Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9002/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, həmin şəxsin məhkəmə iclasına çağırılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır.
5. Hazırki mülki iş üzrə iddiaçının tələbi alimentin artırılması tələbidir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Lakin iddia ərizəsində iddiaçının ünvanı Xətai rayonu kimi qeyd edilsə də şəxsiyyət vəsiqəsi məlumatları haqqında elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci il təvəllüdlü Rüstəmli X1 rayonu, 20 Yanvar küçəsi ev 116 ünvanında qeydiyyatdadır.
6. İddia ərizəsində iddiaçının ünvanı Xətai rayonu olaraq qeyd edilsə də onun Xətai rayonu ərazisində yaşamasını təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir.
7. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflərdən heç biri Xətai rayonunda qeydiyyatda olmadığından iddiaçının hazırki iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması yol verilməzdir, bu son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur.
8. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.
9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova