Məhkəmə qərarları › İş №2(011)-903/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-903/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-903/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4886 saylı müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzi kimi 5.600 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 77 manat pulun, ümumilikdə 5.677 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Grandeur” minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, KMHF441CBJA164340 şassi nömrəli, ağ rəngli, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 10.000 manat, 36 ay müddətinə, hər ay üzrə 1.201 manat ödəniş etməklə, 53.200,05 manata satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh “Hyundai Grandeur” minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, KMHF441CBJA164340 şassi nömrəli, ağ rəngli, **-YS- *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin ödəniş 10.000 manat, 3 ay 1.201 manat ödəniş etmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 39.597,05 manat məbləğində əsas borcu qalmışdır. Tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 100 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 50 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirildiyi hər gün üçün 100 manat məbləğində icarə (50x100=5.000) haqqı hesablanmaqla 5.000 manat məbləğində icarə haqqı yaranmışdır. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 50 gün istifadə edərək ödəniş etmədiyindən gecikdirildiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 600 manat məbləğində cərimə pulu hesablanmışdır. Göstərilən pul tələblərinin ümumi məbləği 5.600 manat manat təşkil edir. xx.xx.2024-cüil tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinin 5.1.3-cü bəndinə əsasən alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2024-cüil tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilə üzrə alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə alıcı satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (polis, prokurorluq, məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1 bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2 bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, cavabdeh 10.000 manat ilkin ödəniş edib, sonra cəmi 3 dəfə ödəniş edib. Bununla bağlı maliyyə arayışı var. Cavabdehin sonuncu ödənişi xx.xx.2024-cü il tarixində olmuşdur. Hal-hazırda avtomobil iddiaçıdadır, 23 oktyabr 2023-cü il tarixdə avtomobili yol polisinə şikayət edəndən sonra geri alıblar. Cavabdeh sonuncu dəfə 2024-cü ilin avqust ayı üçün 1.201 manat ödəniş etdiyindən, icarə haqqının hesablanması xx.xx.2024-cü il tarixdən avtomobilin geri alındığı xx.xx.2024-cü il tarixədək olmalıdır. Həmin məbləğ cəmi 50 gün üçün gündəlik 100 manatdan hesablanmaqla, 5.000 manat təşkil edir. Bundan savayı 50 gün gecikmə müddəti üçün ödənilməli olan məbləğin (1.201 manat) 0.1% həcmində, yəni hər gün üçün 12 manat məbləğində hesablanmaqla, cavabdehdən cəmi 600 manat məbləğində cərimə də tutulmalıdır. Qeyd olunan məbləğlərin cəmi olan 5.600 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, yol polisi 23 oktyabr 2023-cü il tarixdə “Saray” postunda onu saxlayıb maşınını əlindən almışlar. Maşın rəsmi olaraq heç bir yerdə axtarışa verilməmişdir. Sonra o, “Okean Avto”-ya yaxınlaşaraq, cərimə pulu və aylıq gecikmiş ödənişləri etmək istəmişdir. Ona orada bildirilmişdir ki, əlavə olaraq 400 manat məbləğində yol polisinə pul verməlidir. O, rüşvət verməkdən imtina etdiyinə görə iddiaçı təşkilat onun sonrakı ödənişlərini qəbul etməmiş, ödəmək istədiyi gecikmə faizlərindən və bütövlüklə müqavilədən imtina etmişdir. Daha sonra iddiaçı təşkilat ona qarşı məhkəmədə bu iddianı vermişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, ümumiyyətlə bu avtomobilin yol polisi tərəfindən saxlanılması tamamilə qanunsuzdur. Xüsusilə vurğulayır ki, avtomobil saxlanıldıqdan dərhal sonra deyil, 14 gün sonra dövlət yol polisi tərəfindən protokol tərtib olunmuşdur. İddiaçı “Okean Avto”-nun tərtib etdiyi müqavilələr heç bir yerdə qeydiyyata alınmır. O bildirmişdir ki, tərəflər arasında bağlanılması istinad olunan əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Hesab edir hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, qanunvericiliyin bununla əlaqədar tələbləri pozulmuşdur. İş üzrə iddiaçı "xxxx" ilə Cavabdeh arasında bağlanmış 18 may 2024-cü il tarixli 4886 saylı müqavilə etbarsız elan edilməli və hazırki iddia üzrə cavabdeh "xxxx" MMC-dən Cavabdeh ödədiyi 10.000 manat ilkin ödəniş, qanunsuz olaraq alınmış 1.000 manat yol polisinə aid xərclər və 3.600 manat aylar üzrə ödənilmiş - cəmi 14.600 manat pul məbləği tutularaq Cavabdeh qaytarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2024-cü il tarixli 4886 saylı müqavilədən görünür ki, satıcı X3 etibarnaməsi əsasında "xxxx" MMC tərəfindən 2018-ci il buraxılışlı “Hyundai Grandeur” minik markalı avtomobil alıcı Cavabdeh qiyməti müqavilə ilə 53.200 manat müəyyən edilməklə satılmışdır. Alıcı avtomobilin dəyərindən ilkin olaraq 10.000 manat ödəniş etmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2027-ci il müəyyən edilmişdir. Müqavilənin 4.5-ci maddəsinə əsasən “Alıcı” avtomobilə görə aylıq ödənişləri gecikdirdiyi halda, avtomobili götürdüyü və ya təhvil aldığı gündən, təhvil verdiyi günə qədər “Satıcı”-ya Bakı şəhəri “rent a car” şirkətlərinin qiymətinə uyğun olaraq avtomobilin marka və modelinə aid hər gün üçün 50-100 manat civarında istifadə haqqı ödəməlidir. Müqavilənin 4.6-cı maddəsinə əsasən “Alıcı” avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda, “Satıcıya”-ya, avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə gədər gecikdirdiyi hər gün üçün hər ayın aylıq ödənişinin (artan) 1%-i məbləğində cərimə ödəyir. Müqavilənin 5.1.3-cü maddəsinə əsasən “Alıcı”-dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, avtomaşının harda və kimdə olmasından asılı olmayaraq evakuator vasitəsi ilə götürüb öz dayanacağına yerləşdirmək, avtomobilin sürülməsinə məhdudiyyət qoymaq üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə “Satıcı”-nın əməkdaşları tərəfindən açıb götürmək, qeyd olunanlarla bağlı çəkilən xərcləri “Alıcı”-dan tələb etmək, birtərəfli olaraq müqaviləni ləğv edərək avtomobili yenidən satışa çıxarmaq satıcının hüququdur. Müqavilənin 5.1.4-cü maddəsinə əsasən “Alıcı”-dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşının saxlanılaraq cərimə meydançasına qoyulması barədə Azərbaycan Respublikası DYPİ-ə müraciət olunacaq və avtomaşının saxlanılaraq cərimə meydançasına qoyulması üçün hüquqşünasa ödəniləcək 300 (üç yüz manat) manat məbləğində xidmət haqqı “Alıcı”-dan tələb etmək satıcının hüququdur. Müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Grandeur” minik markalı **-YS-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədvəlindən görünür ki, hər növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 1.201 manat, sonuncu ödəniş isə xx.xx.2022-ci il üçün isə 1.165,0493 manat müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Grandeur” minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, KMHF441CBJA164340 şassi nömrəli, ağ rəngli, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 10.000 (on min) manat, 36 ay müddətinə, hər ay üzrə 1.201 (min iki yüz bir) manat ödəniş etməklə, 53.200,05 (əlli üç min iki yüz manat beş qəpik) manata satılmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 100 (yüz) manat məbləğində icarə haqqı ödənilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 3500 manat və 6500 manat, xx.xx.2024-cü il tarixdə 1.200 manat, xx.xx.2024-cü il tarixdə 1.200 manat, xx.xx.2024cü il tarixdə 1.200 manat ödənişlər edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, “Hyundai Grandeur” minik markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh hissə-hissə ödəniş şərti ilə satılmış, avtomobilin ümumi satış dəyəri 53.200,05 manat müəyyən edilmişdir. Cavabdeh 10.000 manat məbləğində ilkin ödəmişdir, daha sonra hər ayda 1.201 manat olmaqla, növbəti üç ay üçün nəzərdə tutulmuş 3.609 manat ödənişini etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyinə görə hər gün üçün ödənişin 1%-i olmaqla, 600 manat məbləğində cərimənin ödənilməsi barədə iddia tələblərinə qiymət verərək məhkəmə hesab edir ki, qeyd edilən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsi halıdır ki, tərəflərin müqavilə razılaşmasına əsasən cavabdeh iddiaçıya 3 dəfə olmaqla, hər dəfə 1.201 manat həcmində hissə-hissə ödəniş etmişdir. Müqavilənin ödəniş cədvəlinə görə dördüncü növbəti ödənişin icra vaxtı xx.xx.2024-cü il tarixidir. Həmin ödəniş cavabdeh tərəfindən icra edilməmişdir və bu müqavilə öhdəliklərinin pozulmasına səbəb olmuşdur. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən pozulması işin mübahisəsiz halı olmuşdur. Bunun nəticəsində iddiaçı təşkilat müqavilədən imtina edərək, xx.xx.2024-cü il tarixdə sözügedən avtomobili cavabdehdən geri almışdır. Dördüncü növbəti ödənişin icrasına dair cavabdehin öhdəliyi xx.xx.2024-cü il tarixdən yarandığından, ödənişin gecikdirilməsi ilə bağlı cərimə ödənişləri xx.xx.2024-xx.xx.2024-cü il (avtomobilin iddiaçıya qaytarıılmasınadək) dövrü üçün hesablanmalıdır. Həmin dövr 1 ay 5 gün olmaqla, 35 günlük müddət üçün gündəlik ödənilməli olan məbləğin (1.201 manat) 1% olmaqla (12 manat), cəmi 420 manat cərimə hesablana bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 300 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Buna görə də müqavilənin 4.6-cı bəndinə əsasən cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilərək, 300 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müqavilənin 4.5-ci bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi halda, gecikdirilmiş hər gün üçün 100 manat məbləğində, cəmi 5.000 manat məbləğində icarə haqqının tutulması barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, mülki iş üzrə yaranmış münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Tərəflər arasında icarə müqaviləsinin bağlanılması və ya icarə haqqının ödənilməsinə dair razılaşmanın mövcud olması iş materialları ilə təsdiq olunmadığınan, qeyd olunan hissədə iddia tələbləri təmin edilməli deyil. Məhkəmə qeyd edir ki, tərəflərin eyni anda icarə və nisyə alqı-satqı münasibətlərinə daxil olmaları ağlabatan deyildir. Məhkəmə müəyyən edir ki, tərəflərin arasında yaranmış münasibətlərə icarə deyil, nisyə alqı-satqı müqaviləsi barədə müvafiq mülki hüquq normaları tətbiq edilməlidir və yaranmış mübahisə həmin normaların tələbləri çərçivəsində həll edilməlidir. xx.xx.2024-cü il tarixli 4886 saylı müqavilənin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədiyindən, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Buna görə də qeyd edilən hissədə iddia tələbləri təmin edilərək xx.xx.2024-cü il tarixli 4886 saylı müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianın 77 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin edilmiş iddianın həcminə uyğun olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış “Hyundai Grandeur” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair 4886 saylı, xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış “Hyundai Grandeur” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 4886 müqaviləyə əsasən 300 (üç yüz) manat məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar