Məhkəmə qərarları › İş №2(011)-9132/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9132/2021

18.12.2021 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9132/2021 18.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək xəsarətinə görə müavinət məbləğinə yenidən baxılması və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1410/2007 saylı 02.11.2007-ci il tarixli Qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 944,56 manat tutulması və 2007-ci ilin noyabrın 1-dən başlayaraq hər ay İddiaçı 38,50 manat ödənilməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1410/2007 saylı 02.11.2007-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, iddia tələbi üzrə yeni əsaslar müəyyən olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iş materiallarından iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən hər hansı bir sənədin olması görünmür. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2.-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 153, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək xəsarətinə görə müavinət məbləğinə yenidən baxılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar