Məhkəmə qərarları › İş №2(011)-900/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-900/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-900/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx xxxxx 2011-ci il təvəllüdlü X3, xx xxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əmək haqqının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutularaq cavabdehlərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 ilə xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin münasibətindən xx xxxxx 2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra tərəflərin münasibəti yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli 2(011)-2394/2012 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan olan xx xxxxx 2011-ci il təvəllüdlü X1 üçün İddiaçı qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı daha sonra xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx xxxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflərin münasibəti pisləşdiyindən Cavabdeh1 məhkəməyə nikahın pozulması və aliment tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(011)-4312/2020 saylı qərardadı ilə mülki iş üzrə qətnamə çıxarılanadək xx xxxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 üçün xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay cavabdehə qazanc və gəlirlərinin 1/3 həcmində müvəqqəti alimentin tutulması qət edilmişdir. İddiaçının əmək haqqı 1150 manat təşkil edir. Onun başqa gəliri yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah münasibətlərindən xx xxxxx 2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. İddiaçı xx xxxxxx 2013-cü il tarixdə yenidən ailə həyatı qurmuş, bu nikahdan iki övladı anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli qətnaməsi ilə xx xxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən Məcəllənin 112.1-ci maddəsinin məzmunundan görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə yol verilir. Göründüyü kimi qanunverici prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə iş materiallarını araşdıraraq, yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək belə hesab edir ki, iş materiallarından və tərəflərin izahatından da göründüyü kimi İddiaçı qol və çanaq hissədən sümüyü sındığı üçün əməliyyat olunmuşdur. Hal-hazırda onun səhhəti ilə bağlı ciddi problemlər yaranmışdır. Vəziyyəti ilə əlaqədar olaraq iddiaçı işləyə bilməmiş, bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Eyni zamanda iddiaçı ikinci evliliyindən olan uşağının xəstə olması və müalicəyə ehtiyacı olmasını əsas gətirərək 3 uşaq üçün qanunvericilikdə nəzərdə tutulmuş alimentin məbləğinin 50% müəyyən edilməsini və uşaqlar arasında bərabər bölüşdürülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddia tələbinin təmin edilməsini, üç uşağa tutulan aliment miqdarının iddiaçının qazancının (başqa gəlirlərinin) 50 faizinin miqdarında, yəni hər uşağa görə 1/6 hissəsi müəyyən edilməsini qanuna uyğun hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli 2(011)-2394/2012 saylı qətnaməsi ilə xx xxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin miqdarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(011)-305/2021 saylı qətnaməsi ilə xx xxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulsun. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar