və 12.03.2020-ci il tarixli müqavilələrə əsasən, Alyans-Paris 2 qapılı vitrin, masa, kamod, Venetsiya mebel əşyası, Doshek Uretan, yataq dəsti, İMEİ kodu **********94418 olan Nokia 2720 Flip markalı telefon, İMEİ kodu **********66682 və **********69300 olan 2 ədəd X3 8 markalı telefon almış və nəticədə 2530 (iki min beş yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.11.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3512 (üç min beş yüz on iki) manat (yəni 24 ay x 146 manat + 8 manat ilkin ödəniş) olan Alyans-Paris 2 qapılı vitrin, masa, kamod, Venetsiya mebel əşyası, Doshek Uretan, yataq dəsti üçün ümumilikdə 1124 (bir min yüz iyirmi dörd) manat olmaqla, ondan 1022 (bir min iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102 (bir yüz iki) manat cərimə, 01.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342.4 (üç yüz qırx iki manat qırx qəpik) manat (yəni 18 ay x 18.9 manat + 2.2 manat ilkin ödəniş) olan İMEİ kodu **********94418 olan Nokia 2720 Flip markalı telefon üçün ümumilikdə 235 (iki yüz otuz beş) manat olmaqla, ondan 213.4 (iki yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.6 (iyirmi bir manat altmış qəpik) manat cərimə, 12.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1161.6 (bir min yüz altmış bir manat altmış qəpik) manat (yəni 24 ay x 48.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********66682 və **********69300 olan 2 ədəd X3 8 markalı telefon üçün ümumilikdə 1171 (bir min yüz yetmiş bir) manat olmaqla, ondan 1064.2 (bir min altmış dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 106.8 (bir yüz altı manat səksən qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin 11.11.2018-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi 31.05.2020-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 2716.4 (iki min yeddi yüz on altı manat qırx qəpik) manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2018-ci il tarixli, 00369228 saylı müqaviləyə əsasən "xxxx" MMC Alyans-Paris 2 qapılı vitrin, masa, kamod, Venetsiya mebel əşyası, Doshek Uretan, yataq dəsti satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 24 ay müddətinə hər ay 146 manat məbləğində olmaqla, ilkin 8 manat ödəniş etməklə cəmi 3512 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli, 20136635 saylı müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********94418 olan Nokia 2720 Flip markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 18.9 manat məbləğində olmaqla, ilkin 2.2 manat ödəniş etməklə cəmi 342.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli, 20169091 saylı müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********66682 və **********69300 olan 2 ədəd X3 8 markalı telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 24 ay müddətinə hər ay 48.4 manat məbləğində olmaqla, ilkin 0 manat ödəniş etməklə cəmi 1161.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 29.11.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 11.11.2018-ci il tarixli müqavilə üzrə 1022 manat əsas, 102 manat cərimə, 01.03.2020-ci il tarixli müqavilə üzrə 213.4 manat əsas, 21.6 manat cərimə, 12.03.2020-ci il tarixli müqavilə üzrə 1064.2 manat əsas, 106.8 manat cərimə, ümumilikdə 2530 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehdən əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 45.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borc məbləğlərinə mütənasib olmadığıdan 11.11.2018-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 102 manat məbləğində deyil, 71.54 manat məbləğində, 01.03.2020-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 21.6 manat məbləğində deyil, 14.94 manat məbləğində, 12.03.2020-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 106.8 manat məbləğində deyil, 74.50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 45.3 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11.11.2018-ci il tarixli, 00369228 saylı müqavilə üzrə əsas borca görə 1022 (bir min iyirmi iki) manat, cərimə borcuna görə 71.54 (yetmiş bir manat əlli dörd qəpik) manat, 01.03.2020-ci il tarixli, 20136635 saylı müqavilə üzrə əsas borca görə 213.4 (iki yüz on üç manat qırx qəpik) manat, cərimə borcuna görə 14.94 (on dörd manat doxsan dörd qəpik) manat, 12.03.2020-ci il tarixli, 20169091 saylı müqavilə üzrə əsas borca görə 1064.2 (bir min altmış dörd manat iyirmi qəpik) manat, cərimə borcuna görə 74.50 (yetmiş dörd manat əlli qəpik) manat, cəmi 2460.58 (iki min dörd yüz altmış manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 45.3 (qırx beş manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar